24 oktyabr 2023 00:51
524

Məqsəd ölkənin tələbatını yerli məhsullar hesabına ödəməkdir

Dövlət başçısı İlham Əliyevin Sumqayıt şəhərinə səfəri çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak etməsi də bunun bariz nümunəsidir

Müasirləşmə, yeniləşmə Azərbaycanda  dövlət siyasətinin əsasını təşkil edir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən bu çağırışı etdi ki, neft kapitalını insan kapitalına çevirək! Əsas hədəf iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasıdır. Son 20 ildə ölkəmizdə  enerji  sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar,  iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də   təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Ötən dövr ərzində  ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir.  Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir.

Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2014-cü ilin ölkəmizdə «Sənaye İli» elan edilməsi,  “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi  bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlətimizin başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşir. Hazırda ölkədə sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesinin inkişafı məqsədilə sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi diqqət mərkəzində saxlanılır. Sənaye sahələrinin sürətli inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas tərkib hissələrindən biridir. Məqsəd ölkənin tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək, ixrac potensialını artırmaq, son nəticədə neft-qaz amilindən asılılığı azaltmaqdır.

Enerji sektorundan asılılığın minimuma endirilməsi üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin gərəkliyi önə çəkildi və  2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına ilk Dövlət Proqramı təsdiqləndi. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi iqtisadi inkişafı sürətləndirdi. Məhz bu baxımdan ölkə Prezidenti İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik: “Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi mənim 2003-cü ildə seçkiqabağı proqramımın bir hissəsi idi. O vaxt bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı mənim üçün əsas vəzifələrdən biri olacaqdır və belə də oldu.»  2004-cü ildə birinci, 2009-cu ildə ikinci, 2014-cü ildə üçüncü, 2019-cu ildə isə dördüncü  Regional İnkişaf proqramları qəbul olunmuş və  dördüncü proqramın icrası bu il başa çatır.

Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan  addımlarda əsas məqsəd böləgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlətimizin başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Cənab İlham Əliyev bildirir : “Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.” Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.

Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir: “Mən xatırlayıram, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq.» Bu inam da ifadə edilir ki, gələcəkdə daha da böyük işlər görüləcək. Müstəqilliyinin bərpasının 32-ci ilini arxada qoyan Azərbaycan neft amilinin ölkə iqtisadiyyatının inkişafında önəmini gerçəkliyə çevirdiyi enerji layihələri ilə təsdiqlədi. Artıq son 20 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Davamlı inkişafın əsası olan Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva etdi. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası uğurla icra edildi. Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə yol açaraq qəbul edilən sənədlərə yeni əlavələrin edilməsini, yaxud yeni Dövlət Proqramının qəbulunu zərurətə çevirdi. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» bunun bariz nümunəsidir. Eyni zamanda, onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirilərək onların sayı 14-ə çatdırıldı. Yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı.

Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı” söyləyən dövlət başçısı bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafının bütün dövrlər üçün aktual olduğunu bildirir. Ölkəmizdə keçirilən biznes forumlar, həmçinin ölkə Prezidentinin bu və ya digər xarici ölkəyə səfəri zamanı iş adamları ilə görüşləri iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan bu gün sosial,  iqtisadi mərkəz kimi dünyanın diqqətindədir.  

Özünüməşğulluğun təminatı, ən əsası sosial müdafiənin gücləndirilməsi əsasdır. Ailə təsərrüfatlarının inkişafına dəstəyin daha da gücləndirilməsi, hər bir ailənin öz məhsulu ilə tanınması üçün şəraitin yaradılması sağlam rəqabətə yol açır. Bu isə öz növbəsində məhsulun keyfiyyətini şərtləndirir. Hədəfə çatmaq üçün qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, dövlət dəstəyi artırılır, iqtisadi zonalar, sənaye parkları yaradılır, inzibati prosedurlar sadələşdirilir.

   Onu da qeyd edək ki,  Azərbaycanda  aparılan iqtisadi islahatların davam etdirilməsi, ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək məqsədilə dövlət başçısı İlham Əliyev «Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» Fərman imzalayıb.

  Sənaye parkları və məhəllələri sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir. Qeyri-neft sektorunun inkişafına mühüm töhfə verən sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. Dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən Ağdam, 4 oktyabr tarixli Fərmanı ilə “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması nəticəsində ölkəmizdə sənaye parklarının sayı 7-yə çatıb.

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının resurslarını, Zəngəzur dəhlizinin açılması ilə yaranacaq tranzit potensialını, İran və digər cənub bazarlarına çıxışın mövcud olmasını və nəhayət regionda gedəcək bərpa işlərini nəzərə alsaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının  böyük inkişaf potensialı vardır.

Regionların, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında sənaye məhəllələri də əhəmiyyətli rol oynayır. Hazırda ölkəmizdə 5 sənaye məhəlləsi – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir.

Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. Dövlət başçısı  qeyd edir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Sözsüz ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti vardır. Müasir sənaye məhəllələrinin yaradılması, eyni zamanda, ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, iqtisadi gücümüzü artırır.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə işğaldan azad edilimiş ərazilərimizdə geniş miyaslı bərpa və quruculuq işlərindən geniş bəhs edərək bildirdi ki,  insanların burada rahat yaşamasını təmin etmək prioritet istiqamət olaraq qalır.  Bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun: «Şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək – texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın. Əminəm ki, müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaqdır.»

Atılan hər bir addım  qeyri-neft sektorunun inkişafının prioritetliyini təsdiqləyir. Oktyabrın 23-də cənab İlham Əliyev Sumqayıt şəhərinə növbəti səfəri çərçivəsində  Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak etdi.  Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Bildirildi ki,  hazırda burada 6600-dən çox insan daimi işlə təmin olunub. Bundan əlavə, mövcud layihələr üzrə sənaye parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İraq, Yaponiya, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrə ixrac olunub.

Dövlət başçısı İlham Əliyev Sumqayıt Kimya Sənayesi Parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin və “Kartaş Kimya” MMC-nin müxtəlif Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlini qoydu. “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin, “Universal Qablaşdırma Sənayesi” QSC-nin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışında iştirak etdi. Ölkə Prezidenti daim çıxışlarında  bu çağırışı edir ki, sənayeləşmə siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, Prezident Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında da iştirak edib.

Yeganə Əliyeva, “İki sahil”