02 noyabr 2023 02:37
415

«Türk zamanı!»

Türk Dövlətləri Təşkilatının noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada bu deviz altında keçiriləcək Zirvə görüşündə quruma üzv ölkələrin ümumi maraqlarını ifadə edəcək mühüm məsələlər müzakirə olunacaq

3 oktyabr 2009-cu ildə Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşündə qəbul olunan Bəyannamə əsasında yaradılan Türk Dövlətləri Əməkdaşlıq Şurası beynəlxalq təşkilat kimi türk dünyasının birliyinin möhkəmlənməsində önəmli inkişaf yolu keçdi. Hazırda Türk Dövlətləri Təşkilatı (TDT) kimi fəaliyyətini müasir dövrün tələblərinə uyğun, geniş miqyasda davam etdirən qurum beynəlxalq əhəmiyyətli mühüm siyasi, iqtisadi, humanitar məsələlərin müakirəsində iştirak edən və fəaliyyəti dəyərləndirilən təşkilat kimi tanınır. Naxçıvan Bəyannaməsində qeyd olunduğu kimi, tarixi hadisələrin və geosiyasi dəyişiklərin tələbinə uyğun yaradılan təşkilat türk dövlətlərinin birlik platforması olmaqla qarşıya qoyulan vəzifələrin həllində sarsılmaz güc olduğunu təsdiqlədi. Bununla da böyük ideala, oxşar tarixə, köklərə, adət-ənənələrə malik, Şərqlə Qərb arasında yerləşən türk dövlətlərinin siyasi inteqrasiyasına doğru mühüm addımlar atıldı. Qlobal enerji, nəqliyyat layihələrinin, kəmərlərinin təhlükəsiz keçidinin türk dövlətlərinin sərhədləri daxilində yerləşməsi də TDT üçün əlverişli imkanlar yaradır. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən TDT, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqində, maddi və mənəvi dəyərlərimizin dünyada təbliğində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə dövlətin parlamentlərarası qrupları ilə sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman sahələrində birgə fəaliyyət xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. TDT daxilində strateji tərəfdaşlığın faydasını « Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır» ifadəsi ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri artıq perspektiv deyil, reallıqdır. Beynəlxalq münasibətlər sistemində adları qoşa çəkilən, dünya hadisələrinə təsir imkanları artan, qarşısıalınmaz güc mərkəzi kimi tanınan bu birliyin lokomotivi Türkiyə ilə Azərbaycanın qardaşlığıdır.

Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda 44 gün davam edən İkinci Qarabağ müharibəsində daim Azərbaycanla bir olan Türkiyə başda olmaqla bütün türkdilli dövlətlərin mənəvi dəstəyi xalqımıza əlavə güc, qüvvət verdi, qələbə əzmini artırdı. Bakının Azadlıq meydanında «Dəmir yumruq» əməliyyatının Zəfər müjdəsi olan hərbi paradı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə izləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəfərimizin hər iki xalq tərəfindən təntənə ilə qeyd edilməsi bu qardaşlığın təntənəsi idi. Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi ilə əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyan Türkiyə ilə Azərbaycan dünyanın enerji, nəqliyyat xəritələrini dəyişən qlobal layihələrin müəllifləri kimi yeniliklərə birgə imza atdılar.

Tarixi sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, hərbi, ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi tarixi nailiyyətdir. Bu gün beynəlxalq müstəvidə aktual olan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması bu dəhlizin bərpasına mane olanların cəhdlərinin əsassız olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Şuşa Bəyannaməsində bu məsələnin əks olunması böyük məna daşıyır» sözləri dəhlizlə bağlı revanşist çağırışlar səsləndirən Ermənistan kimi, onun havadarlarını da havalandırır.

Bu günlərdə Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalının keçirilməsi türk xalqlarının mədəni əlaqələrinin nümunəsi kimi yaddaşlarda iz saldı. Ümummilli Lider Heydər Əliyevin 100 illik, Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 150, TÜRKSOY-un 30 illik yubileylərinə və Şuşa şəhərinin 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtı»” elan edilməsinə həsr edilmiş festival qardaşlıq, musiqi, söz, sənət bayramı idi. Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkiyənin, Türkmənistanın, Şimali Kipr Türk Cümhuriyyətinin və Qaqauz Yeri (Moldova) Dövlət teatr rəhbərlərinin iştirak etdikləri tədbirdə türk xalqlarının tarixi etnosları ilə tanışlıq imkanı yarandı. Ermənistanın işğalından azad edilən Şuşanın müasir, gözəlləşən siması qonaqlarda xoş təəssürat yaratdı.

Tarixi İpək Yolunun üzərində yerləşən, Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısı olan Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə də önəmli töhfələr verir. Türk dövlətləri arasında birlik və həmrəyliyin möhkəmlənməsində aparıcı rola malik ölkəmizin fəallığını «Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir» sözləri ilə ifadə edən Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclasının Bakıda keçirilməsini regional sabitliyin təmin olunması baxımından da önəmli hesab edib. Müxtəlif vaxtlarda, TDT-yə daxil olan ölkələrdə keçirilən, türk dövlətlərinin ümimi maraqlarını əks etdirən problemlərə həsr olunan Zirvə görüşləri, toplantılar tarixi əhəmiyyəti ilə də maraq doğurur.

Cari ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələnin dağıdıcı nəticələrinin aradan qaldırılmasında qardaş ölkəyə dəstək olan Azərbaycan türk birliyinin sarsılmazlığını göstərdi. Türkiyədə baş verən, «əsrin fəlakəti» adlandırılan dəhşətli zəlzələdən zərər çəkən qardaş ölkəyə bütün istiqamətlər üzrə yardım edən TDT üzvlərinin birliyi Prezident İlham Əliyevin bu sözlərini gerçəkləşdirdi: «Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.» Faciənin ilk anlarından qardaş ölkə ilə həmrəyliyini bildirən dövlət başçımızın vurğuladığı kimi, bu dəstək Ulu Öndər Heydər Əliyevin «Biz bir millət, iki dövlət» aforizmini bir daha təsdiqlədi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü qardaşlıq, həmrəyəlik nümunəsi kimi tarixə yazıldı. Faydalı, beynəlxalq və regional əhəmiyyətli təşəbbüsləri , çağırışları ilə fərqlənən Prezident İlham Əliyev bu dəfə də öndərliyini göstərdi. Şuşada keçirilməsi nəzərdə tutulan Zirvə görüşünün dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə Türkiyədə təşkil olunması qardaş ölkəyə siyasi, mənəvi dəstək idi. Bu, görüş TDT-nin beynəlxalq ictimaiyyətə türk birliyinin sarsılmazlıq, qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi oldu.

«Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım»” mövzusuna həsr olunan, qardaş ölkə ilə birlik nümunəsi olan Zirvə görüşü TDT daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına yönələn həmrəylik platforması kimi tarixə yazıldı.

Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın və Özbəkistanın üzv, Macarıstanın, Türkmənistanın və Şimali Kipr Türk Respublikasının müşahidəçi kimi təmsil olunduqları Türk Dövlətləri Təşkilatının noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Sammitdə də türk dövlətlərinin ümumi maraqlarını ifadə edəcək mühüm məsələlər müzakirə olunacaq. «Türk zamanı!”» devizi altında keçiriləcək Sammitində türk dövlətləri arasında iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq və birgə layihələr təsdiqlənəcək. Dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas istiqamətləri nəzərdən keçiriləcək. Dünyada və regionda baş verən siyasi və iqtisadi hadisələr fonunda türk birliyi üçün gərəkli məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Sammitdə bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktı qəbul olunacaq, Astana Sammiti Bəyannaməsi imzalanacaq. Zirvə görüşünün sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

Xuraman İsmayılqızı, «İki sahil»