21 oktyabr 2023 00:45
323

Ermənistan toqquşan qəzəblərin poliqonuna çevrilir

Azərbaycan işğala məruz qaldığı otuz beş ildə bir sıra beynəlxalq təşkilatlardan heç bir konkret dəstək görmədi. Hətta bəziləri dünya ictimaiyyəti qaşısında üzərlərinə götürdükləri öhdəliklərə belə əməl etmədi, bir qismi isə ermənipərəst mövqe tutaraq əsl həqiqətləri pərdələməkdən və ya təhrif etməkdən də çəkinmədi.

2022-ci ildə Ermənistana gəlmiş Avropa İttifaqının (Aİ)monitorinq missiyası artıq şələ-şüləsini yığıb getmək əvəzinə, növbəti bazasını açmağa hazırlaşır. Bu barədə Aİ missiyasının “X” hesabında məlumat verilib. Bildirilib ki, Aİ-nin monitorinq missiyası Yexeqnadzorda (Keşişkənd rayonu) əməliyyat bazasını açıb: “Bu, missiyanın planına uyğun olaraq açılan son bazadır. Missiyanın rəhbəri Markus Ritter və Yexeqnadzor merinin müavini Ararat əyalətinin sərhədyanı ərazilərinə yönələcək yeni bazanın açılışında iştirak ediblər”.

 Maraqlıdır ki, onlar Ermənistanda qalıb indi nəyi müşahidə edir, məqsədləri, niyyətləri nədir, hansı süni görüntünü yaratmaq istəyirlər? Bütün bunlar kimə və ya kimlərə qarşıdır? Beləliklə,  bir ildir davam edən müəmmalı situasiya qarşıya çox sayda suallar çıxarır.

Əslində Avropa İttifaqının monitorinq missiyasının indi Ermənistanda hansı işlə məşğul olması bizi narahat etməməlidir. Çünki ərazi bütövlüyümüzü, Qarabağ üzərində suverenliyimizi bərpa etmişik, separatçıları və terrorçuları qovub ərazilərimizdən çıxarmışıq və hazırda orada sürətli quruculuq işləri aparırıq. Yəni,  Aİ missiyası bütün bunların heç birində və ya hər hansı bir məsələdə bizi əsla  narahat etməyib. Dövlət rəsmilərimizin də bu barədə narazılığı, iradları, narahatedici açıqlamaları yoxdur. Qısaca desək, narahatlıq bizlik deyil.

İndi əsas məsələ Rusiya hərbi kontingentinin Qarabağdan yola salınmasıdır, hansı ki, bu proses son vaxtlar sürətlənib. Məsələn, bir az öncə məlumat yayıldı ki, Rusiya sülhməramlılarının daha bir neçə məntəqəsi bağlanıb, sayları azalıb. Bu da bizim öz işimizdir və sözügedən missiyanın buna qarışacağı yoxdur. O ki qaldı Avropa İttifaqının monitorinq missiyasının Ermənistandan getmək əvəzinə, orada daha bir baza açmasına, ola bilsin ki, Aİ Ermənistanla əlaqələrini daha da genişləndirmək istəyir. Heç də təsadüfi deyil ki, baş nazir Nikol Paşinyan Avropa Parlamentində çıxış edərkən Avropadan təhlükəsizlik təminatı istəyirdi. Sözün əsl mənasında istəməkdən çox yalvarırdı. Amma əbəs yerə. Çünki Ermənistan Avropa İttifaqı üzvlüyünə qəbul olunası deyil. Hətta ermənipərəst, guya hər şeydə erməniləri dəstəkləyən Fransa Qarabağdan köçən erməniləri qəbul etmək istəmədi və dedi ki, “qapılarımızı sizə aça bilmərik”. Beləliklə, Paşinyanın Avropaya olan ümidləri özünü doğrultmaya bilər və belə olan halda pis vəziyyətdə qalar. Təsadüfi deyil ki, hazırda həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixael Saakaşvili də çox doğru olaraq Ermənistanın baş naziri Nikol Paşinyana müraciət ünvanlayaraq  ona məsləhət verib ki, “nə qədər gec deyil, Azərbaycanla sülh sazişini imzala”.

Beləliklə, ola bilər ki, Avropa İttifaqı missiyasının bazasının sayı artacaq. Amma onların orada nə işlə məşğul olduqları da bizə məlum deyil. Ancaq məlumatı olanlar var. Rusiya mətbuatı açıq-aşkar bildirdi ki, missiyanın üzvləri Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası və sərhəd qoşunları haqqında kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar. Məlum məsələdir ki, missiyanın bu fəaliyyəti Rusiyanı ciddi şəkildə narahat edir. Yada salaq ki, əvvəllər missiyanın məqsədi guya o idi ki, sərhəddə Azərbaycan və Ermənistan qoşunları arasında baş verən toqquşmaların monitorinqini aparsın. Amma bu gün sərhəddə sakitlikdir, düşmən nə qədər cəhd etsə də təxribatlar və diversiyalar törədə bilmir. Həm də Azərbaycan sərhəddə toqquşmaların olmasında qətiyyən maraqlı deyil. Deməli, Ermənistanda "dava yorğan davasıdır", yəni, Rusiyanın bu ölkədən çıxarılmasıdır. Qərbin bu niyyətini Hayastanın sadə vətəndaşları da bilirlər. Təbii ki, böyük hərbi potensial toplamış Rusiyanın bölgədən çıxarılması heç də asan məsələ deyil. Çünki hadisələr pik həddə çatanda hələlik əsəblərini cilovlayan Rusiya radikal tədbirlərə əl atacaq. İnanmaq çətindir ki, ruslar oraya yığdıqları silah-sursatları işlətməmiş geri daşısınlar. Bu, Rusiya üçün təhqirli vəziyyət deməkdir və iddialı dövlət olaraq qətiyyən qəbul etməz. Təbii ki, mübarizə poliqon rolunu oynayan Ermənistan ərazisində aparılacaq və ziyanını ermənilər çəkəcəklər. Hadisələrin axarı necə olacaq, bunu zaman göstərəcək. Biz də zamanı gözləyək.

Vəli İlyasov, "İki sahil"