07 oktyabr 2023 03:15
310

Cəbrayıl rayonunda bərpa-quruculuq işləri geniş vüsət alıb

2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra digər azad edilən ərazilər kimi, Cəbrayıl rayonu da yeni inkişaf mərhələsinə qədəm qoyub.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" və “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”na əsasən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələri layihələndirilir, şəhərlərin Baş planları hazırlanır və təsdiq edilir.Şəhərin Baş planına uyğun olaraq, Cəbrayıl rayonunda tikinti-quruculuq işləri sürətlə həyata keçirilir.Yeni Baş plana əsasən, ümumi ərazisi 625 hektar olacaq müasir Cəbrayıl şəhəri əvvəlki şəhəri və yaxınlıqdakı 5 kəndi əhatə edəcək. Layihədə Çaylaqçay ətrafında şimaldan cənuba doğru uzanan şəhərin mərkəzi hissəsində təklif olunan “yaşıl zolaq” əsas onurğa rolunu oynayacaq.

Qeyd edək ki, rayon ərazisində bir çox tarix-memarlıq abidələrinin, o cümlədən Xudafərin körpüsünün yerləşməsi gələcəkdə şəhərin özünəməxsus memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq. İlkin mərhələdə təhlükəsizlik, infrastruktur məsələləri, sosial xidmətlərin sahələrinin yaradılması, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri həllini tapmalıdır. Bu ərazilərdə bərpa və yenidənqurma strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi inkişafa nail olmaqdır.

Hazırda Cəbrayıl şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisi sürətlə davam edir. Həmçinin yaşayış məhəlləsinin təməli qoyulub və tikinti işləri gedir. Məhəllədə 33 binanın inşası nəzərdə tutulub. 2026-cı ilin sonunadək 712 mənzilin təhvil verilməsi, həmin mənzillərdə təqribən 3800 nəfərin məskunlaşdırılması planlaşdırılır. 2040-cı ilin sonuna qədər isə Cəbrayıl şəhərində 15 min nəfərin yaşayacağı proqnozlaşdırılır. Cəbrayılın inkişaf mərhələsi şəhərlə yanaşı, ətraf kəndləri də əhatə edir. Şəhərlə paralel olaraq Horovlu, Şükürbəyli kəndlərinin, həmçinin Xudafərin qəsəbəsinin şəhərsalma əsaslandırmaları təsdiqlənib və həmin ərazilərdə də inşaat işlərinə başlanılıb. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, orta mərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82 faizinin az və orta mərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşaması planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.

Cəbrayıl şəhərinin məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzərə alınmaqla proqnozlaşdırılıb. Beləliklə, şəhərin iqtisadi inkişafında xidmət və sənaye sektorlarının böyük rol oynayacağı, kənd təsərrüfatı sahəsinin isə digər yaşayış məntəqələrində daha çox inkişaf edəcəyi göstərilib.

Şəhər ərazisində öz doğma torpaqlarına qayıdacaq cəbrayıllı 1880 şagirdin təhsil alacağı müasir 3 tam və orta təhsil müəssisəsi, 960 uşaq üçün nəzərdə tutulan 4 məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılıb. Bütün bunlar heç şübhəsiz ki, işğaldan azad olunmuş Cəbrayılın sürətli şəkildə bərpasına hesablanıb.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəal üzvü