24 oktyabr 2023 02:10
313

Cənubi Qafqaz makronizm üçün meydan ola bilməz

Riyakar və ikili standartlar siyasəti yürüdən Fransanın neokolonializm meyillərini Cənubi Qafqaza transfer etmək niyyəti  islamofobiyadan qanaqlanan irqi ayrı- seçkiliyin ən iyrənc formasıdır

Bu ilin iyul ayında  Bakıda  Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun  «Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli»” mövzusunda keçirilən nazirlərin görüşündə deyilənlər XXI əsrdə belə davam edən müstəmləkəçilik siyasətinə beynəlxalq səviyyədə genişlənən etirazların əks-sədası idi. Görüşdə çıxış edən Prezident İlham Əliyev  Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik  etdiyi müddətdə  görülən işləri diqqətə çatdırmaqla   Fransanın dövlət siyasətinin əsasını təşkil edən neokolonializm  kimi mənfi, təcavüzkarlıq meyillərinin hələ də davam etməsini militarizm, bəzi dövlətlərin   suverenliyinə təhdid,  ərazi bütövlüyünün pozulmasına, ölkələrin daxili işlərinə müdaxilə adlandıraraq beynəlxalq ictimaiyyəti belə hallara qarşı birgə  müzarizəyə çağırdı.

«Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir» sözləri ilə zamanın çağırışına uyğun  daha ciddi, ədalətli bir qurumun yaradılmasının vaxtının çatdığını bildirən Prezident İlham Əliyev fikrini əsaslandırdı. Vurğuladı ki,  müstəmləkə siyasətini davam etdirən, nasizmə sadiq  Fransanın BMT-nin   Təhlükəsizlik Şurasının daimi üzvü olması təşkilatın ədalət prinsipləri əsasında fəaliyyətinə kölgə salır.  Qlobal siyasi gərginliklərlə  zəngin olan müasir dünya siyasətinin daha düzgün istiqamətləndirilməsi üçün BMT-nin Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması ilə  sabitliyin, sülhün qorunmasına daha çox töhfə verə bilər. Artıq  bu ideyanı dəstəkləyən dövlətlərin sayı artmaqdadır.  O, da bildrildi ki,  üzvlərinin sayı artan  QH-ya BMT-də daimi yerin verilməsi Fransanın təmsilçiliyindən daha səmərəli olardı .

 İllərdən bəri Ermənistanın təcavüzkarlıq, separatizm siyasəti nəticəsində hərbi cinayətlərin, ekoloji və sair terrorların qurbanı olan  Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. «Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir» söyləyən  Prezident  İlham Əliyev bildirdi ki,   təkcə 1,5 milyon əlcəzairlini qətlə yetirən,  Afrika qitəsinin bir neçə ölkəsini əsarət altında saxlayan  Fransanın Prezidenti Emmanuel Makronun ölkəsini  «demokratiyanın qarantı» adlandırması, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi sivil cəmiyyətlərə   xəyanətdir. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu  göstərdi. Bu biabırçılığa baxmayaraq Makronun  mənfur  siyasətini  Azərbaycanın Qarabağ bölgəsində davam etdirmək niyyəti,  separatizmi dəstəkləyərək  Ermənistana hərbi  yardım göstərməsi regional gərginliyin artmasına yönəlib.

 Əlcəzairdə və özünün dənizaşırı ərazilərində - Sakit okeanda, Fransa Polineziyasında bir neçə nüvə silahı sınağı keçirən və bununla da qlobal səviyyədə ətraf mühiti ekoloji terrora məruz qoyan Fransa   qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş, sərvəti talan olunmuş  ölkələrin  vətəndaşları  artıq Fransanın  əsarətində  olmaq istəmirlər. Etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik  hallarını, islamofobiyanı genişləndirən, Korsika dilinə qadağa qoyan, etnik azlıqlar konsepsiyasını  qəbul etməyən Fransanın Azərbaycanın ərazisi olan Qarabağda  «insan hüquqlarının qorunması»na  canfəşanlıq etməsi, özünü erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışması riyakarlıq və  neokolonializmin nümunəsidir.

 Bu günlərdə  Bakıda «Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik»” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində   irqi ayrı-seçkilik, ikili standartlar siyasətini dünyada sabitliyin qorunmasına  təhlükə adlandıran Prezident İlham Əliyev   kiçik xalqların xarici köləliyə, hökmranlığa və istismara məruz qalmasını insan hüquqlarının pozulmasını yolverilməz,  dövlətlərin suverenliyinə təcavüz  kimi qiymətləndirdi.
  Subut olunmuşdur ki, dünya tarixində  insanlığa qarşı cinayətlərin ən dəhşətlisi fransızlar tərəfindən törədilmişdir.  Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və mülki şəxslərə qarşı  çoxsaylı cinayətlər törətmiş, yüz minlərlə dinc sakin soyqırımına məruz qalmışdır. Fransanın Polineziyada, Əlcəzairdə, Mərakeşdə, Tunisdə, Malidə, Cibutidə, Nigeriyada, Çadda, Seneqalda, Vyetnamda, Qəmər adalarında, Haitidə  və digər ölkələrdə keçirdiyi nüvə sınaqlarının, hərbi cinayətlərin ağır fəsadlarını  yaşayan insanlar yüz minlərlədir. Belə bir dövlətin eyni xislətli Ermənistanla yaxınlığının səbəblərinin açıqlanmasına ehtiyac yoxdur. Çünki havadarı Fransanın yolunu davam etdirən  erməni quldurları  da  30 il müddətində  işğal altında  saxladıqları Azərbaycan  torpaqlarında  soydaşlarımıza  qarşı  dünyada  bənzəri olmayan  vəhşiliklər, kütləvi qırğınlar  törətmiş,  kəndləri, şəhərləri viran qoymuşlar. Fransa ilə Ermənistan   mina terroru sahəsində də eyni mənfur niyyətlərə xidmət edirlər.  Əlcəzair kimi, Azərbaycan da dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr  arasında ön sıradadır. Yeni Kaledoniyada əhalinin yarısının iştirakı olmadan referendum keçirən, Korsika dilini qadağan edən  Fransa artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ respublikası»nın  « müstəqilliyini» dəstəkləyən  yeganə dövlətdir.  Riyakar və ikili standartlar  siyasəti yürüdən Fransanın neokolonializm meyillərini Cənubi Qafqaza transfer etmək niyyəti  islamofobiyadan qanaqlanan irqi ayrı- seçkiliyin ən iyrənc formasıdır.

 «Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik» konfransında iştirak edən 14 ölkə təmsilçisinin söylədikləri, Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində  qeyd olunanlar Emmanuel Makron siyasətinə qarşı   beynəlxalq ictimai nifrətin ifadəsidir.   İkinci Qarabağ müharibəsindən sonra da  Ermənistanı yeni müharibəyə təhrik edən, silahlandıran,  ölkəmizə qarşı təxribatlarını davam etdirən rəsmi Parisin XXI əsrdə  kolonial siyasətini Cənubi Qaqazda  davam etdirmək niyyəti ən azından tarixin ironiyasıdır.  Çünki  kolonializm tarixində  törədilən  ən dəhşətli qırğınların müəllifi Fransadan fərqli olaraq Azərbaycanın multikultural dəyərlərə sadiqliyi, beynəlxalq səviyyədə  həyata keçirdiyi humanitar siyasət beynəlxalq hüquqa hörməti bütün dünya  dövlətləri tərəfindən dəstəklənir. Yəni,  Fransa Azərbaycana «dərs” keçəcək» sonuncu ölkədir.

Rusiyaya arxa çevirib Makronun himayəsinə sığınan Ermənistanın baş naziri Nikol Paşinyanın dünya siyasətinin ən aktual mövzusu olan Zəngəzur dəhlizinə nəzarətin Fransaya tapşırılıması ilə bağlı illuzuyaları da göstərir ki,  dövlətçilik təcrübəsi olmayan hər iki siyasi maymağın gülünc doğuran sayıqlamaları  kəndirəbazlıq hoqqalarından başqa bir şey deyildir.  Cənubi Qafqaz bölgəsi, xüsusilə Azərbaycan  makronizm üçün meydan ola bilməz. Çünki Azərbaycan Ermənistan deyil ki, hər gələn atını sağa -sola çapsın. Azərbaycanın  verdiyi sözə əməl edən  Prezident İlham Əliyev  kimi, qətiyyətli, sarsılmaz  siyasi iradəli, dünya diplomatiyasında sayılıb-seçilən  dövlət başçısı var.  Artıq bütün dünya  ictimaiyyəti dəflərlə bir  həqiqətin şahidi olub: İmzasına sözü qədər önəm verən Prezident İlham Əliyev neokolonioalzmə qarşı mübarizədə də  öndə gedən liderlərdən olacaq . Zəngəzur dəhlizini cılız düşüncəsinə görə  Fransaya «satan» hərdəmxəyal, torpaq alverçisi Nikol   Paşinyanın sərsəm xəyalları  bu dəfə də Arazın sularında qərq olacaq.

Xuraman İsmayılqızı, "İki sahil"