24 oktyabr 2023 02:51
265

“Ağ ölüm”ə yox deyək!

Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya insan həyatında fəsadlar yaradan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan qorxulu xəstəliyi kimi hər bir insanı düşündürür. Hər kəsə məlumdur ki, dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. 

Həmçinin statistikada bu fakt da yer alır ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmaqdadır. Şübhəsiz ki, bu, həyəcan təbili çalmaya bilməz. Çünki hər bir ölkənin gələcək inkişafında əsas hərəkətverici qüvvəsi olan gənclərin sağlam şəkildə böyüməsi, təhsil alması, onların potensialından qarşıya qoyulan hədəflərin gerçəkləşməsində səmərəli istifadə edilməsi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Gənclərə diqqət və qayğı ilə yanaşan, “Gələcəyimiz bir çox cəhətdən indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” söyləyən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev onların bu sosial bəladan qorunması üçün daim ciddi səylər göstərmiş, bu istiqamətdə müvafiq sənədlər imzalayıb.

Belə ki,  1996-cı ildə müvafiq Dövlət Komissiyası yaradılmış və daha sonra “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib.  Bugünədək bu sosial bəlanın aradan qaldırılması məqsədilə üç Dövlət Proqramı icra olunub, 2019-cu ildən etibarən isə dördüncü Dövlət Proqramı həyata keçirilməkdədir.

Onu da qeyd edək ki, narkomaniya və narkobiznes dünyada münaqişə  ocaqlarının, nəzarətsiz zonaların, terrorçu mərkəzlərin və mütəşəkkil cinayətkar qrupların yaradılmasında, silah alverinin güclənməsində  mühüm faktorlardan biri kimi də çıxış edir. Son bir neçə ilə qədər ölkəmiz də bundan əziyyət çəkirdi. Belə ki, 30 ilə yaxın müddətdə torpaqlarımızın 20 faizini erməni işğalına məruz qalması, Qarabağın və Şərqi Zəngəzurun nəzarətsiz zonaya çevrilməsi  narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdi. İşğal olunmuş ərazilərimizdə narkotik tərkibli bitkilərin yetişdirilməsi, onlardan əldə olunan vəsaitlərin isə çirkin niyyətlərin həyata keçirilməsinə yönəldilməsi hər kəsə çoxdan məlum olan faktdır. Ancaq 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edərək Azərbaycanın şanlı Qələbəsi ilə sona çatan Vətən müharibəsindən və 19-20 sentyabr 2023-cü il tarixdə keçirilən lokal antiterror əməliyyatlarından sonra dövlətimizin bütün ölkə ərazisində öz suverenliyini bərpa etməsi ilə nəzarətsiz zona ifadəsi üzərimizdən götürüldü və torpaqlarımızdan keçən narkobiznesə ciddi zərbə vuruldu.

Bir nüans da qeyd olunmalıdır ki, narkomaniyaya qarşı mübarizə tək bir ölkəni, qurumu, təşkilatı, yaxud bir şəxsi  deyil, ümumilikdə dünyanı narahat edən məsələdir və bu məsələnin həlli üçün birgə addımların atılması zəruridir.  Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır, bu isə öz növbəsində müxtəlif fəsadların yaranmasına səbəb olur. Bu da sirr deyil ki, narkotiklərlə bağlı cinayətlər haqqında, həmçinin bu bəlaya yoluxanların statistikası əvvəllər  gizli saxlanılırdı. Məhz bu gizlilik onun coğrafiyasının daha da genişlənməsinə bir növ yol açdı. Bu gün isə reallıqlara uyğun olaraq tamamilə başqa mənzərənin şahidi oluruq. Bu bəlaya yoluxanların, narkotik maddə satışı və alışı ilə məşğul olanların tutularaq cinayətə cəlb edilməsi ilə bağlı görülən işlərin ictimaiyyətə açıqlanması öz müsbət nəticəsini verir. Bu baxımdan ki, çoxları üçün adi görünən, amma ağır cəza olan ictimai qınaq deyilən məfhum var. Özünə dəyər verən, ətrafdakılarının yanında pis vərdişlərin aludəçisi kimi tanınmağı vicdanına sığışdırmayan insanlar iradələrinə hakim olaraq bu bəladan yaxa qurtarmağı bacarırlar. 

Dövlət Sərhəd Xidmətinin (DSX) fəaliyyətinin əsas istiqamətlərindən biri Silahlı Qüvvələrin mütəmadi olaraq sağlam gənclərlə komplektləşdirilməsinin təmin edilməsidir. Qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi məqsədilə sağlam həyat tərzinin təbliği işinin genişləndirilməsi, narkotik vasitələrin cəmiyyətə, çağırışçıların sağlamlığına ziyanı barədə maarifləndirmə işinin aparılması daim nəzarətdə saxlanılır. Bu istiqamətdə effektiv təbliğat metodlarının tətbiqi məqsədilə aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birgə səmərəli fəaliyyətin təmin olunması uğurlu nəticələrin qazanılmasına müsbət töhfə verir.

Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq DSX tərəfindən cari ilin 9 ayı ərzində keçirilən kompleks tədbirlər nəticəsində ümumilikdə 1 ton 162 kq 230 qram narkotik vasitə, 42231 ədəd metadon, 2321 ədəd kapsul və 6239 ədəd həb güclü təsir edən maddə (29 kq 390 qram heroin; 19 kq 417 qram tiryək; 130 qram həşiş; 1 ton 98 kq 129 qram marixuana, 15 kq 162 qram metamfetamin, 42231 ədəd metadon və 6239 ədəd həb və 2321 ədəd kapsul güclü təsir edən maddə) qeyri-qanuni dövriyyədən çıxarılıb.

Bütün hallarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilmə cəhdləri İran İslam Respublikasından ölkəmiz istiqamətinə qeydə alınıb. Dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinə görə 24 nəfər Azərbaycan və 2 nəfər İran vətəndaşına DSX-nın İstintaq və Təhqiqat İdarəsi tərəfindən (75 fakt üzrə) cinayət işi açılıb. Bundan əlavə, “Xaş-xaş 2023” şərti adı altında Yardımlı, Lerik, Zaqatala, Qax, Balakən, Şəki, Qazax, Qubadlı, Laçın və Zəngilan rayonlarının sərhədyanı ərazisində keçirilmiş tədbirlər nəticəsində yabanı halda bitən 6085 kq (23312) xaş-xaş və 28156 (58825 ədəd) çətənə kolları müvafiq qaydada məhv edilib. Narkoxassəli bitkilərin aşkarlanması və məhvetmə prosesləri mütəxəssislərin, yerli icra nümayəndəliyinin və hüquq mühafizə orqanlarının iştirakı ilə həyata keçirilib.

DSX narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə fəaliyyət effektivliyinin artırılması ilə bağlı aidiyyəti qurumlarla birgə istənilən praqmatik fəaliyyətə hazırdır və Xidmət tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın aidiyyəti bəndlərinin icrasının təmin edilməsi istiqamətində müvafiq işlərin görülməsi daim nəzarətdə saxlanılır.

Zaur Zeynalov,
Dövlət Sərhəd Xidmətinin Baş İdarə rəisi, general-mayor