20 oktyabr 2023 09:00
407

Zəfərdən dirçəlişə: Zəngilan

Bu gün - oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür

29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayon işğal olunmazdan əvvəl erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmış və on minlərlə insan həlak olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. İşğal zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Zəngilandakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilmişdir. Ümumiyyətlə, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, eyni zamanda həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktukturları dağıdılmış, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan dəymişdi. İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb. Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühiti ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub.

44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında qalan torpaqları düşmən tapdığından azad etdi. Bu möhtəşəm Zəfərlə 30 illik işğala son qoyuldu. Bu gün xalqımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində daşı daş üstdə qoymadığı, talan etdiyi yurd yerlərimiz yenidən qurulur. Hazırda əksər ölkələrin iqtisadi böhran yaşadığı bir zamanda Azərbaycan böyük bir ərazidə təxirəsalınmaz tikinti-quruculuq işləri aparır. Dövlətin qəbul etdiyi Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma tələblərinə cavab verən yaşayış məntəqələri, ən yüksək səviyyədə salınan yeni yollar və müxtəlif infrasrtuktur obyektləri inşa olunur. Xüsusilə də Zəngilan rayon ərazisində infrastrukturun bərpası işlər uğurla həyata keçirilir. Təsadüfi deyil ki, artıq Zəngilana həyat qayıdıb. Məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı məhz bu rayondan başlanıb. Belə ki, ötən il rayonda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Qeyd edək ki, 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməli qoyulub. 2022-ci il mayın 27-də “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Bundan əlavə, Prezident İlham Əliyevin bu il sentyabrın 28-də təməlini qoyduğu Zəngilan rayonunun Alıbəyli kəndində 2 568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Kənd Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Alıbəyli kəndi Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilir. Kəndin mövcud məskunlaşma ərazisi 103,5 hektar sahəni əhatə edir. Layihələndirilən ərazinin sahəsi isə 170,3 hektardır. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır. Kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.

Məlum olduğu kimi, ötən il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutdu. Açılış mərasimində president İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Bu, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda inşa edilən ilk, işğaldan azad olunan ərazilərdə isə ikinci hava limanıdır. Bundan əvvəl isə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Zəngəzur dəhlizinə inteqrasiya olunacaq, eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizinə birləşəcək beynəlxalq statuslu Zəngilan hava limanı nəinki rayonun, eyni zamanda bütün regionun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayacaq.

Xatırladaq ki, hələ sovet dövründə mövcud olan dəmir yolu xətti də bərpa edirir. Çünki işğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu barədə Prezident İlham Əliyev ötən ay Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışı zamanı deyib. Bildirib ki, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq. Dəmir yolu xətləri, hava limanı - bu gün bu istiqamətdə altı və dörd zolaqlı avtomagistrallar inşa edilir. Paytaxt Bakıdan bütün bu istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Yəni bu, irihəcmli tikinti layihələridir və azad olunmuş hər bir rayon xüsusi Baş plana malikdir. Dövlət başçısı həmçinin qeyd edib: “Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar. Yəni, bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu, bizim proqramın tərkib hissəsidir”.

Qeyd edək ki, azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. Bu ərazilərdə hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq. Bu da təbii ki, yaşıl enerji gündəliyinə böyük töhfə hesab olunur. Çünki Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir. Bu, Azərbaycanın potensialının cüzi bir hissəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 qiqavat təşkil edir. Tezliklə, Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaqdır. Hətta yaşıl hidrogen ixrac ediləcəkdir. Dövlət başçısı İlham Əliyev: “Enerji potensialı, nəqliyyat, yaşayış layihələri - bunların hamısı bizim gündəliyimizin tərkib hissəsidir. Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq. Yeri gəlmişkən, qeyd edim ki, artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq”.

Sevinc Azadi, “İki sahil”