24 oktyabr 2023 10:45
260

Bu gün Füzuli tamamilə yenidən qurulur

Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.

Xatırladaq ki, Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sonra Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etdi.

Vətən müharibəsində isə Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. Möhtərəm prezidentimiz Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir.

Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası şanlı Zəfər qələbəsindən sonra işğaldan azad olmuş Qarabağda nəhəng tikinti-abadlıq işləri həyata keçirirki, bu da Qarabağ ərazisini nəhəng tikinti meydançasına bənzədi. Bütövlükdə bütün bölgədə yenidənqurma işləri sürətlə dəvam etdirilərək qızğın iş gedir. Şəhərlər, kəndlər yenidən qurulur. Yaşayış evləri ilə yanaşı, parklar, xiyabanlar da salınır. Mühüm olan, Füzuliyə köç edənlərin və bölgə sakinlərinin işlə təmin olunması üçün yeni istehsal müəssisələri açılır. Bütün görülən işlər Azərbaycan Respublikanın öz daxili imkanları və iqtisadi gücü hesabına həyata keçirilir.

27 illik işğaldan azad edildikdən sonra Füzuli rayonu nəhəng bir xarabalığı xatırladırdı. Vandallar bütün rayonun infrastrukturunu dağıdıb, yolları bərbad hala salıb, iaşə obyektlərini və yaşayış evlərini, mədəni-tarixi abidələri məhv etmişdilər. Rayonda geniş quruculuq işləri aparıldı, yeni məktəblər, xəstəxanalar, binalar tikildi, iqtisadi imkanlar genişləndirildi. Rayona vurulan maddi və mənəvi zərərin miqyası böyük olduğu üçün abadlıq işlərinin illərlə çəkəcəyi hesablanmışdı. Lakin dövlətimiz bütün Qarabağda sürətli abadlıq işlərinə start verdi, işğaldan azad edilən digər rayonlardakı kimi Füzuli rayonunu az bir müddətdə yenidən yaşanacaq vəziyyətə gətirdi.

Bu il Füzulinin Dövlətyarlı, Pirəhmədli və Dədəli kəndlərində də quruculuq işlərinə başlandı. 2026-cı ilə qədər isə rayonun 10 kəndinin bərpası nəzərdə tutulur. 38 binalıq ilk yaşayış məhəlləsinin 18 binasının isə bu ilin sentyabrında təhvil veriləcəyi planlaşdırılıb.

Qısa müddətdə Füzulidə Mərkəzi Xəstəxananın və peşə liseyinin tikintisinə də başlanıldı. Həmçinin baş plan çərçivəsində şəhərə bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq. Qələbə parkı, Füzuli Meydanı, Memorial parkın yaradılması və yaşıl zolaqlar vasitəsilə bu ərazilərin bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.Hazırda Füzulidə 6 məhəllə inşa olunub. 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Həmin yaşayış sahəsinə ilin sonunadək 800 ailənin köçürülməsi nəzərdə tutulur. Köçürülmə prosesi iki mərhələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir. Bu günlərdə Füzuli ilk sakinlərini qəbul edəcək. İlk dəfə olaraq Qarabağa köç fərdi evlərə deyil, çoxmənzilli binalara baş tutacaq.

Dövlətimizin başçısı görüş zamanı Füzuli də açılacaq iş yerlərindən söz açdı: “İndi isə qalıb ki, insanlar burada rahat yaşasınlar. Onu da bildirməliyəm ki, biz bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetiririk. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. Şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək – texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın. Əminəm ki, müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaqdır”.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri