01 noyabr 2023 02:15
465

Keçmişdən gələcəyə uzanan Böyük İpək Yolu

Etibarlı dostluq, qarşılıqlı etimad, inam körpüsü

Yollar ölkələri birləşdirir, xalqları bir-birinə yaxın edir, mədəniyyətləri qovuşdurur. Şərqlə Qərbi birləşdirən və Azərbaycanın da mühüm rol oynadığı tarixi İpək Yolu buna misaldır. Çindən başlayıb Orta Asiyadan, Qafqazdan və digər regionlardan keçərək Avropayadək çatan bu yol onun üstündəki ölkələrin əsas məhsullarının şərəfinə “İpək Yolu” adlandırılmışdır. Bununla belə, İpək Yolunun tarixi əhəmiyyəti yalnız yolboyu ölkələrdə ipəkçiliyin və ticarətin inkişafı ilə məhdudlaşmır. Bu yol qədim Çin mədəniyyətinin, orta əsrlər İslam intibahının nailiyyətlərinin Avropaya yayılmasında, eləcə də Avropadakı mühüm kəşflərin Asiyaya gəlib çatmasında mühüm rol oynamışdır.

Ölkəmizin coğrafi mövqeyi elədir ki, o bütün nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir və Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Təsadüfi deyildir ki, tarixi İpək Yolunun bərpası üzrə ilk beynəlxalq konfrans 1998-ci ilin sentyabrında məhz Azərbaycanın paytaxtı Bakıda keçirilmişdir. Dünyanın 32 ölkəsinin, 13 beynəlxalq təşkilatın nüfuzlu nümayəndə heyətlərinin qatıldığı konfransda tarixi İpək Yolunun bərpası ilə bağlı maraqlı təkliflər səsləndirilmiş, bir sıra vacib sənədlər qəbul olunmuşdur. Hazırda qədim İpək Yolunun bərpası üzrə qəbul olunan TRASEKA layihəsinin reallaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir.

Azərbaycan İpək Yolunun bərpası ilə bağlı ötən müddətdə Prezident İlham Əliyevin vurğuladığı kimi, ilk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə geniş həcmdə investisiya qoyub, qonşularla bağlantı körpülərinin qurulmasını diqqətdə saxlayıb. Bununla da sözügedən istiqamətdə sonrakı proseslərin sürətlə aparılmasına əlverişli zəmin yaradıb.

Azərbaycanın Baş naziri Əli Əsədov bu günlərdə baş tutan  4-cü Tbilisi İpək Yolu Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanın geniş nəqliyyat imkanları, həmçinin ölkəmizin Böyük İpək Yolunun bərpa edilməsi konsepsiyasının reallaşdırılmasında lap əvvəldən tərəfdaş dövlətlərlə birlikdə yüksək fəallıq nümayiş etdirdiyini diqqətə çatdırıb. Baş nazir vurğulayıb ki, Azərbaycan və Gürcüstan tarixən Avropa ilə Asiya arasında iqtisadi-ticari əlaqələrdə oynadıqları körpü rolunu bu gün də davam etdirməkdədir.

Baş nazir Əli Əsədovun vurğuladığı kimi, Azərbaycan və Gürcüstan 90-cı illərin sonlarında Böyük İpək Yolunun bərpa edilməsi konsepsiyasını ilk dəstəkləyən ölkələrdən olmuşlar. Respublikamızın bəhs olunan konsepsiyanı dəstəkləməsi isə təsadüfi deyil. Tarixdən bəllidir ki, Azərbaycan Böyük İpək Yolunun üzərində mühüm məntəqələrdən biri olub. Marşrutun yenidən canlandırılması ölkəmizə böyük dividendlər gətirə bilərdi. Bu perspektivi nəzərə alan Ulu Öndər Heydər Əliyev bəhs olunan marşrutun bərpası, Azərbaycanın nəqliyyat-logistika imkanlarının dünyaya təqdim edilməsi istiqamətində fəaliyyət həyata keçirib. 

Baş nazir Azərbaycanın regional nəqliyyat dəhlizinin inkişafı üçün gördüyü işləri qeyd edib və müsbət nəticələrin əldə olunduğunu vurğulayıb. Bu işlərin miqyası kifayət qədər genişdir. Azərbaycanın qısa müddətdə Avrasiyanın mühüm tranzit habına çevrilməsini şərtləndirən ən mühüm faktorlardan biri qismində son 20 ildə bütün ölkə üzrə yaradılan müasir yol-nəqliyyat infrastrukturu çıxış edir. Bəhs olunan dövrdə respublika üzrə hər il təxminən min kilometr uzunluğunda avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, yüzlərlə körpü, keçid inşa olunub. Hazırda Azərbaycanın regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir.

Ölkə ərazisində dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük həcmlərdə investisiya tutumuna malik layihələr reallaşdırılıb. Azərbaycanın moderatorluğu ilə inşa olunan və 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirməklə Xəzər sahilində - Ələtdə ən böyük ticarət limanının inşasına nail olub.

Yaradılan güclü infrastruktur öz müsbət nəticələrini verir. Baş nazir bildirib ki,  Qazaxıstandan Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Növbəti il üçün hədəf bu müddəti iki dəfəyə qədər (11-15 günə) endirməkdir. Qeyd olunduğu kimi, Orta Dəhlizin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır.  Gürcüstanın Poti və Batumi limanları da Orta Dəhlizin mühüm elementləridir. Əli Əsədov vurğulayıb ki, eyni zamanda Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi də Orta Dəhlizin fəaliyyətinə töhfə verəcək. Həmçinin Azərbaycan-Gürcüstan əməkdaşlığının gündəliyində yeni liman infrastrukturunun yaradılması məsələsi durur və Azərbaycan tərəfi bu istiqamətdə də işbirliyinə hazırdır.

Baş nazir əlavə edib ki, regionda yaranmış yeni reallıqlar çoxtərəfli əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə çıxması üçün yaxşı şərait yaradır və bütün region ölkələrinə iqtisadi və ticari dividendlər gətirəcək. Əli Əsədov ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan roluna xüsusi diqqət çəkib. Hazırda respublikamız “qoca qitə” üçün yeni və etibarlı mavi yanacaq tədarükçüsü qismində çıxış edir. Prezident İlham Əliyev zamanında güclü siyasi iradə ortaya qoyaraq Cənub Qaz Dəhlizinin yaradılmasının zəruriliyini əsaslandırdı. Bu, Azərbaycanın dövlət başçısının gələcəyə yönələn strateji baxışı idi. Müasir infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizinin inşası tərəfdaş dövlətlərin və şirkətlərin iştirakı ilə 2020-ci ilin sonlarında tamamlandı. Hazırda bu müasir nəql marşrutu ölkəmizə böyük üstünlüklər qazandırır. Respublikamız 2021-ci ildən etibarən bəhs olunan marşrutla Xəzər sahillərindən Avropaya mavi yanacaq nəql edir. 2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub. Bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. Baş nazir çıxışında Azərbaycan və Gürcüstanın birlikdə həyata keçirdikləri layihələrin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini, perspektivdə isə Cənub Qaz Dəhlizi ilə Avropaya nəql olunan Azərbaycan qazının həcminin iki dəfə artırılacağını, eyni zamanda, Avropaya yaşıl enerji körpüsünün salınmasına başlandığını diqqətə çatdırıb.

Beləliklə, şübhə yoxdur ki, müasir şəraitdə formalaşan yeni İpək Yolu tarixi missiyasını bərpa edərək Asiya ilə Avropa arasında etibarlı dostluq, qarşılıqlı etimad, inam körpüsü olacaq.

Nigar Orucova, “İki sahil”