24 oktyabr 2023 01:12
368

Qərb mediasında qızışan anti-Azərbaycan təbliğatında erməni izləri

2020-ci ildə Azərbaycan Vətən müharibəsində Ermənistan və onun havadarları üzərində tarixi Zəfər çalaraq ədaləti bərpa etdikdən sonra bir sıra Qərb ölkələrində azərbaycanofobların sayı sürətlə artmağa başladı. Son vaxtlar Qərb mediasında muzdlu yazarlar, rasistlər, müsəlmanlara nifrət edənlər, dini təəssübkeşlik çəkənlər Azərbaycana qarşı əsl düşmənçilik kampaniyasına başlayıblar. ABŞ mediasında gedən sifarişli yazılar, rasizmin və islamofobiyanın cəmiyyətin bütün sferalarına nüfuz etdiyi Fransa mediasının düşdüyü zavallı durum göz qabağındadır. Faktiki olaraq bu kampaniya səhər bir, axşam isə tamam fərqli fikir söyləyən, vaxt qazanmaqla sülh müqaviləsini imzalamaq istəməyən Nikol Paşinyan hakimiyyətini, Ermənistanda bütün revanşist qüvvələri ruhlandırır desək yanılmarıq. Yalandan “Bizdə media müstəqildir”, “Media hökumətdən ayrıdır” demələrinə baxmayaraq, bir daha məlum olur ki, media məhz həmin dövlətlərin, dairələrin Azərbaycana qarşı mübarizəsində çirkin bir alətə çevrilmişdir. Bu mənada, hazırda Qərb mediası Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməyən, bölgəni yenidən qana çalxalamağa çalışan Ermənistanla müttəfiqlik edir.

Xatırladaq ki, ötən həftə “Politiko” nəşri ABŞ Dövlət katibi Antoni Blinkenin keçən həftə Konqresin bir qrup nümayəndəsinə xəbərdarlıq etdiyi, guya onun ofisinin Azərbaycanın Ermənistana qaçılmaz müdaxiləsi ehtimalını izlədiyi barədə məqalə dərc etmişdi. Qəzetin əməkdaşı Françeska Ebel Zəngəzur dəhlizi üzərində dəmir yolu stansiyası olan Mehridə (Meğri) olaraq buradan reportaj hazırlayıb. Bildirilir ki, Mehri strateji yolayrıcındadır. Azərbaycan, İran, Türkiyə və Rusiya da daxil olmaqla regional güclərin bura giriş üçün yarışması Mehrinin tezliklə özünü yeni müharibənin mərkəzində tapa biləcəyi qorxusunu artırır. Qeyd edilir ki, Azərbaycan Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Mehri və digər rayonlarını Zəngəzur dəhlizi adlandırır. Qarabağ məsələsinin həllindən sonra dəhlizin açılması Azərbaycanın diqqət mərkəzində olan əsas məsələdir. Yazıda Zəngəzur dəhlizinin Çin və Mərkəzi Asiya ölkələrini Azərbaycan üzərindən Türkiyə ilə birləşdirəcək uzun, son dərəcə sərfəli Şərq–Qərb marşrutunun və ya Orta Dəhlizin sonuncu halqası olduğu bildirilir. Kifayət qədər nüfuzlu olan bu nəşrin iddiasını çox keçmədən ABŞ-nin Bakıdakı səfirliyi təkzib etdi. Səfirlikdən bildirdilər ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken amerikalı qanunvericilərə Azərbaycanın Ermənistana hücum ehtimalı barədə açıqlama verməyib, bu, düzgün deyil və heç də reallığı əks etdirmir.

Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən sonra Qərb mediasında bu tip yazıların peyda olması artıq adət halını alıb. “Vaşinqton Post” da “Politico”nun izi ilə gedərək Zəngəzur dəhlizi mövzusunda manipulyasiyaya cəhd edib. Belə ki, qəzet dəhlizin açılmasının Ermənistana verəcəyi faydalardan da bəhs edib: “Mehri stansiyasının bağlanmasına səbəb Azərbaycanla Ermənistan arasında müharibə olub. Ən yaxşı sovet illərində stansiyada 70 işçi işləyirdi. Erməni və azərbaycanlı sakinlər yan-yana yaşayırdılar”. Qapıları 30 ildir bağlı qalan stansiyanın direktor müavini Arman Davtyan onun yenidən açılmasını istədiyini deyib: “Bir dəmiryolçu kimi səmimi fikrim odur ki, bu, Azərbaycanın maraqlarından daha çox Ermənistanın maraqlarına uyğundur. Dəmir yolunun işə düşməsi iqtisadiyyatımız üçün çox əhəmiyyətli olacaq. Siyasət tranziti əngəlləməməlidir”. Mehri şəhərinin meri Baqrat Zakaryan bildirib ki, yerli hakimiyyət köhnə dəmir yolunu yenidən işə salmağa hazır olacaq: “Biz bunun zərurətini başa düşürük və bu, bizim üçün də faydalıdır”. Onun sözlərinə görə, buna baxmayaraq, Ermənistanın müəyyən təminatlara ehtiyacı var. “Vaşinqton Post” yazıda Azərbaycanın mövqeyinə bir neçə cümlə yer ayırıb. “Lakin Azərbaycan bu qorxuların əsassız olduğunu təkid edir. Ölkənin Böyük Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycanın hərbi əməliyyatlarından qorxanların “paranoyak yuxu dünyasında” yaşadığını bildirib. O, Azərbaycanın Ermənistan ərazisində hərbi məqsədlərinin olmadığını deyib”, – qəzetin məqaləsində bildirilib.

Məqalədə Azərbaycanın mövqeyinə cəmi bir neçə cümlə yer ayrılması təəssüf doğurur. Azərbaycan dəfələrlə Ermənistanın suveren əraziləri ilə bağlı hər hansı planının olmadığını bəyan edib. Sonuncu dəfə oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuliyə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edən Prezident İlham Əliyev bu mövzuda deyib: “Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq”.

Göründüyü kimi, bəzi aparıcı dövlətlər, bəzi transmilli kütləvi informasiya vasitələri, özünü beynəlxalq statuslu elan edən bəzi qlobal təşkilatlar məhz erməni havadarı kimi çıxış etməkdədirlər. Təsadüfi deyil ki, son bir neçə ay ərzində ABŞ Dövlət Departamentinin qeyri - rəsmi tribunası kimi qəbul olunan " Vaşinqton Post" səhifələrində xeyli sayda məqalə dərc olunub. Laçın yolunun guya dırnaqarası bloklanmasından başlamış, Azərbaycanda insan haqlarına kimi ən müxtəlif mövzulardan çıxaraq, qondarma faktlardan istifadə edirlər. Bu kampaniya təkcə “Vaşinqton Post”la kifayətlənmir. ABŞ-da fəaliyyət göstərən bir çox blogerlər, kütləvi informasiya vasitələri də bu kampaniyada iştirak edirlər. Misal olaraq, Litse Sinel adlı məşhur jurnalisti göstərmək olar. Aylar öncə o da Azərbaycana qarşı Şuşa Qlobal Media Forumunu kəskin tənqidlə çıxış etmişdi.

Bütün nümunələrdən bu nəticə çıxır ki, həmin insanların əksəriyyəti erməni şəbəkəsinə bağlı olan, erməni diasporu tərəfindən mükafatlandırılan şəxslərdi. Dünyanın harasında olmasından asılı olmayaraq erməni diasporu, lobbi təşkilatı orada olan məşhur jurnalistləri ələ almaqla, anti-Azərbaycan kampaniyasının tərkib hissəsinə çevirirlər. Erməni şəbəkəsinə bağlı olmaq, onun diqtəsi ilə hərəkət etmək ABŞ, Fransa kimi dövlətlərin mediasına yaraşan bir hərəkət deyil. Bir tərəfdən qondarma faktlardan çıxış edərək media etikasını pozurlar. Digər tərəfdən isə əgər bu qondarma faktları hansısa siyasi qrupdan, diaspor mərkəzindən nümunələr alaraq həyata keçirirlərsə, bu da dövlət və onun mediası üçün üz qarasıdır.

Sevinc Azadi, “İki sahil”