01 noyabr 2023 01:16
599

Görəsən Qərb missiyası hansı hücumu dəf etməyə hazırlaşır?

Artıq neçə aydır ki, Ermənistanda ikiillik mandatla 100 nəfərdən ibarət  Avropa İttifaqının (Aİ) yeni missiyası fəaliyyət göstərir. Halbuki bu missiyanın Ermənistana göndərilməsinə heç bir zərurət yox idi. Həmin missiya Qərbə, xüsusilə ölkəmizə qarşı qərəzli mövqe tutan və bölgədə möhkəmlənmək istəyən Makron Fransasına daha çox lazım idi. Bu mənada sərhəddəki durumu müşahidə altında saxlamaq, iki ölkə arasında münasibətləri normallaşdırmaq istiqamətində əlverişli mühit yaratmaq adı ilə fəaliyyətə başlayan missiya yalnız və yalnız Qərbin maraqlarına xidmət edir.

Son günlər guya Azərbaycanın Ermənistana qarşı ərazi iddiasında olmasından, hətta Qərbi Zəngəzuru ələ keçirməyə çalışmasından dəm vuran Qərb elə bu adla missiyanın coğrafiyasını geniş­ləndirir, əlavə qüvvələr cəlb edir. Belə ki, bu günlərdə Aİ-nin monitoriq missiyasının Yeğeqnadzorda növbəti bazası təşkil olunub. Üstəlik, Almaniya Bundestaqının Xarici münasibətlər komissiyasının sədri Maykl Rot İrəvana səfəri zamanı vəziyyəti sabitləşdirmək və Azərbaycanın Ermənistan ərazisinə mümkün hücumlarını müəyyən etmək üçün bütün sərhədə nəzarəti mümkün qədər tez EUMA-nı (Aİ-nin Ermənistandakı mülki missiyası-red.) gücləndirməyin vacibliyini bildirib.

Tezliklə Kanada Ermənistana Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasına qoşulacaq iki müşahidəçi göndərəcək. Bu barədə bu günlərdə Ermənistanda  rəsmi səfərdə olan Kanadanın xarici işlər naziri, ermənipərəst Melani Coli  məlumat verib. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan isə Kanadanın gələcəkdə bu “töhfə”ni genişləndirəcəyini istisna etməyib.

Bütün bunlar azmış kimi, Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter ABŞ dövlət katibinin Cənubi Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hek və Birləşmiş Ştatların Ermənistandakı səfiri Kristina Kuin ilə görüşüb. Missiyanın “X” sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) xəbər verildiyi kimi, tərəflər missiyanın mandatını və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin gücləndirilməsini müzakirə ediblər.

Halbuki, ortada Azərbaycanın hər hansı hücum təşkil etmə­si ilə bağlı bircə dənə də olsun fakt yoxdur. Yəni, Ermənistandan fərqli olaraq Azərbaycanın heç vaxt heç kimin torpağında gözü olmadığını Qərb də çox yaxşı bilir. Hətta Azərbaycanın Ermənistana ərazi iddiasının olmadığı, rəsmi Bakının 29,8 min kvadratkilo­metrdə Ermənistanın ərazi bütövlüyünü tanıdığı ölkəmizin rəsmi şəxsləri tərəfindən dəfələrlə bəyan edi­lib. Okt­yabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu məsələyə bir daha toxunan Prezident İlham Əliyev demişdir: “Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur”.  Prezident çıxı­şında həm də aydın şəkildə bildirmişdir: “Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.

Göründüyü kimi, dövlət başçısı Azərbaycanın mövqeyini tam dəqiqliyi ilə ifadə edib. Bundan sonra qarşı tərəfin və onun havadarlarının hər hansı iddia irəli sürmələri absurddan başqa bir şey deyil. Amma görünən odur ki, hətta bu açıq mövqedən sonra Qərb absurd açıqlamalarla, yalan iddialarla, daha doğrusu, qeyri-obyektiv, mövcud reallıqları təhrif edən bəyanatlarla  beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Əsasən Fransanın dominantlıq etdiyi bu missiya ölkəmizin “vəhşi” obrazını canlandırmaqla, ərazidə baş verənlər haqqında birtərəfli qaydada bəyanatlar verməklə 30 illik işğalçılıq tarixinə malik Ermənistanın bugünkü fəaliyyətlərinə haqq qazandırmaqla məşğuldur. Yəni, Aİ-nın bu missiyası sülhə və təhlükəsizliyə deyil, qarşıdurmaya və təxribata yönəlmiş fəaliyyətə üstünlük verir.

Şübhəsiz, bütün bu vasitələr Qərbə Azərbaycanı təsir altında, eləcə də  Cənubi Qafqazda gərginliyi saxlamaq, sülh danışıqlarına mane olmaq üçün lazımdır. Bu mənada Aİ-nin  missiyası  faktiki olaraq özünün qərəzli və şantajçı mövqeyi ilə təcavüzkar Ermənistanın saxta informasiya daşıyıcısı funksiyasını ustalıqla yerinə yetirməkdədir. Təəssüf ki, bəzi dövlətlər bu yalanları “həqiqət” kimi qəbul edirlər.

Burada bir məqama da toxunmaq istərdik. Hadisələrin gedişatı göstərir ki, missiyanın məqsədi həm də Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq, burada Qərbin hərbi bazasını formalaşdırmaqdır. Ermənistan ilə Rusiya arasındakı münasibətlərin hazırda o qədər də ürəkaçan olmadığını  nəzərə alsaq, artıq bu istiqamətdə fəaliyyətə start verlib desək, yanılmarıq. Elə bu missiyanın fəaliyyəti, həmçinin NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlingerin İrəvanın təşkilata üzvlük təklifi, ABŞ-la birgə keçirilən təlim və digər məsələlər bir daha sübut edir ki, Qərb Cənubi Qafqazda Paşinyanın əli ilə Ermənistanın üzərindən Rusiyaya qarşı ikinci cəbhə açıb. Bu isə deməkdir ki,  Ermənistan hakimiyyəti Qərb qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir.

Qvami Məhəbbətoğlu, “İki sahil”