06 noyabr 2023 14:03
360

Türk dünyasının birliyi sarsılmaz qardaşlıq təməlinə əsaslanır

Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü  üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm hadisədir. Dövlət başçılarının çıxışlarında əməkdaşlığın gücləndirilməsinə xidmət edən təşəbbüslərin irəli sürülməsi birliyimizi gücləndirəcək amillərdir. Zirvə görüşünün şüarının “Türk əsri” adlandırılması özlüyündə qarşıya qoyulan hədəfin göstəricisidir”.

Bu, bir önəmli faktdfr ki, Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə isti münasibətlərə həmişə diqqət yetirib. Ona görə də son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün keçirilməsi türk dünyasında əlaqələrin daha da genişləndirilməsinin bariz göstəricisidir. Son illərdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə münasibətlərin möhkəmləndirilməsi vacib sayılıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd edib ki, 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıq təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib: “Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.

Ümumiyyətlə, TDT-yə üzv dövlətlərin ümumi sahəsi 4 milyon 242 min 362 kv km, əhalisinin sayı 149 milyon 817 min 367 nəfərdir: Ümumi daxili məhsulun həcmi 1 trilyon 42 milyard 561 milyon dollardır. Müşahidəçi ölkələrin (Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası) ərazisi 581 min 129 kv km, əhalisinin sayı 15 milyon 802 min nəfər, ümumi daxili məhsulun həcmi 208 milyard 771 milyon dollardır. Bu, o deməkdir ki, TDT-nin 200 milyon nəfərin siyasi, iqtisadi, mədəni sahələrdə, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi günün tələbidir. Tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, habelə daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa üstünlük verməsi də qlobal miqyasda yaranan vəziyyətin şərtlərindən sayıla bilər. TDT-nin başlıca vəzifələrindən biri də bir-birinin təəssübünün çəkilməsi və xarici siyasət məsələsində ortaq mövqedən çıxış etməsidir.

İndi qlobal miqyasda ciddi xaos mövcuddur. O cümlədən türkdilli ölkələrdə də belə münaqişələr baş vermişdi. Belə ki, 2022-ci ilin yanvarında Qazaxıstanda, həmin ilin iyulunda Özbəkistanda baş verən hadisələr, Qırğızıstan-Tacikistan sərhədində davamlı münaqişələr və başqa məsələlər türklərin yerləşdiyi regionun da daim təhdid altında olduğunu deməyə əsas verir.

Azərbaycanın həyata keçirdiyi meqalayihələr də Türk dünyasını daha da birləşdirməyə xidmət edir. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və bir regional layihə kimi açılması planlaşdırılan Zəngəzur dəhlizi türkdilli ölkələrin iqtisadi gücünə güc qatır və qatmaqda da davam edəcək.

Hazırda Azərbaycan etibarlı tranzit ölkə kimi tanınır və ölkəmizin türk dövlətləri ilə ticarət dövriyyəsi 2023-cü ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artıb. Azərbaycanın ikitərəfli əlaqələrinə də nəzər yetirsək görə bilərik ki, bir çox sahələr üzrə türk dövlətləri ilə əlaqələr dərinləşir. Ölkə başçısı İlham Əliyev son iki ildə Qazaxıstana üç dəfə səfər edib. Zirvə görüşündə qeyd olundu ki, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı təkcə iqtisadi, siyasi və mədəni sahələrlə məhdudlaşdırılmamalı, regionda mövcud olan geosiyasi vəziyyət diqqətə alınaraq hərbi və müdafiə sənayesi kimi sahələrdə də əlaqələr gücləndirilməlidir. Dövlət başçımız qeyd edib ki, biz böyük türk dünyasının bir hissəsiyik və əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq.

Tarixi Zəfərimiz digər sahələrdə olduğu kimi, türk dünyasının birliyində də əhəmiyyətli rol oynadı. Bu birliyi bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyası bərpa-quruculuq işlərində, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında əsas rol oynayacaq sülh müqaviləsinin imzalanması prosesinə dəstəkdə, göstərilən səylərdə görürük. Türk dünyasının birliyi möhkəm təmələ əsaslanır. Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma oldu.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri