02 noyabr 2023 02:16
359

“Sülh quşu”?

Paşinyanın reallaşması mümkün olmayan layihəsi danışıqları ləngitməyə və status-kvonu saxlamağa hesablanıb

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentdə 2024-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı növbəti dəfə sülhdən danışıb. Bildirib ki, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün İran və Gürcüstanla dostluq əlaqələrini gücləndirməklə bərabər, Azərbaycan və Türkiyə ilə də münasibətləri tənzimləmək vacibdir. Son zamanlar özünü “sülh quşu” obrazında göstərən Paşinyan bunun Ermənistanın dövlət maraqlarından irəli gəldiyini, Azərbaycanla danışıqlar prosesində müzakirə mərhələsində olan prinsiplərin razılaşdırılması ilə yekun sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu deyib. Ancaq bundan əvvəl Avropa Parlamentində, İspaniyanın Qranada şəhərində və Gürcüstanda da eyni məzmunlu açıqlamalar verməklə, guya sülh gündəmində maraqlı olduğunu nümayiş etdirməyə çalışan erməni baş nazirin məqsədinin əslində danışıqları pozmaq, sülh müqaviləsinin imzalanmasını ləngitmək və ən əsası danışıqlar masasında “əlini gücləndirmək” üçün yeni reallıqlar yaratmaq istəyində olduğu şübhə doğurmur. Çünki Paşinyanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində ənənəvi olaraq qeyri-konsrtuktiv yol tutduğunu bir sıra arqumentlər də təsdiqləyir. Bəs bu arqumentlər hansılardır? Paşinyanın timsalında rəsmi İrəvanın atdığı hansı addımlar sülh danışıqlarını pozmağa hesablanıb?

Vasitəçidən daha çox tərəf kimi çıxış edən ermənipərəst Fransa və Almaniyanın iştirakı səbəbindən təxirə düşmüş Qranada görüşündən sonra Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə də bir araya gəlmələri reallaşmadı. Çünki Azərbaycanın öz suveren ərazisində separatizmin aradan qaldırılması məqsədilə keçirdiyi lokal antiterror tədbirlərindən sonra həm Aİ-nin, həm də bir sıra Avropa dövlətlərinin Cənubi Qafqazdakı proseslərə ikili standartlarla yanaşmaları açıq müstəvidə özünü büruzə verməkdədir. Bir tərəfdən regiona “sülh arzulayan” həmin dairələr, digər tərəfdən xüsusilə Azərbaycana qarşı açıq düşmənçilik münasibəti sərgiləyən Emmanuel Makron Fransası başda olmaqla sürətlə Ermənistanı silahlandırmağa çalışırlar. Qərbin bu addımının Azərbaycandan daha çox üçüncü tərəfə, Ermənistanın son vaxtlar “körpüləri yandırmaqda” olduğu Rusiyaya qarşı olduğu da məlumdur. Ancaq nəticə olaraq Nikol Paşinyan vəziyyətdən İkinci Qarabağ müharibəsi nəticəsində aldığı ağır məğlubiyyətdən sonra döyüş qabiliyyətini itirmiş ordusunu gücləndirmək üçün istifadə etmək istəyindədir və bu müddət ərzində sülh danışıqlarında status-kvonun saxlanması Ermənistanın işinə yarayır.

Yeri gəlmişkən, düşmən ölkə 2024-cü ilin dövlət büdcəsində müdafiə xərclərini cari illə müqayisədə 7 faiz artırmağı nəzərdə tutur. Belə ki, büdcə layihəsində Ermənistanın müdafiə sektoru üçün əsaslı xərcləri 555 milyard dram (təxminən 1 milyard 4 yüz milyon ABŞ dollarına yaxın-red.) göstərilib. Bu rəqəm Ermənistanda ümumi daxili məhsulun 5,3 faizini təşkil edəcək. Hər bir halda Ermənistanın ordunu gücləndirmək üçün nəzərdə tutulan vəsaiti yenə də Azərbaycanın müdafiə xərclərindən təxminən üç dəfəyə yaxın az olacaq ki, bu da Fransanın və Hindistanın səylərinin diqqətçəkən balans fərqi yarada bilməyəcəyi deməkdir. Çünki 2023-cü ildə Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri üçün 3 milyard 560 milyon ABŞ dollarından çox vəsait nəzərdə tutulub, rəqəm yeni ildə daha da artacaq. Bu isə o deməkdir ki, Cənubi Qafqaza soxulmağa və regionda qüvvələr balansını pozmağa çalışan Makron Fransasının məkrli planları həmişəki kimi fiaskoya uğrayacaq, Paşinyanın isə ordu quruculuğunda irəliləyişə nail olmaqla sülh danışıqlarında üstünlüyünü artırmaq arzusu ürəyində qalacaq.

Rəsmi İrəvanın kommunikasiyaların açılması ilə bağlı ortaya atdığı “sülh kəsişməsi” təşəbbüsü də əslində regionda dayanıqlı sülhün əldə edilməsi üçün deyil, onun yaranmasına mane olmaq layihəsidir. Əvvəla ona görə ki, Ermənistan Azərbaycanla yeni bəyanat imzalamaqla Rusiyanın iştirakı ilə imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı qüvvədən salmağa çalışır. Qarabağ məsələsinin tarixə çevrilməsindən sonra sözügedən Bəyanatın bir sıra müddəaları öz qüvvəsini itirmiş olsa da Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi məsələsi hələ də həllini tapmayıb. Nikol Paşinyan Bəyanatın məhz Zəngəzur dəhlizi ilə bağlı doqquzuncu bəndinin ləğv edilməsində israrlıdır ki, burada söhbət kommunikasiyaların təhlükəsizliyinə kimin nəzarət edəcəyindən gedir. Erməni baş nazir güc strukturlarının nəzdində bu məqsədlə yeni qurumun yaradılacağının anonsunu verməklə açıq şəkildə Rusiyanın bu işdə iştirakının əleyhinə olduğunu gizlətmir. Ancaq bu zaman sual yaranır: Əgər Zəngəzur dəhlizinə Ermənistan özü nəzarət edəcəksə, o zaman kommunikasiyaların təhlükəsizliyinə kim zəmanət verəcək? Yaxud Ermənistanın zəmanətinə nə qədər etibar etmək olar?

Bundan başqa, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsindən ötən üç il ərzində kommunikasiyaların açılması məqsədilə öz öhdəliyi çərçivəsində heç bir addım atmayıb. Heç Paşinyanın utopik “sülh kəsişməsi” layihəsindəki irimiqyaslı işləri görmək də Ermənistanın imkanları xaricindədir. İranla İrəvanı birləşdirən magistralın və Xankəndi-Laçın yolunun Ermənistana uzanan hissəsindəki cəmi 20 kilometrdən bir az artıq yolun tikintisi də göstərdi ki, Paşinyanın layihəsinin reallıqla heç bir əlaqəsi yoxdur. Çünki uzunluğu yüz kilometlərlə ölçülən avtomobil və dəmiryollarını çəkmək üçün Ermənistanın nə vəsaiti var, nə də belə beynəlxalq layihələri həyata keçirmək təcrübəsi. Deməli, ilk baxışdan “sülhün kəsişməsi” əslində sülhün baş tutmaması üçün ortaya atılmış ideyadır, səslənişi nə qədər gözəl olsa da...

Mahir Rəsuloğlu, “İki sahil”