06 noyabr 2023 16:49
387

"Dəmir yumruğ"un Zəfəri

2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar oldu.  Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Şübhəsiz, bu, Ermənistan ordusunun öz havadarlarına arxalanaraq Azərbaycana qarşı törətdiyi növbəti təxribat  ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin davamı idi. Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq beynəlxalq normalara əsasən əks-hücum əməliyyatı üçün əmr verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində dedi: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?!”

Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatının ilk günlərində Füzuli və Cəbrayıl rayonları istiqamətində bir çox strateji məntəqələr, o cümlədən Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Nuzgar, Şərvənj kəndləir erməni daşnaklarından azad olunaraq irimiqyaslı hərbi əməliyyatlar davam etdirildi. Oktyabrın 3-də Füzuli, Cəbrayıl, Tərtər rayonlarının 8 kəndi, o cümlədən Madagiz erməni faşistlərindən təmizləndi və orada bayrağımız qaldırıldı. Bu möhtəşəm uğurdan bir neçə gün sonra bu kəndin tarixi adı da Prezidentimiz tərəfindən bərpa edildi: Suqovuşan. Cənub cəbhəsi boyu irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, həmçinin bu rayonun 10 kəndini, sonrakı gün isə daha 3 kəndini azad edən müzəffər ordumuz oktyabrın 9-da Hadrut qəsəbəsini düşməndən təmizləyərək Xocavənd rayonunun ərazisində əlverişli mövqelərə yiyələndi və elə həmin gün daha 8 kəndimizə yeni həyat bəxş etdi. 

Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuzun ermənilər tərəfindən uydurulan “məğlubedilməz erməni ordusu” mifini məhv etməsi Ermənistan hakimiyyətini atəşkəsə məcbur etdi. Nəticədə Rusiyanın təşəbbüsü ilə münaqişə tərəflərinin xarici işlər nazirlərinin iştirakı ilə Moskva şəhərində 9-10 oktyabrda keçirilən görüşdə atəşkəslə bağlı razılıq əldə edildi. Buna baxmayaraq, razılaşmadan bir neçə saat keçməmiş mənfur düşmən yenidən hücum cəhdi göstərdi. Əks-hücuma keçən Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının 24 kəndini,  oktyabrın 17-də bayraq asmağa bircə salamat binanın qalmadığı Füzuli şəhərini işğalçılardan təmizlədi, 18-də Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı. Yeri gəlmişkən qeyd edək ki, televiziya ilə xalqa müraciətində Füzuli şəhərinin azad edilməsinin çətinliyini xüsusi vurğulayan, 30 il ərzində düşmənin orada çox möhkəm istehkamlar qurduğunu söyləyən Ali Baş Komandanımız öz “Twitter” səhifəsində bu sözləri də yazdı: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”

Oktyabrn 20-də isə Zəngilan şəhərini erməni qəsbkarlarından təmizləyən  ordumuz oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsini azad edərək İranla olan dövlət sərhəddimizi tam nəzarətə götürdü. Ordumuzun müzəffər yürüşündən qorxuya düşən Ermənistan bu dəfə ABŞ-a müracət etməklə atəşkəsə nail oldu. Amma ertəsi günün səhər saatlarında düşmən ölkənin ordusu yenidən Azərbaycanın mövqelərinə hücum etdi. Əks-hücuma keçən Silahlı Qüvvələrimiz Laçın dəhlizinə doğru irəliləyərək Dağlıq Qarabağdakı separatçı ünsürlərlə Ermənistanı birləşdirən əsas magistral yolun 10 kilometrliyindən artilleriya vasitəsilə buraya nəzarət etməyə başladı. Oktyabrın 25-də Qubadlı şəhəri də işğaldan azad edildi. Oktyabrın sonlarına qədər bir çox yaşayış məntəqələrimizdəki erməni silahlılarını darmadağın edən müzəffər Ordumuz  strateji Şuşa-Laçın yolunun bir hissəsinə də nəzarəti ələ keçirdi.

Noyabrın 8-də ordumuz dünya hərb tarixinə yazılacaq əməliyyat keçirməklə Şuşa şəhərindən erməniləri məşhur ifadə ilə desək, iti qovan kimi qovdu. Bu çoxdan bəri gözlənilən şad xəbəri, müjdəni: “Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar”  deyən Prezident İlham Əliyev müqəddəs bir məkandan - Şəhidlər xiyabanından xalqa çatdırdı: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır”.

Şuşa azad edildikdən sonra, yəni noyabrın 9-u Dövlət Bayrağı Günündə Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 10-a yaxın yüksəkliyi işğaldan azad etdi. Bununla hərbi əməliyyatlar gedişində işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 300-ə çatdı. Şuşanın azad edilməsi ilə Ermənistan öz məğlubiyyəti ilə barışmalı, kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu da noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən birgə Bəyanat qəbul edilməklə nəticələndi. Bəyanata əsasən, Ağdam şəhəri, Kəlbəcər, Laçın rayonları hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarıldı.

Bir sözlə, Azərbaycan cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini qlobal pandemiyanın davam etdiyi şəraitdə böyük Zəfərlə başa çatdırdı və öz ərazi bütövlüyünü təmin etdi. Bu, həqiqətən tarixi bir Zəfər idi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. Bəli, 27 sentyabr 2020-ci il tariximizdə yeni bir mərhələnin başlanğıcı oldu və həmin gün başlayan Vətən müharibəsi  10 noyabrda bizim tarixi Zəfərimizlə tamamlandı. İtirdiyimiz torpaqlarımızla yanaşı, qürurumuzu, şərəfimizi də geri ala bildik. İki əsrdən artıq üstümüzə gələn və hər gəlişində də bir şeylər qoparan arxalı köpək qarşımızda tar-mar oldu. Bu gün artıq bütün qara ləkələrin silindiyi tərtəmiz bir təqvimimiz var.

Prezident bu müzəffər yürüşü və onun iştirakçılarını əbədiləşdirmək məqsədilə  bir neçə mühüm Fərman və Sərəncam imzaladı. Bu sənədlər əsasında 8 noyabr Zəfər Günü və 27 sentyabr Anım Günü kimi təsis edildi. Şübhəsiz, bu möhtəşəm Zəfərimizdə  xalq-ordu, xalq-Prezident birliyi də mühüm rol oynadı. Belə ki, ölkəmizin bütün vətəndaşları etnik, sosial, dini baxımdan birlik nümayiş etdirdi, könüllü olaraq ön cəbhəyə can atdılar. Bir sözlə, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Məhz vətəndaşlarımızın bir yumruq kimi birləşməsi işğalçı Ermənistanı tamamilə sarsıtdı.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri