17 oktyabr 2023 02:36
330

Uçurumun bir addımlığında olan haylara məsləhət: Xilasınız sülhdədir

Vaxtilə Azərbaycana qarşı başlatdığı işğalçılıq siyasəti Ermənistanı regional inkişaf tempindən kənar salıb. Yenidən eyni metodlarla sülhə mane olmaq istəyi isə indiki halda Hayastan üçün daha böyük zərbə sayılır. Onsuz da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan özünü dalana dirəyib – artıq reallıqdan qaçmaq mümkün deyil. İndi Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı əsassız ərazi iddiaları arasında seçim etməlidir.

Beynəlxalq Valyuta Fondunun (İMF) yaydığı hesabata görə, cari ilin iyul ayında Ermənistanın xarici borcu əvvəlki ayla müqayisədə 300 milyon dollar artaraq 6,7 milyard dollara çatıb. Sənədə əsasən, işğalçı ölkənin ümumi dövlət borcu isə 10 milyard dollar təşkil edir. Verilən proqnoza əsasən, cari ilin sonuna qədər bu göstəricinin daha da artacağı və 12 milyard dollara yüksələcəyi gözlənilir. Hazırda dövlətin xarici borcu ÜDM-nin 70 faizinə bərabərdir. Ümumilikdə, Ermənistanda son 10 ildə dövlət borcu 7 dəfəyədək artıb. Beynəlxalq Valyuta Fondu­nun metodologiyasına əsasən, xarici borcun ÜDM-in 40–50 faizini keçməsi təhlükəli vəziyyətin ya­ranmasından xəbər verir. 

Ermənistan iqtisadiyyatında di­gər göstəricilər də getdikcə aşağı düşür. Məsələn, bu ilin martında cari hesabda 351,4 milyon dollar büdcə kəsiri yaranıb. İyul ayındakı 275 milyon dollarlıq ticarət kəsiri isə ötən ilin eyni dövrü ilə müqa­yisədə 70,2 milyon dollar və ya 20,33 faiz artaraq 345,2 milyon dollara çatıb.

İşğalçı ölkənin milli valyuta­sı olan dramın ucuzlaşması da davam edir. Hazırda 1 dollar 400 drama qədər yüksəlib. Hesabla­malara görə, milli valyutanın real məzənnəsinin 30 faiz ucuzlaşması ölkənin xarici borcunu ÜDM-in 80 faizinə çatdıra bilər.

Ermənistan hazırda büdcəni xarici donorlardan gələcək qrant yardımları hesabına saxlayır. İş­ğalçı dövlət ABŞ, həmçinin Av­ropadakı erməni fondları, eyni zamanda Hayastan Fondunun yardımları ilə əhalinin sosial xərc­lərini ödəyir. Bu isə borcun daha da artacağını və Ermənistanın de­folta çatmasını şərtləndirir. Hayastan ərazisində böyük resurslar mövcud deyil, onun havadarları isə ölkəyə ciddi investisiya yatırmayıblar. Bütün bunlarla bərabər son dövrlərdə Ermənistan Rusiya ilə münasibətlərinin pisləşməsi ölkə iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərir. Son dövrlərdə Ermənistan mediasında ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması barədə xəbərlər də yayılıb. Belə olduğu halda, Ermənistan iqtisadiyyatının çökməsi qaçılmazdır. Çünki Ermənistan son 10 ildə iqtisadiyyatının mövcudluğunu məhz Aİİ-yə borcludur. Təcavüzkar ölkə regionun aparıcı dövlətləri ilə münasibətləri korlamaqla öz sonunu yaxınlaşdırır. Ermənistandakı ekspertlər ölkənin Aİİ-dən çıxmasını bir növ "intihar" kimi qiymətləndirirlər. Şübhəsiz, bu təkcə iqtisadi deyil, siyasi sahədə də "özünəqəsd" anlamına gəlir. Ermənistan unudur ki, Aİİ əslində ölkə iqtisadiyyatının son şansıdır. Yalnız şəxsi maraqlarını güdən və Qərbdəki ağalarının əmrlərini icra edən Paşinyan Ermənistan vətəndaşlarını düşünmür.

Göründüyü kimi, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra düşdüyü vəziyyət onun "imici" ilə yanaşı, iqtisadiyyatına da öz təsirini göstərib. Artıq xeyli vaxtdır ki, Ermənistan iqtisadiyyatında geriləmə tendensiyası müşahidə olunur. Bu tendensiyanın bir sıra mühüm səbəbləri var. İlk olaraq Paşinyan hakimiyyəti ölkə iqtisadiyyatını uzun illər erməni diasporunun göndərdiyi "sədəqə" hesabına ayaqda saxlamağa çalışırdı. Amma indi vəziyyət köklü şəkildə dəyişib. Hayastanın xarici borcu durmadan artır. Daha dəqiq desək, hazırda Ermənistanın xarici borcu illik dövlət büdcəsindən belə qat-qat artıq həddədir. Şübhəsiz, bu vəziyyət belə davam edərsə, yaxın gələcəkdə Ermənistanın xarici borc bataqlığında boğulacağı istisna deyil. İkincisi, regionda sülhə və təhlükəsizliyə təhdid yaradan ölkə kimi tanınan Ermənistan bir sıra beynəlxalq layihələrdən özünü kənarda qoyub. Xüsusilə, Ermənistanın Zəngəzur dəhlizinə qoşulmaqda maraqlı olmaması ölkədəki vəziyyəti daha da mürəkkəbləşdirəcək.

Bu gün Ermənistanda sözün əsl mənasında anarxiya yaşanır. Bu ölkədə insanları, cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirəcək yeganə ümummilli ideya bədnam “miatsum” idi ki, artıq o da puç olub. Nikol Paşinyan iqtidarına müxalifətdə olan qüvvələr yaranmış boşluqdan istifadə edərək insanları asanlıqla müxtəlif istiqamətlərə çəkir, onları bir-biri və yaxud hakimiyyətlə qarşı-qarşıya qoyurlar. Qarabağ iqtisadi rayonunda Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsində bölgədə yerləşən qanunsuz Ermənistan silahlı qüvvələri birləşmələrinin varlığına son qoyulması İrəvanda vəziyyəti qarışdırıb. Müxalif qüvvələr vəziyyətdən istifadə edib Nikol Paşinyan hakimiyyətinə son qoymağa can atırlar. Bu səbəbdən də hakimiyyət əleyhinə aksiyalar davam edir.İrəvanın mərkəzi meydanında kütləvi etiraz aksiyaçıları hökumət əleyhinə şüarlar səsləndirir, Paşinyanın istefasını tələb edirlər.

Ermənistanın məhz bu milli naqislik­lər ucbatından məhvə məhkum olması qənaətinə gələn və bunu özünün “Face­book” səhifəsində yazan erməni politoloq Ayk Martirosyan Hayastanın tarix boyu üzləşdiyi məğlubiyyət və fəlakətlərdən, uğursuzluq və səhvlərdən heç vaxt ibrət götürməməsini də yarımçıqlıq kompleksi ilə bağlayır. Ermənilərin “vətəni” itir­mək təhlükəsi ilə üz-üzə qaldığını yazan Martirosyan ölkəsinin hətta tarix səhnə­sindən silinəcəyinə işarə edir: “Bütün bu səbəblərə görə, Hayastan adlı ölkənin dağılması qaçılmaz, vətənin itirilməsi isə lap yaxındadır. Bu ölkənin tarixinin sonuncu səhifəsi də artıq çevril­mək üzrədir”.

Bütün bunlar Ermənistanda vəziyyətin nə dərəcədə ağır olduğunu aydın şəkildə nümayiş etdirir və bir daha təsdiq edir ki, bu ölkəni qarşıdakı dövr ərzində daha böyük çətinliklər gözləyir. Ermənistanın bugünkü vəziyyəti onu deməyə əsas verir ki, bu ölkə cəld tərpənib Azərbaycanın sülh çağırışına məqbul cavab verməsə, hayların varlığı sual altında olacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”