01 noyabr 2023 00:57
345

Fransanın yedəyində yorğalayan Aİ

Bu təşkilatın Azərbaycan üzərində heç bir haqqı yoxdur

Son vaxtlar Avropa İttifaqı (Aİ) Azərbaycanla münasibətlərində süni surətdə müəyyən problemlər yaratmaqdadır. Bunun mərkəzində Brüsselin Cənubi Qafqaz və rəsmi Bakı ilə bağlı iddiaları, qeyri-adekvat və qərəzli siyasəti dayanır.

Doğrudur, ayrı-ayrı vaxtlarda Belçikanın paytaxtı Brüsseldə Azərbaycanla Ermənistan arasında konstruktiv görüşlər keçirilib. Amma qurum bütün təmənnalı addımlarında yalnız öz maraqlarını güdüb və bunlar alınmayanda ölkəmizə təzyiq göstərməyə çalışıb.  Ancaq unudub ki, Azərbaycanın Avropaya ehtiyacı yoxdur, əksinə, Aİ ölkəmizə möhtacdır. Ona görə ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Avropada qışın necə sərt keçdiyi hamıya məlumdur. Müxtəlif vaxtlarda ayrı-ayrı Avropa rəsmiləri, o cümlədən Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen bunu etiraf ediblər.

Otuz il torpaqlarımızın işğalına göz yuman, heç bir dəstəyini görmədiyimiz Aİ-nin bundan sonra da Ermənistanla münasibətlərin normallaşmasında köməyinə ehtiyacımız yoxdur. Rəsmi Bakı öz problemini təkbaşına özü həll edib.

Unutmaq olmaz ki, bu gün Aİ-nin ölkəmizdən müəyyən asılılığı var. Çünki Mərkəzi Asiya ilə əməkdaşlıq üçün strategiya qəbul edir, xoş xəyallar qurur, amma yaddan çıxarır ki, bu regiona yol Azərbaycandan keçir. Bu gün Aİ müticəsinə təcavüzkar Fransanın yedəyində gedir.  Bu qürumun Azərbaycana qarşı qərəzli münasibətinin əsas səbəbkarlarından biri isə məhz Fransadır. Prezident Emmanuel Makronun Azərbaycana qarşı antipatiyası bəllidir. Fransa  son illər regionun “ən zəif bəndi” olan Ermənistandan istifadə etməklə özünün bölgədəki siyasi və hərbi-iqtisadi maraqlarını təmin etməyə çalışır. Avropa İttifaqına birləşən bəzi dövlətlər, başda Fransa olmaqla Azərbaycanla əlaqələrə böyük zərər vururlar.

Prezident İlham Əliyevin bu yaxınlarda Qranada və Brüssel görüşlərindən imtina etməsi məhz Aİ-nin yanlış siyasətinə qarşı qətiyyətli mövqeyini açıq göstərdi. Əslində Azərbaycanla münasibətlərin pisləşməsi Aİ-nin strateji maraqlarına uyğun deyil. Bunu başa düşmək üçün təhlilə ehtiyac da yoxdur. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Cənubi Qafqazın əsas siyasi, iqtisadi və hərbi güc mərkəzidir.  Bu isə o deməkdir ki, Aİ Azərbaycanın maraqlarını nəzərə almadan bölgə ilə bağlı heç bir layihəsini həyata keçirə bilməz. Üstəgəl, Aİ unutmamalıdır ki, bütün regional məsələlər artıq "3+3" formatında (Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, İran, Rusiya) müzakirə olunur və məhz bu platformanın təşəbbüskarı Bakıdır. Son zamanlar Tehranla Bakı arasında problemlərin həll olunması nəticəsində altılıq platforması daha da canlanıb. Azərbaycan 44 günlük ikinci Qarabağ müharibəsindəki ildırımsürətli möhtəşəm qələbəsi ilə dünya hərb tarixinə yeni səhifə yazdı və bu Qələbə onun nüfuzunu birə-on qat yüksəltdi. Bu Zəfər beynəlxalq aləmdə Azərbaycana qarşı münasibəti kökündən müsbətə doğru dəyişdi. ABŞ Silahlı Qüvvələri Baş Qərargahının rəisi bu Qələbəni çox yüksək qiymətləndirdi və onu dünya hərb elminə qiymətli nümunə hesab etdiyini bildirdi.

Bu gün Azərbaycanın Çinlə iqtisadi-mədəni əlaqələri də dinamik şəkildə inkişaf edir. Çinin 1995-ci ildən 2022-ci ilə kimi Azərbaycana birbaşa investisiya qoyuluşu 920 milyon ABŞ dolları təşkil edib. Halbuki bunu indiyədək heç bir Aİ ölkəsi bu nəticəyə nail ola bilməyib. Bu gün Avropanın malik olduğu texnologiya daha ucuz və keyfiyyətli şəkildə Çində mövcuddur. Proseslərin hazırkı inkişafı, o cümlədən intensivləşən qarşılıqlı təmaslar onu deməyə əsas verir ki, Pekinlə Bakı arasında əlaqələr daha da sürətlə inkişaf edəcək. Azərbaycanın öz daxili investisiya resursları, eləcə də, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ kimi digər tərəfdaş ölkələri var. Buna görə Azərbaycanın nə Qərbə, nə də Aİ-yə texnoloji və iqtisadi ehtiyacı yoxdur.

Avropa İttifaqı bu və digər faktlardan nəticə çıxarmalı və Azərbaycana qarşı ədalətsiz hərəkətlərindən əl çəkməlidir. Belə etməsə ziyan çəkən tərəf özü olacaq.

Vəli İlyasov, "İki sahil"