03 noyabr 2023 00:32
356

Zəfər bayrağımız varlığımızdır - ŞƏRH

8 noyabr 2020-ci il xalqımızın 44 günlük   qəhrəmanlıq salnaməsinin Qələbə müjdəsi,  «Qarabağ Azərbaycandır, nida işarəsi!» sözlərinin əbədiyyət  rəmzidir  

Təqvimin  adi günlərindən birinin- 27 sentyabr 2020-ci ilin Ermənistan üzərində qələbəmizə aparan yolun başlangıcı olacağını təsəvvür etməzdik. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistanın təcavüzkarlıq siyasətinə son qoyulmasını dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldıran, haqlı tərəf olduğu halda  işğalçı  ilə eyni səviyyədə  münasibət göstərilən  Azərbaycanın səbri tükənmişdi. Havadarlarının göstərdiyi  loyal münasibətlərdən ərköyünləşən, daha çox əraziyə sahib olmaq üçün getdikcə quduzlaşan,  sərvətlərimizi talan edib,  ata-baba yurdlarımızı viran qoyan Ermənistanın korrupsioner, xunta rejiminə rəhbərlik edənlər bir gün  Azərbaycan xalqı qarşısında cavab verəcəklərini ağıllarına belə gətirmirdilər. Baş nazir Nikol Paşinyan «Cəbrayıla yol çəkəndə»,  Cıdır düzündə «şalaxo» oynayıb,  yallı gedəndə, artıq  tarixin arxivinə  atılmış  qondarma «Dağlıq Qarabağ respublikası»nda «prezident»,  «parlament» seçkiləri keçirəndə özlərini cənnətdə hesab edən haylar cəhənnəmlərini özlərinin yaratdıqlarını, qazdıqları quyulara düşəcəklərini  xəyal belə etməzdilər. Məsələyə ikili standartlardan, antimüsəlman mövqeyindən yanaşan  beynəlxalq təşkilatların, xüsusilə  ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin hədəfi münaqişənin dondurulması idi. «Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcəklər» söyləyən Prezident İlham Əliyev qətiyyətlə  tələb edirdi ki,  Ermənistana təsir  göstərilsin, sanksiyalar tətbiq olunsun, təzyiq edilsin. Artıq  gorbagor olmuş qondarma  «Dağlıq Qarabağ respublikası»”nın parlamentinin Şuşaya köçürülməsi iddiaları,  Livandan, başqa yerlərdən  gətirilən ermənilərin qeyri-qanuni yollarla Azərbaycanın  əzəli və əbədi torpaqlarında  yerləşdirilməsini  «ədalətli proses» kimi davam etdirən haylar dədə-baba yurdumuzda at oynadırdılar.  Hadisələrin belə  mürəkkəb stiasiya ilə davam etməsi, əksinə, Azərbaycana  güzəştə  getmək təklif olunması  hayları daha da ərköyünləşdirirdi.

"Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu  bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!" söyləyən Prezident İlham Əliyev Ermənistanı həmişə dəstəkləyənlərin susqunluğunu  terrora, separatçılığa  «yaşıl işıq» kimi dəyərləndirir və işğalçıya « yaşıl işıq» yanıdıranlara etirazını bildirirdi. 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etməklə  Milli Ordumuz nəyə qadir olduğunu düşmənə göstərdi.

Sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi ilk gündən  Silahlı Qüvvələrimizin  üstünlüyü ilə davam etdi.  Ermənistanın baş naziri,  «ağıllı səfeh» Paşinyan ilk gündən ağalarına yalvararaq kömək istədi.
 Torpaqlarımızın Ermənistanın işğalından  azad olunması üçün güc toplayan, siyasi, iqtisadi, doplomatik müstəvilərdə  cəsarətli addımları ilə  diqqət çəkən   Prezident İlham Əliyev Ali Baş Komandan kimi   Silahlı Qüvvələrimizi ən müasir hərbi avadanlıqlarla, döyüş texnikaları ilə  təmin etdi.  Hər gün  düşməni ağır itkilərə məruz qoyan hərbçilərimiz 44 gün eyni əzmlə irəlilədi.

«Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin» söyləyən dövlət başçımız dünyada tanınmış KİV-lərə  müsahibələrində   Ali Baş Komandan kimi əsgər və zabitlərimizin  rəşadətindən, peşəkarlığından, döyüş qabiliyyətindən, ən başlıcası ilə vətənpərvərlik duyğularından qururla söz açırdı. Mənfur niyyətlərini  həyata keçirmək üçün islamofobiyadan istifadə edərək  milli münaqişələr yaradanlara, erməni faşizmini dəstəkləyənlərə də Qalib  ordunun Müzəffər Ali Baş komandanı  kimi  mesajlarını çatdırdı. 44 gün davam edən döyüşlər zamanı rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik,  Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər   azad edildi, o ərazilərdə  Azərbaycan Bayrağı qaldırıldı. Müqəddəs müharibəmizin Zəfər notları Şuşada səsləndirildi. Noyabrın 8-də  Ermənistanın işğalına ilk məruz qalan Şuşa şəhərinin azad edilməsi  xalqımızın qürürü, sevinci kimi tarixə yazıldı.  «İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır!» sözlərini qürurla səsləndirən Prezident İlham Əliyevin başçılıq etdiyi Silahlı Qüvvələrimiz bütün dünyaya  ən müasir döyüş təcrübəsini nümayiş etdirdi. 
«Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad edildi və Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdik» söyləyən Prezident, Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan Ordusu öz gücünü, öz qüdrətini göstərdi.  Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı. Müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanan xalqımız dövlətçilik tariximizə Şuşa Zəfərini birliyi, həmrəyliyi ilə yazdı. Azərbaycan xalqı  qüdrətini,  sarsılmazlığını, Vətənə bağlılığını,  yüksək mənəvi ruhunu göstərdi. İradəsi, əzmkarlığı ilə  tarixi missiyanı yerinə yetirdi. «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik» söyləyən, Ali Baş Komandan kimi vədini yerinə yetirən   dövlət başçımız artıq  quruculuq işləri ilə bağlı  verdiyi sözü yerinə yetirir.

Şuşanın işğaldan azad olunmasını Milli Ordumuzun rəşadəti, xalqımızın birlik və həmrəylik rəmzi adlandıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik…Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik» sözləri  qalib sərkərdənin babalarımızdan miras qalan  qəhrəmanlıq  ənənələrinə sadiqliyidir.

 Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi  «Dəmir  yumruq» əməliyyatı düşmənin belini qırdı. Xalqımızın Zəfər müjdəsi oldu. Noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə  Şəhidlər xiyabanından Azərbaycan xalqına təbrikini ««Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə varisliyə sadiqliyini də bildirdi. Artıq Şuşa dirçəliyr,  siması daha da  gözəlləşir. Döyüş meydanında qazanıdığımız bu Qələbənin  tariximizdə əbədi qalacağını  Zəfəri ilə  bütün dünyaya bəyan edən xalqımız sübut etdi ki,  Qarabağ əzəli Azərbaycan torpağıdır. Qüdrətli Azərbaycan  BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qərar və  qətnamələrini öz gücü ilə həll etmək qüdrətinə malikdir.
 Artıq işğaldan azad olunmuş torpaqlarımzda döyüş deyil, quruculuq əhval-ruhiyyəsi duyulur. Keçmiş köçkünlər doğma yurdlarına Zəngilana, Ağdama, Laçına, Kəlbəcərə… qayıdırlar. İllərdən bəri doğmaları üçün qəribsəyən,  inşaat meydanlarını xatırladan   torpaqlarımızda körpə gülüşləri eşidilir,  insanlar əkin-biçinə başlayırlar.
 Şuşaya səfərləri zamanı  Saatlı, Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa məscidlərini ziyarət edən, dini ocaqlarımızın bərpası ilə bağlı tövsiyələrini verən Prezident İlham Əliyev Asiya ilə  Avropa arasında  yerləşən, çoxkonfessiyalı  ölkə olan Azərbaycanın milli mənsubiyyətindən asılı olmayaraq mədəni müxtəlifliyə hörmət və ehtiramını, multikultural dəyərlərə, tolerantlıq ənənələrinə sadiqliyini « Xarıbülbül» musiqi festivalının təşkili ilə  göstərdi. Milli ruhumuzun zənginləşməsinin,  ədalət və humanizmin rəmzi olan Şuşanın Cıdır düzündə təşkil olunan «Xarıbülbül» musiqi festivalında ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin çıxışları o deməkdir ki, Azərbaycanda inkişaf , birlik , milli həmrəylik , sülh labüddür.
 Böyük Azərbaycan şairi, dövlət xadimi  Molla Pənah Vaqifin məqbərəsinin ,  Vaqif Poeziya Günlərinin, Xan qızı Natəvan  bulağının bərpası,  ermənilər tərəfindən dağıdılmış infrastrukturun  yenilənməsi,  Zəfər yolunun çəkilişi, erməni vandallarının  gülləbaran etdiyi dahi şəxsiyyətlərin –  Xurşidbanı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstlərinin Şuşaya  gətirilməsi, «Qarabağ»”, «Xarıbülbül» hotellərinin açılması «Dağlıq Qarabağ respublikası» ” xülyasının  tarixin  zibilxanasına atılması Prezident İlham Əliyevin «Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq» sözlərinin reallığıdır.
Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın  «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsinin imzalamaları, Füzuli, Zəngilan   Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, dünya siyasətinin aktual mövzularından olan və türk dünyasını birləşdirəcək  Zəngəzur dəhlizinin təməlinin qoyulması, Qarabağ, Zəngəzur iqtisadi rayonlarının yaradılması, «ağıllı kənd», «ağıllı şəhər»  layihələrinin  həyata keçirilməsi, Azərbaycanın region üçün qürurverici və ümidverici ölkə adlandırılması bir ildə  görülən işlərin hesabatı, Böyük Qayıdışın uğurlu addımlarıdır. İstanbula qədər  uzanacaq Zəngəzur dəhlizinin bərpası ilə  türk dövlətlərinin birlik və həmrəyliyindəki rolu artan,  dünya siyasətində möhkəmlənən  Türkiyə- Azərbaycan qardaşlığı bölgədə sabitlik və sülhün qarantı olacaq.  

 Bu il  oktyabrın 15-də  respublikaya rəhbərliyə başlamasının 20-ci ildönümündə  Xankəndi şəhərinin mərkəzi meydanında , həmçinin Xocalıda, Əskəranda, Ağdərədə    Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandıran, 30 il gözlənilən tarixi gün münasibətilə Azərbaycan xalqını,  xarici ölkələrdə yaşayan bütün soydaşlarımızı təbrik edən Prezident İlham Əliyev Ali Baş Komandan kimi  vədini yerinə yetirdi. Ulu Öndərə  Qələbə raportu verdi.   Bu Zəfər bir daha göstərdi ki, bütün dünya miqyasında xarici siyasəti dəstəklənən,  iqtisadi müstəqilliyini qoruyan Azərbaycanla hesablaşırlar. Bu uğurlar Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktını imzalamağa məcbur edən,  23 saat davam edən lokal xarakterli  antiterror tədbirləri ilə erməni separatizminə son qoymuş  qüdrətli  Silahlı Qüvvələrimizin  rəşadəti,  şəhidlərimizin qəhrəmanlığı canı, qanı bahasına qazanılmışdır.  Bütün dünyaya bəyan edildi ki, Azərbaycan dövləti, xalqı torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək  iradəsini qətiyyəti ilə həqiqətə çevirdi. « O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər» söyləyən Prezident İlham Əliyevin «Heydər Əliyev İli»ndə  Xankəndidə Azərbaycan Bayrağını qaldırması  böyük rəmzi məna daşıyır. «Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir» söyləyən  dövlət başçımızın sözləri  saxta «prezident»lərin, «parlament sədr»lərinin, boş ərazilərdə narkotik yetişdirən  hay «generalların», bütünlükdə separatçı rejimin tam məhfi, iflası deməkdir. Bütün dünya gördü ki, «Qarabağ Azərbaycandır və nida işarəsi!»

Xuraman İsmayılqızı, "İki sahil"