07 oktyabr 2023 01:35
461

Siyasi məqsəd güdən yardımlar

Bütün bunlar Ermənistanı növbəti aqres­siv davranışlara ruhlandırmağa xidmət edir 

Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən sonra könüllü şəkildə Ermənistana köçən erməniəsilli şəxslərə bir sıra ölkələrdən və beynəlxalq qurumlardan gələn “humanitar” yardımların ardı-arası kəsilmir. Məsələn, İsveçrə Qarabağı tərk edən ermənilərin “problemlər”inin həlli məqsədi ilə 1,5 milyon frank (təxminən 1,63 milyon ABŞ dolları), Kanada 2,5 milyon,  ABŞ 11,5 milyon, Yaponiya 2 milyon dollar ayırıb. Oktyabrın 2-də Ermənistanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna ölkəsinin Ermənistana 12,5 milyon avroluq humanitar yardım planlaşdırdığını bildirib. O, həmçinin vurğulayıb ki,  lazım gələrsə, bu yardımlar davam etdiriləcək.

Avropa İttifaqı (Aİ) isə Ermənistana 25 milyon avrodan çox yardım göndərmək niyyətindədir. Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen Qranadada keçirilən Avropa Siyasi Birliyinin sammiti ərəfəsində deyib: “Aİ Ermənistana humanitar yardımı iki dəfə artıraraq 5,2 milyon avrodan 10,4 milyona çatdıracaq”. O, həmçinin bildirib ki, biz bu “çətin vəziyyət”də Ermənistan üçün başqa nə edə biləcəyimizi də müzakirə edəcəyik. Bütün bunlar göstərir ki, haylar yenə öz yalanları, növbəti şouları ilə bir sıra ölkələri və beynəlxalq qurumları ələ almağı bacarıblar. Nəticədə onlar ermənilərin dünyaya sırımaq istədikləri “etnik təmizləmə”ni “humanitar” atəşinə tutublar.

Halbuki bir neçə gün öncə Qarabağda səfərdə olan BMT-nin missiyası Azərbaycanın sentyabrın 19–20-də keçirdiyi lokal antiterror tədbirlərindən sonra ermənilərin “etnik təmizləmə” ilə üzləşmədiklərini, bununla bağ­lı ittihamların özünü doğrultmadığını, erməniəsilli şəxslərin ərazini öz istəkləri ilə tərk etməyə başladıqlarını  bildirmişdi. Üstəlik, bu qurum erməniəsilli şəxslərin Qarabağı tərk etmələrinin ermənipərəst dairələrin bildirdikləri kimi, heç bir "çətinlik”lə, "humanitar böhran”la, "təhlükəsizlik"lə, “etnik təmizləmə” ilə əlaqəsi olmadığını vurğulamışdı. Şübhəsiz, missiyanın bu açıqlamasında qeyri-adi heç nə yoxdur, necə deyərlər, nə görüblərsə, onu da bəyan ediblər. Belə görünür ki, bəzi dövlətlər, həmçinin beynəlxalq qurumlar BMT-ni saymırlar, yaxud da bu nüfuzlu təşkilatın bəyanatına şübhə ilə yanaşırlar.

Bəli, Ermənistanın və onun havadarlarının yalanlarına uyanlar bölgəni könüllü tərk edənləri “məcburi köçkün” kimi qələmə verməklə, utanıb-qızarmadan “etnik təmizləm”əni gündəmə gətriməklə  yenə ermənilərin üstündə əsməkdə, onları uşaq kimi əzizləməkdədir. Sual olunur: hayların yalanları ilə bu qədər ajiotaj yaradan Qərb dünyası 1988-1993-cü illərdə Ermənistandan və Qarabağdan 1 milyon azərbay­canlının vəhşicəsinə qovulmasına,  təhqir olunmasına niyə belə reaksiya verməmişdi? Niyə onların vəhşiliklərinə göz yummuşdu? Niyə öz vicdanını dondurmuşdu? Halbuki hayların həyata keçirdikləri əsil soyqırımı, həm də etnik təmizləmə idi. Amma indi həmin susqun vicdanlar hörmətlə, gül-çiçəklə yola salınan ermənilər üçün göz yaşı tökür, milyonlarla dollar vəsait ayırırlar. Şübhəsiz, bu, açıq-aydın ikili standartların, ayrı-seçkiliyin göstəricisidir. Yəni, bütün bunlar Qərbin xristian təəssübkeşliyindən irəli gəlir.

Burada bir məsələyə də toxunmaq yerinə düşərdi.  Azərbaycan indiyədək erməniəsillə şəxslərin Qarabağı tərk etmələri istiqamətində heç bir addım atmayıb, belə bir niyyəti də yoxdur. Bu, onların “könüllü" seçimləridir. Əksinə, rəsmi Bakı onların Qarabağda qalmaları üçün hər cür şərati yaradıb, onların vətəndaşlıqla bağlı məsələlərini həll etmək üçün praktiki addımlar atıb. Azərbay­canlılara qarşı soyqırımlarında, terror və təxribatlarda iştirak etməyənlərin hamısı da Qarabağda qalmaq istəyirdi. Amma hansısa gözə­görünməz əl onları yerindən oynatdı.  Şübhəsiz, bu məsələdə Ermənistanla yanaşı, onun havadarlarının, o cümlədən “böyük bacı”sı Fransanın da barmağı var.

Qeyd edək ki, ermənilərin yardım yalvarışları təkcə humanitar məsələlərlə məhdudlaşmır. Hayastan təhlükəsizlik baxımından da digər ölkələrdən yardım tələb edir. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatında bildirilir ki, Ermənistan son aylarda ənənəvi təhlükəsizlik tərəfdaşı olan Rusiyadan başqa, bütün tərəfdaşlarından təhlükəsizlik yardımı almağa başlayıb. Yeri gəlmişkən qeyd edək ki, Fransa da gələcəkdə Ermənistana öz təhlükəsizliyini təmin etmək üçün hərbi texnika verməyə imkan verəcək saziş imzalamağa razılıq verib. Bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda keçirdiyi mətbuat konfransında məlumat verib.

Bütün bunlardan belə aydın olur ki, bu kimi “humanitar” gedişlər, şoular siyasi mahiyyət kəsb edir. Belə ki, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları həzm edə bilməyən bəzi siyasi dairələr rəsmi Bakının uğurlarına kölgə salmağa, onun imicinə xələl gətirməyə çalışırlar. Bu mənada onların  məqsədi yardım etmək deyil, xüsusi planları həyata keçirmək üçün gözdən pərdə asmaqdan ibarətdir. Bu da bütün yardımların arxasında yeni ssenarinin dayanmasından xəbər verir. Şübhəsiz, ssenarinin ana xəttini yeni təxribatlar təşkil edir. Bu mənada həmin yardımlar Ermənistanı növbəti aqres­siv davranışlara ruhlandırmağa, gələcək təxribatların maliyyələşdirilməsinə xidmət edir desək, yanılmarıq.

Qvami Məhəbbətoğlu, “İki sahil”