31 oktyabr 2023 02:58
356

Tarixi ədalət bərpa olunmalıdır

Rusiya televiziyasının “Birinci kanal”ında yayımlanan  proqrama “Nikol Paşinyan: Bəlaların xəbərçisi” adlı xüsusi  buraxılışında rusiyalı hərbi ekspert Aleksandr Artamanovun Zəngəzurda Azərbaycanın 6 kəndinin işğalda olduğunu açıq şəkildə bildirməsi diqqəti cəlb edir. Artamanov bu sözlərlə   hələ də  işğal altında qalan Kərki və digər yeddi kəndi nəzərdə tutmayıb. O, xüsusi vurğulayıb ki, 1988-ci ilə qədərki müxtəlif vaxtlarda Zəngəzurda Ermənistan tərəfindən ələ keçirilmiş 6 kəndi də Azərbaycan tələb edərsə, buna kim mane ola bilər? Heç də qəribə səslənmir. Axı, rus politoloqları, siyasətçiləri və tarixçiləri babalarınn “təşkil” etdikləri Hayastanın saxta tarixini də, ermənilərin zorla yerləşdirildikləri ərazinin kimə məxsus olduğunu da yaxşı bilirlər.

Bəs, söhbət hansı kəndlərdən gedir? Suala cavab tapmaq üçün bi az geridəki illərə nəzər salmalıyıq.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyev ilk dəfə bu mövzuya 90-cı illərin sonunda toxunub və Nüvədi kəndi haqqında danışıb. Orada Heydər Əliyev məxsusi olaraq bildirir: “İndi bizi Naxçıvandan ayıran 40-46 kilometrlik – dəmiryolla getsək – Ermənistanı İrana bağlayan məsafə - o vaxt hətta Zəngəzur Ermənistana verilən zaman da o qədər deyildi! Biz dünən xəritəyə baxırdıq. O, təxminən, 10 kilometr olubdur. Amma sonra o tərəfdən – Naxçıvana daxil olan kəndlər əldən alınıb, bu tərəfdən – yəni, Zəngilandan – o vaxt Zəngilan deyildi, Cəbrayıl qəzası idi – kəndləri, torpaqları alaraq, Ermənistana qataraq, 10 kilometr məsafəni 46 kilometr ediblər”.

Heydər Əliyev 1922-1923-cü ildə başlayan bu prosesin Nüvədi kəndinin 1929-cu ildə Ermənistana verilməsi ilə nəticələndiyini də xatırladır. Beləliklə, hətta Sovet Azərbaycanının ərazisi təsdiqlənəndən, SSRİ yaradılandan sonra da "torpaq payı" prosesi davam edib.  Cəmi 9 min kvadratkilometrdə qondarılan Ermənistan ərazisi bu cür yollarla  artırılaraq 29 min kvadratkilometrə çatdırılıb. Bu, o deməkdir ki, istər çar, istərsə də Sovet hökumətinin ermənipərəst rəhbərləri Azərbaycan xalqına daim düşmən münasibət saxlayıb.

 Artamanov rus sərhədçilərin “məsuliyyət zonasından” danışarkən, Zəngəzurdakı sonradan alınan 6 kəndə işarə edir və təbii ki, diqqət İranla sərhədə yönəlir. Barəsində söhbət gedən kəndlər aşağıdakılardır:

Nüvədi kəndi. Adı 1593-cü ildə kəndi olaraq  çəkilir. Məlumata görə, o zaman kənddə 25 ailə yaşayıb.

Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Mehri rayonunda, rayon mərkəzindən 16 kilometr şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Sovet hökumətinin təzyiqi ilə Nüvədi kəndinin Ermənistanın Mehri rayonuna verilməsi ilə bağlı rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilib. Təbii ki, Moskvanın təzyiqi altında.

Toponim "dağ ətəyində ovuq, çökək yer" mənasında işlənən nüyək, nüək, nüyəx, "iki tərəfi qaya olan sahə" mənasında işlənən nüy sözünə fars dilində "kənd" mənasında işlənən "deh" sözünün variantı olan "di" sözünün qoşulması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

1994-cü il fərmanı ilə kəndin adı dəyişdirilib Nrnadzor qoyulmuşdur.

25 oktyabr 2020-ci ildə Nüvədi kəndinin sakinləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyeva müraciət ediblər. 18 iyun 2021-ci ildə Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, eləcə də UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıblar.

Aldərə kəndi. “Al” və “dərə” sözlərindən yaranıb, “qırmızı dərə” mənasındadır. Kənddə 1987 nəfər azərbaycanlı yaşayıb.  1988-ci ilin noyabrın 24–28-də kəndin sakinləri — azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlarından zorla deportasiya olunublar.

Kığı kəndi. Burada azərbaycanlılarla bağlı X əsrə aid tarixi abidə indi də durur. Kığı kəngərlər elinin Sofulu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən biridir. Ona görə də digər adı Kiçik Sofuludur.

1979-cu il siyahıyaalınmasına görə, kənddə 1115 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən kütləvi surətdə qovulublar.

Maralzəmi kəndi. 1987-ci ildə 800 nəfər azərbaycanlı yaşayıb.

Seyidlər kəndi. 1914-cü ildə 1053 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ilin noyabr ayında erməni quldur dəstələri tərəfindən didərgin salınıblar.

Lehvaz kəndi. Türk dilində "sıldırım qaya, şiş qaya ətəyində dar dərədə axan çay yanında dağ" mənasında işlənən bayz (bays) sözündən əmələ gəlmişdir, “düzən yerdə tirə, təpəcik, hündür yer" mənasında işlənib.  1987-ci ildə 1002 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ilin noyabr ayında onlar öz doğma torpaqlarından qovulublar.

Göründüyü kimi, bu kəndlərin çoxu və onlara məxsus torpaq sahələri 1922-29-cu illərdə və daha sonra Ermənistana birləşdirilib. Bu birləşmənin hətta 1960-cı illərə qədər davam etdiyi də istisna edilmir. Ona görə də rus hərbi ekspert Artamanov həmin kəndləri Azərbaycanın geri qaytara biləcəyini vurğulayır.

Bütün bunlar isə Ermənistan baş naziri Nikol Paşinyanın 1975-ci il xəritələri ilə delimitasiyaya niyə cidd-cəhdlə çalışdığı və bunu niyə hər dəfə gündəmə gətirdiyinin səbəbini izah edir.

Ancaq Heydər Əliyevin məşhur çıxışından görünür ki, Ümummilli Liderimiz hələ 90-cı illərdə dövlətə məxsus olan xəritələrlə iş aparıb və milli strategiyanı müəyyən edib. Dəqiq xəritələr, əhalinin məskunlaşması, tarixilik üzərində qurulan bu milli strategiyanın hədəfi isə düşündüyümüzdən daha genişdir.

Qərbi Azərbaycan İcması da daxil olmaqla, tarixçilərimizin rus hərbi ekspertin işarə etdiyi bu mühüm məsələ haqda açıqlamalar vermələrini və daha peşəkar yanaşma göstərmələrini, vaxtaşırı gündəmə çıxarmalarını, müzakirə etmələrini arzu edirik. Bu, çox vacibdir. Zorla əlimizdən alınmış torpaqların geri qaytarılması, soydaşlarımızın doğulub yaşadıqları dogma yurdlarına qovuşması ən önəmli məsələdir. Bu, həm milli, həm də ölkəmizin bütövlüyü məsələsidir.

Vəli İlyasov, “İki sahil”