17 oktyabr 2023 01:35
344

Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi

Dövlət başçısı İlham Əliyev Xankəndi şəhərindən bu mesajı ünvanladı ki,  nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar

Əzəli torpaqlarına qovuşan Azərbaycan çal-çağırlı günlərini yaşayır. Xalqımıza qələbə yaraşır. 30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında, bir milyondan çox soydaşımızın qaçqın və məburi köçkün vəziyyətində yaşamasına baxmayaraq Azərbaycan xalqı gələcəyə, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi. Bu inama  əsas verən dövlətimizin qətiyyəti, münaqişənin həlli ilə bağlı prinsipial  mövqeyimizin dəyişməməsi, ən yüksək tribunalardan səsləndirilən bəyanatların real həyatda öz əksini tapması idi. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bütün çıxışlarında bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq.

«İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.» Dövlət başçısı İlham Əliyev oktyabrın 15-də  Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında onu da əlavə etdi ki, bu illər ərzində Azərbaycan gücləndi,  dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır: «Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.»

Elə bir güclü ordu yaratdıq ki, bu gün  istənilən vəzifəni şərəflə yerinə yetirə bilər.  Azərbaycan Ordusu üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri  gücümüzü göstərdi. Düşmən  yenə də  ağ bayraq qaldıraraq təslim oldu.

Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı.
Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının  memarı kimi tarixə yazılan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev qeyd etdiyimiz müraciətində onu da bildirmişdir ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Şəhidlərimizin  ruhu qarşısında baş əyirik.  Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Bu illər ərzində hazırda artıq tarixə qovuşmuş  Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi. Baxmayaraq ki, bu qətnamələr saralmış kağız üzərində qaldı, əsas olan budur ki,  Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu  bu sənədlərdə öz əksini tapıb. Azərbaycanın döyüş meydanında qələbəsində bu illər ərzində yaradılan möhkəm hüquqi bazanın rolu inkaredilməzdir. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır.

30 illik zaman keçdi. Azərbaycan hər zaman məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu bildirdi. Heç zaman qan tökülməsini  istəməyən Azərbaycan dövləti 30 il qarşı tərəfdən ədalətli mövqe, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllini gözlədi. Cənab İlham Əliyevin vurğuladığı kimi, artıq son illərdə münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı.

Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatları, təhqiredici addımları ilə açıq-aşkar münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bildirirdi. Baxmayaraq ki, işğalçı Ermənistana havadarlıq edən dövlətlər münaqişənin hərb yolu ilə həllinin mümkün  olmadığını bildirirdilər, Ermənistanın baş naziri bunun əksinə olaraq münaqişənin diplomatik həllinin mümkünsüzlüyünü bəyan edirdi. Azərbaycan dövləti, xalqı Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdə hücumlarından sonra artıq səbrin tükənməz olmadığını nümayiş etdirdilər. Müzəffər Ali Baş Komandan «Azərbaycan əsgəri, irəli!» əmrini verdi. Azərbaycan Ordusu daim Ali Baş Komandanın bu əmrini gözləyirdi. Onların döyüş ruhu, şücaəti 44 günlük müharibə dövrünün gedişində özünün aydın mənzərəsini yaratdı.  

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə qalmaqdadır. Tarixi Zəfərimizdən 3 il sonra-bu il   oktyabrın 15-də Azərbaycan Bayrağının Xankəndidə ucaldılması tarixi hadisədir. Dövlət başçısının xalqa müraciəti bugünümüz və gələcəyimizlə bağlı bütün məqamları özündə ehtiva edir.  “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi» sözləri 20 il bundan əvvəl Azərbaycan vətəndaşlarının nə dərəcədə müdrik qərar verdiyini bir daha ortaya qoydu.

Dövlət başçısı İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 illiyində separatçılardan təmizlənən əzəli torpaqlarımıza səfəri və Azərbaycan Bayrağını ucaltması  özündə mühüm mesajları ehtiva edir. Cənab İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Sərsəng su anbarının ərazisində oldu və Azərbaycan Bayrağını ucaltdı. Bu əlamətdar gündə  reallaşdırılan səfər öncə Tərtər rayonuna oldu. Cənab İlham Əliyev  Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak etdi. Məlumat üçün bildirildi ki,  1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Burada geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.   

Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də  Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. O da qeyd edildi ki,  Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində yeni körpünün inşası, tarixi körpünün və ərazidəki məbədin, eləcə də məbədin ətrafındakı tarixi tikililərin konservasiyası, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri görüləcək.

Prezident  İlham Əliyev, həmçinin oktyabrın 15-də Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak etdi. Ölkə Prezidenti  Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində də oldu. Qəsəbə 1991-ci il dekabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Kərkicahan qəsəbəsini separatçılardan azad edib.  Cənab İlham Əliyev Şuşa rayonunun Malıbəyli kəndinin ərazisinə baxış keçirdi. Malıbəyli kəndi 1992-ci il fevralın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.

Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində oldu, bir  sıra obyektlərin, kənd və qəsəbələrin təməlqoyma mərasimlərində iştirak etdi. Onu da qeyd edək ki, oktyabrın 17-si Füzuli Şəhəri Günüdür. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı Qələbəmizin əbədiləşdirilməsi və şəhər günlərinin təsis edilməsi məqsədi dayşıyır. Füzulidə bir sıra yaşayış komplekslərinin təməli qoyulub. İşğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması  ilk gündən cənab İlham Əliyevin qarşıya qoyduğu prioritet məsələdir. Böyük Qayıdışın ünvanlarının sayı artdıqca soydaşlarımızın qayıdışının tam şəkildə həyata keçirilməsi təmin ediləcək.

Reallıq budur ki, məhz 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyətinin səsi ilə  Prezident seçilmiş cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. Cənab İlham Əliyev  yeni reallıqları yaradaraq xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazandı, əxlaqi və liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer etdi.

Cənab İlham Əliyevin Xankəndi şəhərindən xalqa müraciətində Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatacağına  əminliklə yanaşdığını bildirdi. Reallıq budur ki,  Azərbaycan bütün istiqamətlərdə üstünlüyə malik idi. Cənab İlham Əliyev hər bir çıxışında bildirir ki, ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması  Prezident kimi başlıca vəzifəm idi.

Zəfərimiz yeni-yeni hədəflərə yol açır. Quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan istər regionda, istərsə də dünyada  siyasi mənzərəni dəyişdi. Kimin kim olduğu bir daha dünyaya açıqlandı. 44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu. Dövlət başçısı İlham Əliyev Xankəndidən ünvanladığı müraciətində də «Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki,  həmin ölkələr  o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Bu 30 il ərzində heç nə dəyişməyib.  Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır.  Xocalı soyqırımı törədilmişdir.  Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb. “Xocalıya ədalət!” hərəkatı geniş  vüsət almışdır. O çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur.

«Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!» söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı etdi: «Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.»

Yeganə Əliyeva, «İki sahil»