24 oktyabr 2023 02:28
394

“Yan”ların yanları

Müharibə canilərinə amnistiya tələb edən beynəlxalq qurumlara başqa ad vermək mümkünsüzdür

Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndidəki separatçı rejim 2023-cü ilin sentyabr ayında 23 saat davam edən lokal antiterror tədbirləri nəticəsində tarixin zibilliyinə atıldıqdan sonra Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyatlar zamanı vaxtilə soydaşlarımıza qarşı soyqırımlar törətmiş və hərbi cinayətlərdə əli olmuş bir qrup separatçı həbs olunaraq Bakıya gətirildi. Şübhəsiz, həmin canilərin hər biri törətdiyi  əməllərə görə Azərbaycan qanunlarına əsasən layiqli cəzalarını alacaq.

Onlardan biri - 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində qətliamlar törədən, uşaq, qadın, qocalara tükürpədici işgəncələr verən Vaqif Xaçaturyan artıq məhkəmə qarşısındadır. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilir.

Doğrudur, Vaqif Xaçaturyan məhkəmə prosesində yazıq görkəm alaraq daha doğrusu, quzu cildinə girərək, Allaha and içərək, “qadan alım”, “başına dönüm” kimi ifadələrdən məharətlə istifadə edərək törətdiyi cinayətləri danmağa cəhd edir. Hətta bu həyasız məhkəmə zalında vaxtilə işgəncə verdiyi, doğmalarını diri-diri yandırdığı, olmazın müsibətlər yaşatdığı azərbaycanlıların düz gözünün içinə baxa-baxa bu insanlıqdan uzaq əməlləri törətmədiyini söyləyir. Bununla da o, öz şəxsində “ay­dan arı, sudan duru” olan klassik  hiyləgər erməni obrazını bir daha ortaya qoyur. Amma əlahəzrət faktlar onu məngənəyə elə salıb ki, uydurduğu yalanlar daha karına gələ bilmir.

Di gəl, hazırda Ermənistan və başda Makron Fransası olmaqla havadarları Vaqif Xaçaturyanın və digər cani separatçıların "azadlığa buraxılması” üçün dəridən-qabıqdan çıxırlar. Üstəlik, rəsmi Bakını "beynəlxalq məhkəmələr qarşısında cavab vermək" ilə hədələyirlər. Artıq bəzi beynəlxalq qurumlar, o cümlədən ötən əsrin 80—90-cı illərində azərbaycanlılara qarşı törədilən vəhşiliklərə biganə qalan, daha doğrusu, görməməzliyə vuran, Azərbaycana qarşı qərəzli mövqe tutan təşkilatlar onların azad olunması istiqamətində “addım”lar atmaqdadırlar. Məsələn, Avropa Şurasının Nazirlər Komitəsi və Avropa İttifaqının nümayəndə heyəti oktyabrın 18-də Strasburqda keçirilən iclasda Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbul etdiyi bəyanatda Vaqif Xaçaturyan kimi ağır cinayətlər törədənlərə amnistiya “tələb”i ilə çıxış ediblər. Hətta onların qəbul etdikləri “sənəd”də belə bir müddəa da yer alıb: “Etimadın gücləndirilməsi tədbiri olaraq Brüssel Azərbaycanın bütün Qarabağ erməniləri, o cümlədən onların nümayəndələri üçün hərtərəfli amnistiya elan etməsini gözləyir”. Bu, o deməkdir ki, “mühüm etimad” quruculuğu tədbiri kimi Qarabağ er­məniləri, o cümlədən onların nümayən­dələri üçün hərtərəfli amnistiya elan olunmalıdır. Axı 44 günlük müharibə zamanı döyüş bölgəsindən çox-çox uzaqda yerləşən Gəncəni raket atə­şinə tutmaq əmrini verdiyini açıqca bil­dirərək əməlindən qürur hissi keçirdiyini bəyan edən, onlarla dinc azərbaycanlının ölümünə səbəb olan sabiq baş separatçı Araik Arutyun­yana, Meşəlidə soydaşlarımıza faciələr yaşadan Vaqif Xaçaturyana, insanlıq əley­hinə cinayətlər törətmiş Bako Saakya­na, Arkadi Qukasyana,  terroru maliyyələşdirən, Qarabağda separatçılığı qızışdıran Ruben Vardanyana necə amnistiya tətbiq oluna bilər axı? Digər tərədən, sual olunur: Bu nə gözləmədir? Olmaya bu daşnaklar bir zamanlar mühakimə olunaraq ömürlük həbs cəzasına məhkum edilmiş serb hərbi canilərindən artıqdırlar? Yaxud alman nasistlərini 60 ildən sonra tapıb mühakimə edən Avropa  indi niyə eyni cinayətlər törətmiş xaçaturyanlara, vardanyanlara, arutyunyanlara, saakyanlara, qukasyanlara, manukyanlara, mnatsakanyanlara belə mərhəmətlə yanaşır? Bu mənada minlərlə dinc sakini işgəncə ilə qətlə yetirən separatçıların “lider”lərinə, eləcə də digər erməni hərbi canilərə amnistiya tətbiq edilməsi cəhdi absurddur. Şübhəsiz, bu, Avropa İttifaqının müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törədənlər üçün amnistiya tələb etməsi bu quruma irqçi mentalitetin ayaq açmasını və humanizm dəyərlərinin aşınmasını, eləcə də onun regionda sülh və ədalətin bərqərar olmasında maraqlı olmadığını göstərir.

Bəli, Ermənistan hakimiyyəti  və havadarları bu cinayətkarların həbs edilməsindən də  "siyasi şou" düzəltməyə cəhdlər göstərirlər. Şübhəsiz, təcavüzkarın digər şouları kimi bu şounun da onlara heç bir faydası olmayacaq. Hər şeydən əvvəl ona görə ki, həmin şəxslərin həbs olunması Azərbaycan qanunvericiliyi ilə yanaşı, beynəlxalq hüquqa da tamamilə uyğundur. Soyqırımı, deportasiya və insanlıq əleyhinə ağır cinayətlər törədən separatçıların  həbsi üçün ciddi hüquqi əsaslar olub. Beynəlxalq humanitar hüquq müharibə cinayətkarlarının həbsini qadağan etmir. Bu mənada rəsmi Bakı Avropa İttifaqının bu performansından əsla narahat deyil.

Yazını Cəlil Məmmədquluzadənin məşhur “Ölülər” əsərindəki kefli İskəndərin son monoloqundakı bəzi ifadələri dəyişməklə tamamlamaq istərdik: “Mən dağları, daşları, quşları, fələkləri, ulduzları və dünya-aləmləri bura şahid çəkərəm və bu “sənəd”i onlara nişan verərək soruşaram ki,  müharibə canilərinə amnistiya tələbi ilə çıxış edən belə qurumlara nə ad qoymaq olar? O vədə hamı bir səslə cavab verər: “Yan”ların yanları”.

Qvami Məhəbbətoğlu, “İki sahil”