07 oktyabr 2023 19:00
250

Avropa Parlamenti həm kar, həm də kor olub

Bu günlərdə Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə çağıran qətnamə qəbul edib. Bu sənəddə göstərilib ki, sanksiyalar “Dağlıq Qarabağa hücuma görə tətbiq edilməli”, habelə Aİ Bakı ilə siyasi dialoq və enerji əməkdaşlığına fasilə verməlidir.

Avropalı parlamentarilərin Azərbaycan və ya Türkiyəni dəstəkləyən başqa qətnamə qəbul etməsi təəccüblü olardı. Lakin onlar artıq kök salmış anti-Azərbaycan ənənəsini pozmamaq qərarına gəliblər.

Yenə də “sanksiyalar”, “cəzalandırmaq”, “dayandırmaq”, “məcbur etmək” sözləri işə salınıb. Qətnaməni oxuyan hər kəs də belə bir sual yaranır: nəyə görə? Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə görəmi? Biz də sual verək: Avropa İttifaqının hansı üzv ölkəsi öz ərazisinin bir hissəsində silahlıların, tankların, artilleriyanın 700 min yerli əhalini min illər ərzində yaşadığı torpaqlarından didərgin salmasına dözə bilər? Öz ərazisinin işğalını sakit seyr edən ölkə varmı? Belə ölkə yoxdur və ola da bilməz! Həmin deputatlar ağzı köpüklənərək sübut etməyə çalışacaq ki, XXI əsrdə başqasının ərazisini işğal etmək olmaz. Onlar bildirəcək ki, öz ərazilərinin müdafiəsi üçün güc tətbiq edilməsi tamamilə qanunidir. Ukraynadakı vəziyyət bunun bariz nümunəsidir. Amma Avropa Parlamentinin deputatlarının nəzərində bu məsələ Azərbaycana aid edilmir. Onlar ikili standartlar mövqeyindən düşünməyə alışıblar. Həm də erməni lobbisinin maliyyə axınını əldə etmək lazımdır.

Azərbaycanın Qarabağ bölgəsindən didərgin düşmüş insanlar 30 ildən çox qeyri-insani şəraitdə yaşayıblar. Azərbaycan avropalı məmurları qaçqın düşərgələrini ziyarət etməyə, dağıdılmış şəhər və kəndləri görməyə məcbur edə bilməyib. Avropalı qonaqlar ölkəmizə səfərləri zamanı müxtəlif bəhanələrlə azərbaycanlı qaçqınlarla görüşdən imtina ediblər. Onilliklər ərzində Avropanın siyasi strukturları Azərbaycanın bu insanların taleyi və onların doğma torpaqlarına qaytarılması ilə bağlı müraciətlərini, tələblərini və xahişlərini qulaqardına vurublar.

Qətnamədə vurğulanıb ki, “Azərbaycanın hakimiyyət orqanlarının hərəkətləri, müstəsna olaraq, diplomatik yollarla Ermənistanla sülhün bərqərar olunması barədə əvvəllər verilmiş bəyanatlara və niyyətlərə ziddir”. Halbuki, Azərbaycan həmişə bəyan edib ki, məsələni sülh, diplomatik yolla həll etmək istəyir. Ölkəmizin tələbləri tamamilə aydındır – Ermənistan bütün hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmalı və ərazi bütövlüyümüzü tanımalıdır. Belə ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından sonrakı üç ilə yaxın müddətdə Azərbaycan rəhbərliyi, diplomatlar dünyaya Ermənistanın yenə də separatçıların nəzarət etdiyi ərazilərə qoşun yığması, atəşkəs rejimini tez-tez pozması, nəticədə, dinc sakinlərin və hərbi qulluqçuların həlak olması barədə siqnallar verib. Ölkəmiz Avropadan bu bəyanatlara heç bir cavab almayıb.

Azərbaycanın erməniəsilli sakinlərinin heç bir blokadası olmayıb, sadəcə, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qoyulub. Əgər hər hansı bir insanın cinayət xarakterli planı yoxdursa, onda nə üçün yoxlamadan qorxmalıdır? Heç kim üçün sirr deyil ki, Avropanın sakini olmayan şəxslərin bu qitənin ölkələrinə viza alması üçün çoxlu sayda sənəd toplamaq, barmaq izlərini, gözlərin rəngini təqdim etmək, özünün ödəmə qabiliyyətini sübut etmək və s. tələb olunur. Həm də bütün bunlardan sonra viza veriləcəyi də dəqiq məlum deyil. Azərbaycan ermənilər üçün viza tətbiq etməyib. Ölkəmiz onlara qarşı məhdudlaşdırıcı tədbirlər görməyib. Yaxud, bəlkə avropalı məmurlar düşünürlər ki, Azərbaycanın sərhədi minaları, tankları, narkotik maddələri keçirmək bir çox ölkələrdə axtarışda olan kriminal şəxslərin daxil olması üçün nəzarətsiz keçiddir.

Xeyr cənablar, Azərbaycan çox az şey tələb edir, istəyir ki, onun qanunlarına Aİ-nin qanunlarına olduğu kimi hörmətlə yanaşılsın.

Azərbaycan müxtəlif Avropa strukturlarından olan məmurlara vəd etməyib ki, öz ərazi bütövlüyünü bərpa etmək üçün onlardan icazə alacaq. Əksinə, Azərbaycan həmişə bəyan edib ki, vaxtı gəldiyində öz torpaqlarını azad edəcək və həmin vaxt gəlib çatdı. Avropalı deputatların öz seçiciləri var. Azərbaycanın isə ölkənin hökumətinin hesabatlı olduğu öz millət parlament üzvləri. 2020-ci ildə minlərlə insan Bakının küçələrinə çıxaraq tələb etdi: “Cənab Prezident, bizə silah verin”. Prezident İlham Əliyev xalqın tələbini yerinə yetirdi və işğal olunmuş torpaqların azad edilməsi əmrini verdi. Bu əmr qəhrəman Azərbaycan hərbçiləri tərəfindən 44 gün ərzində yerinə yetirildi. Cəmiyyətin və dövlət başçısının Vətənin bütövlüyü uğrunda mübarizədə vahid yumruq kimi birləşdiyi bir şəraitdə xalqımızı sanksiyalarla qorxutmaq perspektivsiz bir məşğuliyyətdir.

Azərbaycanda heç vaxt avropalıların Ermənistan-Azərbaycan münaqişəsində obyektivliyi ilə bağlı illüziyalar olmayıb. Biz hər zaman bilirdik ki, Qərb dünyasının böyük bir hissəsi xaçpərəst Ermənistanın tərəfində olacaq. Bütün bunları bilərək və bəzi Avropa ölkələrinin hətta kiçik mənəvi dəyərlərə hörmət edəcəyinə ümid bəsləməyərək, Azərbaycan “köhnə qitə” ilə münasibətlərini “xahiş etməmək” prinsipi əsasında qurdu. Əgər Bakı hər hansı kreditlərdən ötrü müraciət edirdisə, bunu ölkənin neft-qaz infrastrukturunun yaradılmasına yönəldirdi. Yeri gəlmişkən, Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində bilavasitə iştirak edir.

Avropalı deputatlar inanırlar ki, “mənəvi nöqteyi-nəzərindən Brüssel daha Azərbaycanla tərəfdaşlıq üzrə sazişə dair danışıqlar apara bilməz. Çünki, azərbaycanlılar “etibarlı, etimada layiq tərəfdaşlar deyil, beynəlxalq hüquq normalarını kobud şəkildə pozurlar”. Deputatların bu bəyanatı, yumşaq desək, gülüş doğurur. Azərbaycan şəhərlərinin və kəndlərinin məhv edildiyini görmək istəməyən Brüssel parlamentarilərindən bundan artıq nə gözləmək olar? Onlar azərbaycanlıların hazırda azad olunmuş ərazilərdə yerləşən kütləvi məzarlıqlarını da görmək istəmirlər. Əgər 1992-1994-cü illərdə - işğalın başlandığı dövrdə informasiya videofaktlardan ibarət deyildisə, indi kameralar hər şeyi qeydə alır. Yəni, avropalı deputatlar hətta Azərbaycana gəlmək istəmirlərsə belə, onlar ermənilərin bizim sakinlərə qarşı törətdikləri vəhşiliklərin kadrlarını öz kompüterlərini açaraq görə bilərlər. Amma onlar bunu etmək istəmirlər. Belə olan halda, avropalı deputatlar kor olmağı üstün tuturlar. Avropalıların mənəviyyatı belədir: xaçpərəst olduqları üçün birinin yalanlarına inanmaq, müsəlman olması səbəbindən başqa birisindən həqiqəti eşitməmək və onu görməmək. Amma, bütün bunlarla yanaşı, müxtəlif tribunalardan ədalət, insan hüquqları və ya başqa yüksək dəyərlərlə bağlı bəyanatlar verilir.

Tariximizdə bizim utana biləcəyimiz heç bir hadisə olmayıb. Səlib yürüşlərini biz aparmamışıq, Avropanın mərkəzində iki dünya müharibəsini biz törətməmişik, toplama düşərgələrində və qaz kameralarında günahsız insanları məhv etməmişik, Afrika ölkələrində müdafiəsiz əhalini qətlə yetirməmişik. Ermənistanı öz himayəsinə götürən Avropanın keçmişi belə faktlarla doludur. Dinc insanlara və diplomatlara qarşı terror aktları törədilib, bütöv şəhər və kəndlər dağıdılıb və talan edilib. Təkcə azərbaycanlı olduqları üçün bütöv bir şəhərin əhalisinin erməni quldurları tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımı çox mətləblərdən xəbər verir. Amma “nəcib” və “ədalətli” avropalı deputatlar bu barədə susmağı üstün tuturlar. Axı bu soyqırımı “məşəqqətlər çəkmiş və əzabkeş” ermənilərin avropalılar tərəfindən yaradılmış portretinə uyğun gəlmir.

“Demokratik” Avropa qətnamənin qəbul edilməsinə demək olar ki, yekdilliklə (491 lehinə, 9 əleyhinə və 36 bitərəf) səs verib.

Avropa Parlamentinin qətnaməsi Azərbaycanın guya “qəflətən Qarabağ ermənilərinə əsaslandırılmamış və əvvəlcədən planlaşdırılmış hücumunu kəskin şəkildə pisləyir”, eyni zamanda, “ölkəmizi üçtərəfli Bəyanatın şərtlərini pozmaqda” ittiham edir. Onlara sual vermək istəyirsən: məgər Azərbaycan bu sənədi sizinlə imzalayıb? Qətnamədən görünür ki, anti-Azərbaycan “kağızının” müəllifləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzaladıqları üçtərəfli Bəyanatı ya oxumayıb, ya da bu sənədin müddəaları onların diqqətindən qaçıb. Əvvəlcə yoxlayın, Ermənistan öz öhdəliklərini yerinə yetiribmi? Xeyr, İrəvan onlara əməl etməyib və ən başlıcası öz hərbi birləşmələrini Azərbaycan ərazilərindən çıxarmayıb. Bundan başqa, sənədin imzalanmasından sonra Ermənistan hərbçiləri və silah-sursatı Azərbaycan ərazisinə göndərməkdə davam edib.

Ümumiyyətlə, belə bir təəssürat yaranır ki, həmin qətnamə Avropa parlamentində deyil, İrəvanda hazırlanıb. Bunu aşağıdakı fikirlər sübut edir: “Azərbaycan ermənilərin Dağlıq Qarabağa qayıtmasına icazə verməli və onların hüquqlarının müdafiəsinə “ etibarlı təminat” təqdim etməlidir”. Amma erməniləri oradan heç kim qovmayıb və çoxsaylı video və fotosənədlər bunu sübut edir. Ən böyük təminat isə Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin bütün vətəndaşlarının, o cümlədən erməniəsilli sakinlərin hüquqlarının müdafiəsi üzrə bəyanatıdır.

Qətnamənin səsə qoyulması ərəfəsində keçirilən müzakirələr əsnasında avropalı deputatlar emosiyalarını cilovlaya bilməyib və Azərbaycan hakimiyyətinin ünvanına sərt ifadələr işlətməkdən də çəkinməyiblər. Sosialistlər qrupunu təmsil edən xorvatiyalı deputat Tonino Pitsula ağzı köpüklənərək bildirib: “Əgər insan hüquqlarını xarici siyasətimizin əsasına çevirməyə çalışırıqsa, Azərbaycanla “xüsusi tərəfdaşlığımıza” yenidən baxmalıyıq. Əks halda, biz yenə də öz dəyərlərimizin neft və qaza dəyişdirilməsi tələsinə düşə bilərik”. Cənab Pitsulaya söyləmək lazımdır: “Əgər sizin dəyərlər yuxarıda sadalanandan ibarətdirsə, yaxud lazımi məqamda kar və kor olmağı üstün tutursunuzsa, onları dəyər deyil, fayda adlandırmaq daha doğru olardı.

AZƏRTAC