24 oktyabr 2023 00:30
279

Ordumuz diktə edən tərəfdir

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltdıqdan sonra çıxışında bildirdi ki, ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq: “Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik”.

Bəli, Qarabağda suverenliyimizin tam bərpası ilə nəticələnən uğurlu antiterror tədbirləri göstərdi ki, ordumuz üç il bundan əvvəlkindən daha güclüdür. Həqiqətən də  Silahli Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla həyata  keçirildiyi siyasət nəticəsində Azərbaycan Ordusu təkcə bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub. Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumunun yüksək səviyyədə olmasını təmin etməsidir. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda Azərbaycan xalqı möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, hər an düşmənə sarsıdıcı zərbələr vurmağa qadir ordusu ilə qürur duyur. Vətən müharibəsi başa çatdıqdan sonra Ali Baş Komandan ordunun Türkiyə (NATO) ordu modelinə keçməsi barədə bəyanat verdi və qısa müddətdə müxtəlif bölgələrdə yeni komando hissələri yaradılmağa başlandı. Türkiyədə tətbiq olunan komando briqada və birliklərin təcrübəsi Azərbaycanda tətbiq edildi. Təbii ki, Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnməlidir və hazırda bu iş lazımi səviyyədə həyata keçirilməkdədir. Bu gün ən müasir, daha yüksək dəqiqliyə malik olan silahlar alınır və orduda müasirləşmə prosesi daim aparılır. Bütün bunlarla yanaşı, Azərbaycanda hərbi sənayenin sürətlə inkişafı üçün böyük vəsait ayrılır, bu sahəyə xüsusi diqqət göstərilir. Bu gün ölkəmizdə yerli hərbi sənayenin yeni dövrü başlayır. Artıq Müdafiə Sənayesi Nazirliyində müxtəlif hərbi təyinatlı silah-sursat istehsal olunması prosesi uğurla davam etdirilir. Öz tələbatımızı maksimum təmin etməklə yanaşı, hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində müdafiə təyinatlı məmulatların istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Əldə edilən uğurlar aparılan islahatların nəticəsində hasil olur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə ölkənin hərbi xərcləri 24 dəfə artıb.

Son 20 ildə Prezident İlham Əliyevin tapşırıqları əsasında dövlət büdcəsindən ordu quruculuğuna ayrılan vəsaitlər daim artırılıb.  Dövlət büdcəmizin xərc istiqamətlərində ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin  möhkəmləndirilməsinin prioritetliyi postmüharibə dövründə də qorunub saxlanılır. Respublikamızda 2022-ci ildə müdafiə və milli təhlükəsizlik sahəsinə 5622,5 milyon manat məbləğində vəsait yönəldilib. Qeyd olunan rəqəm dövlət büdcəsi xərclərinin 17,5 faizini təşkil edib.  Ötən il ayrılan vəsait 2021-ci illə müqayisədə 737 milyon manat və ya 15,1 faiz çox olub . Ordu quruculuğunun prioritetliyini 2023-cü ilin büdcəsinin timsalında da izləyə bilərik. Hələ ötən ilin sonlarında parlamentdə qəbul olunan 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard manat vəsait nəzərdə tutulmuşdu. Lakin uğurlu siyasətin məntiqi nəticəsi olaraq cari ilin birinci yarısında dövlət büdcəsinə proqnozlardan əlavə 3 milyard manat vəsait cəlb olunub. Beləliklə də, dövlət büdcəsində dürüstəşdirmə aparılıb. Büdcəyə cəlb olunan əlavə vəsaitlərin 1 milyard 105 milyon manatı məhz ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəldilib.

Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib ki, biz bu illər ərzində həm iqtisadiyyatı qurduq, həm ehtiyatlar yığdıq: “Nə üçün? Bilirdik ki, bu gün gələcək, o vəsait bizə lazım olacaq və biz haraya xərcləyirdik - orduya. Birinci yerdə ordu xərcləridir, ikinci təhsil xərcləridir. Həmişə bizim büdcəmizdə, bu iki əsas prioritet var idi. İndi ordu xərclərinə biz yenə də vəsait ayırmalıyıq. Çünki yumruq daim yerində olmalıdır. Ancaq, eyni zamanda, indi vəsaitin əsas hissəsi Qarabağın bərpasına gedir”.

Bütövlükdə, respublikamızda hər il ordu quruculuğuna ayrılan maliyyə vəsaitlərinin həcmi Ermənistanın  hərbi xərclərini həmişə üstələyib. Bu ölkənin kiçik iqtisadiyyatı güclü ordu quruculuğunu mümkünsüz edir. İşğalçı Ermənistanın cari il üçün dövlət büdcəsində müdafiə sektorunun xərcləri cəmi 509 milyard dram (1,3 milyard dollar) səviyyəsində nəzərdə tutulub. Bu, tamamilə dağılmış ordunu yenidən qurmaq üçün çox kiçik rəqəmdir. Hazırda bu ölkə silah tədarükü üçün əsasən Hindistana üz tutur. Ermənistanın almaq gücündə olduğu ucuz silahlarının texniki parametrləri isə aşağı səviyyədədir.

Göründüyü kimi, rəsmi İrəvanın illər əvvəl öz ordusu barədə yaratdığı “məğlubedilməzlik” mifi çoxdan yerlə-yeksan edilib. Azərbaycan Ordusu isə ermənilərə də, onların havadarlarına da çox həqiqətləri başa salıb. Zaman göstərir ki, Azərbaycan rəhbərliyi nə deyirsə, onu da edir. Bu, təkcə siyasətimizin və diplomatiyamızın uğuru deyil, həm də Azərbaycan əsgərinin diktəsidir.

Nigar Orucova, “İki sahil”