17 oktyabr 2023 00:21
329

Bədxahlıqdan içi YANanlar...

Künc zərbəsi

Xocalıda, Xankəndidə bayrağımızın ucaldılmasına sevinməyənlərin milli kimlikləri şübhəlidir

Ürəyində Vətən sevgisi olan, damarlarında türk, azərbaycanlı qanı axan hər kəs çoxəsrlik tariximizin ən şanlı səhifələrinin yazıldığı bu günlərin sevinci, fəxarəti içindədir. Elə möhtəşəm, reallıqdan daha çox şirin yuxu təsiri bağışlayan hadisələrə şahidlik edirik, elə ağlasığmaz gözəl anlar yaşayırıq ki, duyğuları ifadə edəcək söz tapmaq asan deyil...

Azərbaycan bütün dünyanın çaşqın baxışları altında erməni lobbisinin əsirinə çevrilmiş böyük güclərin məkrli planlarını alt-üst edərək ürəyində xərçəng yarası kimi kök atıb şaxələnmiş Qarabağ adlı iki yüz illik problemini birdəfəlik həll etdi. Elə bir problemi ki, qan-qadalı son otuz ili torpaqlarımızın işğalı, yüzminlərlə insanımızın öz doğma ata-baba yurdundan didərgin salınması, günahsız, dinc vətəndaşlarımıza qarşı soyqırımların törədilməsi ilə yaralı yerimizə çevrilmişdi. Qürurumuz qırılmışdı, ləyaqətimiz aşağılanmışdı. Adı gələndə köks ötürürdük, çarəsizliyimizi utancımızla təsəlli edirdik, sərhədlərimizdən kənar dost-düşmən yanında mövzusu açılanda diligödək, günahsız “günahkara” çevrilirdik. Şükürlər olsun, bitdi Qarabağ acımız! İçimizdəki ölməyə qoymadığımız inamımızla, dövlətimizə, Prezidentimizə olan güvənimizlə, etibar və etimadımızla daha bu adda “problem”, “münaqişə” geridə qaldı. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandanımızın Ağdərədə, Xocavənddə, Əsgəranda, yaralı ruhlar şəhəri Xocalıda və ən nəhayət, onillər boyu şər, şeytan yuvasına çevrilmiş Xankəndidə ucaltdığı şanlı bayrağımız, eyni zamnda, sağalan yaramızın, bərba edilən qürurumuzun, ləyaqətimizin göylərə yüksəlmiş təcəllisidir! Vətənim bütövlüyünə qovuşmağın, Vətənimin insanı canı, qanı bahasına qazandığı zəfərlərin sevincini yaşayır!

Eyni zamanda, Azərbaycan üçün taleyüklü məsələlərin həll olunduğu belə bir tarixi məqamda milliyyətindən, yaşından, cinsindən, vəzifəsindən, siyasi mövqeyindən asılı olmayaraq ürəyində Vətən sevgisi olan hər bir azərbaycanlı dövlətimizin, Müzəffər Ali Baş Komandanımızın yanında olmalıdır, necə ki yanındadır. Biz düşmənlərimizə, onların himayədarlarına, ölkəmizə qarşı yönəlmiş haqsız təzyiqlərə bu sarsılmaz birliyimizlə qalib gəlmişik.

Deməli, bu gün Qarabağ adlı problemin birdəfəlik tarixə çevrilməsindən, Xocalıda, Xankəndidə üçrəngli bayrağımızın dalğalanmasından məyus və narahat olanların, tarixi uğurlarımıza kölgə salmaq istəyənlərin ya qanında və genində qarışıqlıq var, milli kimlikləri şübhəlidir, ya da onlar nə vaxtsa mövcud olmuş heysiyyatlarını hərraca çıxarıb Azərbaycanın düşmənlərinə satıblar. Başqa vaxt həyasızcasına millətin adından danışan AXCP-nin, Müsavat və ReAL partiyalarının sədrləri, bəzi funksionerləri kimi. Onlar heç olmasa belə məqamda bir günlük, bir anlıq da olsa Xocalının, orada qətlə yetirilmiş günahsız insanlarımızın, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu naminə öz bədxahlıqlarını, xəbisliklərini, riyakarlıqlarını bir kənara atıb xalqla bir olmağı, iki yüz illik erməni probleminə son qoyulmağın sevincini yaşamağı bacarmırlar. 2020-ci ildə də belə etmişdilər. O zaman da Azərbaycanın öz suveren ərazilərini erməni işğalından azad etmək uğrunda apardığı haqq savaşından bir ermənilər başda olmaqla xarici düşmənlərimiz narahat idi, bir də içimizdəki həmin bu xainlər, xalq düşmənləri. Təəssüf ki, dəyişən heç nə yoxdur, oğlu qondarma “erməni soyqırımı”ndan film çəkən İsa Qəmbərə biət edənlərdən bundan artıq nəsə gözləmək də lazım deyil. Atalar yaxşı deyib ki, qozbeli qəbir düzəldər...

Vətən müharibəsindən sonra özünüzü “ağıllı”, “canıyanan” göstərməyə çalışaraq deyirdiniz ki, Prezident niyə müharibəni dayandırdı, bəs digər rayon və şəhərlərin taleyi necə olacaq, ay nə bilim, qalan torpaqlar, filan? Yaxşı, bu da Xocalı, Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd! İndi qarnınızın ağrısı nədir, niyə zəfərimiz sizi bu qədər narahat edir? Hətta ermənilərin içində belə yeni reallıqlarla barışaraq Azərbaycanın haqlı qələbəsini qəbul və etiraf edənlər var. Bəs siz niyə qəbul etmək istəmirsiniz, ay bədxahlıqdan və xəbislikdən içi YANanlar?..  

Mahir Rəsuloğlu, “İki sahil”