17 oktyabr 2023 01:14
292

Torpaq yalnız əkilib becəriləndə torpaq olur

Qarabağ və Şərqi Zəngəzurun münbit ərazilərindən səmərəli istifadə ölkədə kənd təsərrüfatı məhsullarının 15 faiz artımına səbəb olacaq

Bir müddət əvvəl Maliyyə Nazirliyinin hazırladığı «2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama»da qeyd edilir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisa­di rayonlarında infrastrukturun yenidən qurulması, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası təmin olunaca. Bu da öz növbə­sində iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaradacaq. Ona görə də hazırda işğaldan azad edilmiş ərazilərimizdə biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqamətində uğurlu nəticələrə hesablanmış işlər görülür. Bu ərazilərdə vergi, sosial sığorta və digər güzəştlər müəyyən olunub. Qarabağ və Şərqi Zəngəzurdakı bütün layihələr dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində icra olunur. Hökumət azad edilmiş ərazilərdə investor və sahibkarlar üçün əlverişli şərait yaradıb. Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parklarında sahibkarlar dövlət hesabına infrastrukturla təmin edilir. Buradakı rezidentlər 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddır. İdxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad edilib.

Bütün bunlara rəğmən demək olar ki,  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının münbit torpağı, zəngin təbiəti, o cümlədən su ehtiyatları kənd təsər­rüfatının müxtəlif sahələrinin inkişafına səbəb olmaqla məhsuldarlığı xeyli artıra­caq. Bu bölgələrdə kənd təsər­rüfatının inkişaf potensialı böyükdür. Çünki isğaldan əvvəlki dövrdəki göstəricilər də bunu sübut edir. Belə ki, həmin dövrlərdə ölkədə taxıl istehsalının 14,3 faizi, pambıq isteh­salının 5 faizi, üzüm istehsalının 32 faizi, kartof istehsalının 6,3 faizi, tütü istehsalının 8 faizi, ət istehsalının 15 faizi, barama istehsalının 17 faizi həmin ərazilərin pa­yına düşürdü. 

Heç təsadüfi deyil ki, Azərbaycan Prezidentinin azad edilmiş ərazilərlə bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi ilə bağ­lı olub. Tapşırığa əsasən, müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qu­rumlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Kənd təsərrüfatı sahəsinin bərpası istiqamətində tədbirlər görülüb.

Qara­bağın təbii-iqlim və relyef xüsusiyyətləri nəzərə alınmaqla, bölgədə, xüsusilə taxıl və yem bitkiləri , heyvandarlıq məhsul­ları istehsalı üstünlük təşkil edəcək. Qa­baqcıl ölkələrin təcrübəsindən istifadə et­məklə aqrar sektorda böyük uğurlar əldə etmək olacaq. Bu uğurların mənbəyində tə­bii ki, bölgənin münbit torpağı, zəngin su ehtiyatları dayanır. Məhsuldarlığın artma­sında çox mühüm rol oynayan bu amillər xarici investorların əraziyə cəlb olunma­sına da geniş imkanlar yaradacaq. Bu, həm də həmin rayonlarda kənd təsərrüfatı ilə yanaşı, emal sənayesinin də genişlənməsinə də şərait yaradacaq. 

Xüsusi vurğulamaq lazımdır ki, istər Qarabağ, istərsə də Şərqi Zəngəzur iqtisadi rayonları turizm üçün də çox əlverişli mühitə malikdir. Buradakı möhtəşəm təbiət mənzərələri -keçilməz dağlar, qalın meşələr, bol sulu dağ çayları, bir sözlə, zəngin flora və fauna dünyanın diqqət mərkəzindədir. Xüsüsilə Qədim Şuşa şəhərinin dəniz səviyyəsindən 1500 kilometr hündürlükdə- sıldırım qayalar üzərində inşa edilməsi onu ziyarət edənlərdə bir heyranlıq yaradır.  Həm də Şuşa şəhəri dünyada təmiz havası ilə ilk üçlükdədir.

Bölgədə aqrar sektorun inkişaf etdi­rilməsinin əsas istiqamətlərindən biri də yeni logistika infrastrukturunun qurulması və fermerlərin texnika ilə təchiz edilmə­sidir. Çünki logistika imkanlarının genislənməsi kənd təsərrüfatı məhsullarının ixrac bazarlarına çıxarılmasına imkanlar yaradacaq. Bütün bunlar göstərir ki, azad olunmuş ərazilərin aqrar potensialından səmərəli istifadə ölkə üzrə kənd təsərrü­fatı məhsullarının istehsalını ciddi çəkildə artıracaq. Aqrar texnika təchizatına gəlincə, artıq Kənd Təsərrüfatı Nazirliyi planlar hazırlayıb. İnsanlar məskunlaşdıqca, tor­pağın əkilib-becərilməsinə başladıqca, onların kənd təsərrüfatı texnikasına, elə­cə də toxum, gübrə və pestisidlərə olan ehtiyacları ödəniləcək.

Bəs bu vaxta qədər nə qədər torpaq sahəsi əkinə cəlb edilib? Statistik rəqəmlərə görə, postmüharibə dövründə 200 min hektaradək torpaq əkilib və ya örüş sahəsinə çevrilib. Növbəti illərdə isə sərhəd boyunca istifadəsiz qalan daha on minlərlə hektar tor­paq sahəsi əkilib-becərilməyə hazır olacaq. İqtisadçıların fikrincə, ortamüddətli perspektivdə işğaldan azad edilən torpaqların əkilib becərilməsi reallaşsa, bu, təxminən ölkənin kənd təsərrüfatında 15-18 faizdək artıma səbəb olacaq.

Bəli, «Kitabi Dədə Qorqud» dastanında deyildiyi kimi, əgər torpağı əkib- becərmədinsə, onun azad etməyə də dəyməz. Çünki torpağın  azad edilməsi qədər də onun əkilməsi müqəddəs işdir.

Elçin Zaman, «İki sahil»