03 noyabr 2023 01:26
333

Tarixi abidələr məkanı

"...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir»” söyləyən  Ulu Öndər Heydər Əliyev «Kiçik Paris»”, «Qafqazın sənət məbədi»”, «Azərbaycan musiqisinin beşiyi”», «Şərqin konservatoriyası”» adlandırılan bu şəhərin inkişafına milli-mənəvi sərvətlərimizə hörmət, tariximizin yaşadılıması baxımından  xüsusi diqqətlə  yanaşmışdır.  Təkcə respublikamızda deyil, bütün dünyada tanınan görkəmli şəxsiyyətlərin  doğulub-boya başa çatdığı, çoxlarının qala adlandırdıqları Şuşanın Azərbaycan üçün dəyərini «Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur» sözləri ilə ifadə edən Ulu Öndərin    bu tarixi şəhərin hər küçəsində, məhəlləsində izi vardır.

 Xalqımızın tarixinə  Zəfər günü kimi yazılan 2020-ci il noyabrın 8-də, Şuşanın Ermənistanın işğalından azad edildiyi gün Şəhidlər Xiyabanından xalqa müraciət edən  Prezident,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» söyləməsi Ümummili Lider siyasətinə sadiqlik idi. Həmin gün «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!» söyləyən dövlət başçımızın xüsusi diqqət göstərdiyi Şuşa  müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulur, bərpa edilir, gözəlləşir.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, şəhərdə dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi üçün tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına həssaslıqla yanaşılır. Şuşanın tarixi əsrlərdən bəri babalarımızdan yadigar qalan tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə çox işlər görülmüşdür. Ulu Öndərin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi idi. Müdrik şəxsiyyət Heydər Əliyevin Azərbaycanı etibar etdiyi  layiqli davamçısı  Prezident İlham Əliyev  Ulu Öndərin bu  arzusunu yerinə yetirməklə daha möhtəbər tədbirlərin bu şəhərdə keçirilməsinə  də diqqəti artırdı. Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın bərpasına  diqqətini  «Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır» sözləri ilə ifadə edən Prezident  İlham Əliyev Ümummilli Lider Heydər Əliyev məktəbinin layiqli davamçısı  olduğunu «Xarıbülbül» musiqi festivalının, Vaqif Poeziya Günlərinin,  Dünya Azərbaycanlılarının Zəfər qurultayının və digər mühüm beynəlxalq tədbirlərin keçirilməsi ilə bildirir. TÜRKSOY-un Daimi Şurasının Türkiyənin  Bursa şəhərində keçirilən iclasında Şuşanın 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtı”» elan ediməsi ilə  abidələr məkanı olan bu şəhərin adı İslam dünyasının inciləri sırasında çəkilir.

Bu ilin 25-26 sentyabr tarixlərində Qətərin paytaxtı  Dohada «İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru»” mövzusuna həsr olunmuş 12-ci Konfransda da  Şuşanın tarixi, mədəni abidələri ilə bağlı  məlumatlar verilib. Mədəniyyət siyasəti üzrə əsas prinsiplər və davamlı inkişaf göstəricilərinə  həsr olunmuş konfransda İslam dünyasının mədəniyyət paytaxı” proqramının inkişaf  mexanizmləri, mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində birgə mədəni fəaliyyətin genişləndirilməsi kimi məsələlər müzakirə edilib.
Konfrans iştirakçılarının yekdil rəyi ilə  Azərbaycanın qədim  söz-sənət beşiklərindən olan Şuşa şəhəri «2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı”» elan edilib.  Yəni, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Şuşanın keçmişi kimi, müasir görkəmi də müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirilib.

2009-cu ildə  Bakının,  2018-ci ildə  Naxçıvan şəhərinin «İslam dünyasının mədəniyyət paytaxtı”» adına layiq görülməsi Şərq aləmində tanınan, böyük hörmət qazanan Azərbaycana diqqətin ifadəsidir. Şuşanın «İslam dünyasının mədəniyyət paytaxtı”» adına layiq görülməsi isə  ölkəmizə  daha bir etimaddır.   Əvvəlcədən  Şuşada olan ICESCO-nun müvafiq missiyası şəhərdə aparılan quruculuq işlərini yüksək qiymətləndirib. Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq  sərəncamları  ilə  2021-ci ildə   Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci il isə  Azərbaycanda «Şuşa İli”» elan olunub.

Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın mədəni irsinin, tarixi və dini abidələrinin bərpa etdirilməsini diqqətə alan İslam dövlətlərinin, yekdil rəyi ilə Şuşa şəhəri növbəti il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Qeyd edək ki, Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mühüm dəstək göstərib. Beynəlxalq tədbirlərə, önəmli mədəni, humanitar məsələlərə həsr edilmiş tədbirlərə  ev sahibliyi  edən bu qədim şəhərimizdən dünyaya sülh, birlik və bərabərlik mesajları çatdırılır.

 İşğal altında saxladıqları müddətdə  Şuşanı viran qoyan, abidələri dağıdan erməni vandallarından fərqli olaraq Azərbaycan xalqı qurub- yaratmaq əzmini  Şuşada  uğurla davam etdirir. Bu gün Şuşa geniş mənada inşaat meydanını xatırladır. Hər tərəfi alınmaz  sıldırım qayalarla əhatə olunan, qala kimi möhkəm olduğunu  görkəmli şair Molla Pənah Vaqifin «Məni qoruyan mənim tanıdığımdırsa, Şüşəni daşın içərisində də salamat saxlayar» sözləri ilə doğruldan  Şuşa tarixi boyu ən qəddar hökmdarlara, tiranlara belə təslim olmayıb.    Türkiyə ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannaməsinin imzalanması ilə Şuşa, Cıdır düzü həm də qardaşlıq məkanı, siyasət arenasına da çevrilib. Bundan sonra da bu diyar bütün müsəlman ölkələri, türk dünyası  üçün  müqəddəs, əziz ziyarətgaha çevriləcək.

Xuraman İsmayılqızı, "İki sahil"