07 noyabr 2023 00:58
343

Əməkdaşlıq əlaqələri artan dinamika ilə inkişaf edir

Noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında X yubiley Zirvə Görüşü günümüzün reallıqlarının təqdimatı, türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün aparılan müzakirələrin yekunu olaraq imzalanan Bəyannamədə əksini tapan müddəaların perspektivləri baxımından tarixə yazıldı. Cənab Prezident İlham Əliyev türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini ötən il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə belə ifadə etmişdir: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik.

Zirvə görüşündə postmünaqişə dövrünün reallıqlarından olan sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın göstərdiyi səylərdən geniş bəhs edən ölkə Prezidenti vurğuladı ki, Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim etdi. 2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.

Yubiley Zirvə görüşü Türk dünyasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi niyyətinin növbəti nümunəsi oldu. Ümumiyyətlə, son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Belə ki, 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. O vaxt Sazişi dörd ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalamışdılar. Lakin illər ötdükcə, xüsusilə son dövrlər Azərbaycanın və Türkiyənin liderliyi ilə Şuraya üzv ölkələr arasında əməkdaşlıq və əlaqələr genişlənib, 2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına çevrildi və onun üzvlərinin sayı artdı. Hazırda təşkilatın 5 əsas - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. Bu gün Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir.

Ümumiyyətlə, Astanada tarixləşən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubi­ley Zirvə gö­rü­şü son illərin ən vacib toplantılarından biridir və Türk Dövlətləri Təşkila­tının bundan sonra daha intensiv fəaliyyət göstərəcəyinin zəmanəti oldu...

Arzu Əliyeva,
Yap Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı