02 noyabr 2023 02:58
870

“Böyük Ermənistan” xülyasından böyük uçuruma: Tarixi torpaqlarımız ermənisizləşir

Son 40 ildə ilk dəfədir ki, Ermənistanda yaşayanların sayı 3 milyonun altına düşərək 2 milyon 900 min nəfər olub. Bu, rəsmi statistikadır. Əslində isə hazırda Ermənistanda cəmi 2 milyon erməni yaşayır. “Dənizdən-dənizə böyük Ermənistan” avantürist iddiaları ilə beyni zəhərlənmiş toplum getdikcə azalmaqdadır. Qarabağdan köçənlərin 10 mindən çoxu Ermənistanı tərk edib”.

Bu məlumatı “APRI Armenia” analitik mərkəzinin “Qeyri-müəyyənlik şəraitində tərəqqi” adlı konfransda çıxış edən “artsax”ın keçmiş “dövlət naziri” Artak Beglaryan açıqlayıb. Ermənistandan gedənlərin ölkə daxilində qeyri-müəyyən vəziyyətlə üzləşdiklərini əsas səbəb kimi göstərən Beglaryan, əslində, problemin humanitar deyil, siyasi xarakter daşıdığını söyləyib. Qarabağdan köçənlər üçün zəruri şəraitin yaradılmadığına diqqəti yönəldən sabiq “dövlət naziri” indi fəsadları deyil, səbəbləri üzə çıxarmağın vacibliyindən danışıb. Onun gəldiyi “qənaətə” görə, problemin yaranmasında həm Ermənistan hakimiyyətinin, həm də beynəlxalq təşkilatların məsuliyyət yükü var. Tarixin arxivinə göndərilmiş “artsax”ın keçmiş “məmurunu” ölkədən gedənlərin armasınının səbəbini Paşinyan hakimiyyətinin yarıtmaz idarəetmə sistemində görür. Amma bu hay ağlının ucundan da keçirmir ki, qonşunun torpağına göz dikən, orada ikinci Ermənistan dövləti yaratmaq istəyən, separatizm xəstəliyinə yoluxmuş toplumun aqibəti başqa cür ola bilməzdi.

Ermənistan və erməni xalqı bir həqiqəti anlamalıdır ki, müstəqil şəkildə hayların tarixi və mədəniyyəti mövcud olmayıb. Haylar regionda yerləşdikləri vaxtdan bəri Azərbaycan və geniş anlamda türk tarixinin tərkib hissəsi kimi və Azərbaycan-türk mədəniyyətinin təsiri altında yaşayıb formalaşıblar. Onların özlərini azərbaycanlılardan, türklərdən ayırmaq cəhdləri özlərini təcridetmə və bütün inkişaf imkanlarından məhrumetmə ilə nəticələnib. “Uğursuz dövlət” (“failed state”) statusu qazanan Ermənistanın bugünkü durumu bunun bariz subutudur. Öz ərazilərindən azərbaycanlıları qovub çıxaran Ermənistan boşalmış şəhərlərdə, kəndlərdə normal yaşayışı təmin edə bilməyib, sosial-iqtisadi vəziyyətin ağır olaraq qalması və xaricə kütləvi axın demoqrafik böhranı daha da ağırlaşdırır. Erməni mətbuatında vaxtaşırı verilən təhlillərdən də aydın olur ki, hətta son 50-60 il ərzində aldadılaraq gətirilib Qərbi Azərbaycanda məskunlaşdırılan ermənilər belə Zəngəzur, Göyçə, Pəmbək, Loru və digər dağlıq ərazilərdə yaşaya bilmədikləri üçün buradan kütləvi şəkildə köçürlər. Bu bölgələr tam boşalmaq üzrədir. Ən ağır durum Göyçə mahalındadır. Burada onlarla boşalmış evlər göz önündədir. Ermənistan mətbuatının yazdığına görə, son illər ərzində Göyçə mahalının əhalisi 25 min, Zəngəzurun isə 27 min azalıb. Erməni jurnalistlərinin bölgələrdən hazırladığı reportajlarda bu acı gerçək daha qabarıq görünür. Diqqətə çatdırılır ki, ilk növbədə gənclər bölgəni kütləvi şəkildə tərk edir: “Bütövlükdə ümidsizlik, həmçinin ölkənin dalana çevrilməsi ucbatından yaranan sabaha inamsızlıq əhalini normal yaşayış üçün xarici ölkələrə üz tutmağa vadar edir. Həmçinin ölkənin ağır iqtisadi vəziyyəti də bu prosesi sürətləndirir”. Ermənistan KİV-nin məlumatına görə, Göyçə və Dərəçiçək mahalları ərazisində əhalinin 50 faizdən çoxu yoxsul vəziyyətində yaşayır. Vurğulanır ki, Qarabağdan gələn əhali də bu vəziyyəti görüb fürsətdən yararlanaraq qaçqın kimi Avropaya üz tutmaq istəyirlər. Ermənistanda onları aclıq və səfalət gözlədiyindən yaranmış vəziyyətdən faydalanmaq üçün Fransa səfirliyi önündə aksiyaları davam etdirirlər. Onlar humanitar sığınacaq tələb edir və söyləyirlər ki, artıq Qarabağdan gələn 4 mindən çox erməni Ermənistanı tərk edib: “Buna səbəb isə Ermənistanın gələcəyinin yoxluğudur. Ermənistan hakimiyyəti heç vaxt bizim üçün heç nə etməyib. Qabaqda bizim üçün evlər tikilirdi və bu evlərin tikintisinə guya 21 milyard dramdan çox pul ayrılıb. Axırda Qarabağı itirdik. Hər şeydə Rusiya və Qarabağ hakimiyyəti günahkardır, bütün sakinləri aldatdılar. 2020-ci ildə hansısa sənədlərə qol çəkdilər, axırda hamımız belə vəziyyətə düşdük, bilmirik ki, bizi qarşıda nə gözləyir”.

Qeyd edək ki, bu günlərdə Ermənistan Cenevrədə demoqrafiya mövzusunda keçirilmiş regional konfransda özünün 2023-2040-cı illər üzrə demoqrafiya strategiyasını təqdim edib. Strategiya Ermənistan hökumətinin etnik ayrı-seçkiliyə əsaslanan irqçi siyasətini bir daha sübut edib. Belə ki, strategiyada Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsi yer almayıb. Sənəddə repatriasiya bir hüquq və dövlətin təşviq etməli olduğu məqsəd kimi ancaq etnik ermənilərə aid edilir. Ciddi demoqrafik böhranla üzləşmiş bir ölkənin oranın qanuni sakinləri olan əhali qrupunun öz evlərinə qayıdışına etnik mənsubiyyət səbəbindən imkan verməməsi onun irqçi siyasətinin göstəricisidir. Qərbi Azərbaycan İcmasının bununla bağlı bəyanatında vurğulanır ki, Ermənistanın demoqrafik problemlərinin həlli regionda sülhün bərqərar edilməsindən və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarının təmin edilməsindən keçir.  İcma Ermənistan hökumətini sülhü seçməyə, monoetniklik siyasətindən əl çəkməyə, etnik müxtəlifliyə əsaslanan birgəyaşayış prinsiplərinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışını təmin etməyə çağırır. Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi kimi: “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”.

Ermənilər nəhayət ki, “böyük Ermənistan” xülyalarından, uydurma tarixdən əl çəkməli, öz gələcəklərinin Azərbaycan və Türkiyə ilə bağlı olduğu ilə barışmalı, Ermənistanın dövlət kimi inkişafında azərbaycanlı, türk amilinin qaçılmaz olduğunu qəbul etməlidirlər. Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşması Ermənistan üçün tarixi fürsət və yeganə çıxış yoludur. Artıq Qarabağa Böyük Qayıdış başlayıb və rəsmi İrəvanın bütün səylərinə baxmayaraq, bu proses indiki Ermənistan ərazisini – Qərbi Azərbaycanı da əhatə edəcək. İnanırıq ki, çox da uzaq olmayan gələcəkdə cənab Prezident İlham Əliyevin bütün söylədikləri kimi bu sözlərinin də gerçəkləşməsinin şahidi olacağıq: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.”

Sevinc Azadi, “İki sahil”