07 oktyabr 2023 01:57
343

Gündəliyimiz Qafqazda sülhün, əməkdaşlığın qurulması və hamı üçün faydanın gətirilməsidir

Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz!

Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun daha da möhkəmlənməsi aydın şəkildə özünü nümayiş etdirir. Günümüzün əsas çağırışı sülh müuqaviləsinin imzalanmasıdır. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında bu çağırışı edir ki, biz regionda sülh istəyirik. Təbii ki, seçim Ermənistanındır.

Azərbaycan 30 illik işğal dövründə də eyni vəziyyəti yaşadı. Tərəflər sülh danışıqlarına qatıldı, müəyyən məsələlər ətrafında razılığa gəldikləri halda görüşdən sonra himayədarlarından gələn təpkilər Ermənistanın tamamilə fərqli bir yanaşma ortaya qoymasına səbəb olurdu. İşğalçı dövlətin yeni müharibə planları hazırlaması və bununla da 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda atılan addımlar oldu. Bəzi dünya gücləri bir tərəfdən münaqişənin ədalətli həllində maraqlı olduqlarını, digər tərəfdən isə işğalçını adı ilə çağırmağın məsələnin nizamlanması prosesinə maneə olacağını bildirdilər. Bu yanaşma ilə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri 27 il icrasını gözlədi. Dövlət başçısı İlham Əliyev bu günlərdə Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında da bu məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı. «Əfsuslar olsun ki, işğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı» söyləyən Prezident İlham Əliyev bildirdi ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Biz həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özümüz icra etdik. ATƏT kimi beynəlxalq təşkilatların da danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə sıfır oldu və Azərbaycan cəmiyyətində tam məyusluq və narazılıq yaratdı: «Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir.»

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan bu hədəfə nail olmaq üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Lakin Ermənistanın bu gün də siyasətində müstəqil olmaması, hələ bir qədər də irəli gedərək yeni himayəçı axtarışna çıxması regionda vəziyyətin gərginləşdirilməsinə səbəb olur. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır və atdığı addımların arxasında bu prinsiplərin dayanması diplomatik uğurlarının biri-birini əvəzləməsinə səbəb olur.

Oktyabrın 5-də diqqət İspaniyanın Qranada şəhərində keçirilən «Avropa siyasi birliyi»nin növbəti Sammitinə yönəldi. Qeyd edək ki. “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Ötən ilin bu günlərində Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi” zirvə toplantısının açılış plenar iclası keçirildi. Praqa Zirvə toplantısında Azərbaycan və Ermənistan liderlərinin görüşü oldu və tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar. «Avropa siyasi birliyi»nin bu ilin iyun ayında Kişineuda keçirilən 2-ci Zirvə toplantısı bir sıra siyasi hadisələrlə zəngin oldu. Prezident İlham Əliyevin qurumun hər iki tədbirinə dəvət edilməsi Avropanın ölkəmizə necə böyük əhəmiyyət verdiyini, onu etibarlı tərəfdaş kimi qəbul etdiyini təsdiqlədi. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın artan nüfuzu, Cənubi Qafqazda yaranan yeni reallıqlar Avropa İttifaqı tərəfindən qəbul olunur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Brüssel formatı Azərbaycan dövləti tərəfindən müsbət qarşılanır. Bu, bir həqiqətdir ki, dünyanın aparıcı dövlətləri Azərbaycanla hesablaşırlar. Hər zaman bu fikir xüsusi qeyd edilir ki, bölgədə Azərbaycanın iştirakı olmadan hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan hər bir addımı beynəlxalq aləmdə yerinə və roluna öz müsbət təsirini göstərir. Moldovada yenə də Prezident İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron bir araya gəlsə də Almaniya və Fransa tərəf kimi qəbul olunmadı. Onlara bu görüşə qonaq qismində iştirak etdilər. Fransa Prezidentinin belə səpkili görüşlərdə iştirakı ona görə maraq və təəccüb doğurur ki, bu dövlət BMT Təhlükəsizlik Şurasının daimi üzvü, eyni zamanda, keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan və artıq tarixin arxivinə göndərilən ATƏT-in Minsk qrupunun həmsədridir. 30 illik işğal dövründə Ermənistanın başına sığal çəkib yeni ərazilər uğrunda müharibə planları hazırlamasına şərait yaradan Fransa kimi dünyanın söz sahibi olan bəzi gücləri bu gün postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə dəstək göstərməkdə maraqlı olduqlarını bildirirlər. Təəccüblü yanaşma deyilmi? Eyni zamanda, onu da nəzərə alaq ki, artıq tarixin arxivinə atılan Minsk qrupunun fəaliyyətinin canlandırılmasında maraqlı olan bəzi dairələr var. Ermənistan «Avropa siyasi birliyi»nin hər iki tədbirində növbəti dərslərini aldı. Həmin görüşlərdə himayədarının Ermənistanın yanında olması vəziyyəti dəyişmək imkanında deyildi. İkili standartlara əsaslanan siyasəti ilə daim dünyada özünə qarşı etimadsızlıq mühiti yaradan Fransa Prezidenti Praqa görüşü zamanı Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini qəbul etsə də, ondan dərhal sonra Makron bu ölkədəki erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycanın əleyhinə fikirlər səsləndirdi və ölkəmizi işğalçı kimi təqdim etdi.

Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul sayıla bilməz

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində «Avropa siyasi birliyi»nin Sammiti çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü nəzərdə tutulmuşdu. Görüşün beşli (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) formatda təşkili vurğulansa da Azərbaycan tərəfi bu görüşdə qardaş Türkiyənin də iştirakının vacibliyini bildirdi. Türkiyənin iştirakına imkan verilməməsi Azərbaycanın bu görüşdən imtinasını şərtəndirdi. Fransa və Almaniyanın Türkiyənin iştirakıqa mane olmaq üçün cidd-cəhdlər göstərdiyi bildirilir. Təbii ki, hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan, birlikləri, həmrəylikləri ilə dünyaya nümunə olan Azərbaycan ilə Türkiyənin danışıqlarda birgə iştirakı həmin formatın iştirakçılarını razı sala bilməzdi. Ədaləti, beynəlxaq hüququ maraqlarının arxasında saxlayanlardan bu formatda danışıqlar zamanı konkret addım gözləmək sadəlövhlük olar. Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul sayıla bilməz. Azərbaycanın tarixi Zəfərindən bugünədək cərəyan edən hadisələrin xronologiyasına diqqət yetirsək Azərbaycana qarşı qərəzli mövqeyin nümayiş olunduğu məkanlarda Fransanı görmək mümkündür.

ABŞ-ın nüfuzlu “Politico” nəşrinin yazdığına görə, sammit iştirakçıları Avropanın ətrafında münaqişələrin, yaxud hər hansı digər regional problemin həllində əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər. Emmanuel Makronun layihəsi olan «Avropa siyasi birliyi»nin üçüncü Sammiti Ermənistan ilə Azərbaycan arasında sülhə nail olmaq, Balkanlarda gərginliyi azaltmaq və qitənin təhlükəsizliyi ilə bağlı strateji müzakirələr platforması kimi təqdim edilib. Lakin bu konkret məsələlər üzrə heç bir irəliləyiş əldə olunmayıb.

Nəşr bu məqamı da qeyd edir ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşdən imtina etmək qərarına gəldikdə, iştirakçıların Qarabağla bağlı hərəkətə keçmək ümidləri də puça çıxdı. Liderlər Azərbaycanın antiterror tədbirlərindən sonra İlham Əliyevlə Nikol Paşinyan arasında ilk görüşü keçirməyə ümid edirdilər. Azərbaycan Fransanı danışıqlarda qərəzli olmaqda ittiham edir və son nəticədə Aİ-nin himayəsi altında Brüsseldə danışıqlara razılıq verdi.

Onu da qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qranadada keçirilən «Avropa siyasi birliyi»nin Sammiti çərçivəsində Avropa İttifaqı, Almaniya və Fransa liderləri ilə görüşündə bəyannamə imzalanıb. Həmin bəyannamənin mətni Aİ Şurası tərəfindən yayılıb. Sənəddə bildirilir ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.

Oktyabrın 4-də Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Liderlər telefon danışığı əsasında regional məsələlərlə bağlı fikir mübadiləsi apardılar. Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edərək bildirdi ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir. Almaniya Kansleri BMT-nin ölkəmizdəki rezident-əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini vurğuladı. Prezident İlham Əliyev mərkəzi hökumət tərəfindən Qarabağın erməni sakinlərinə göstərilən humanitar yardımları qeyd etdi, miqrasiya, sosial müdafiə sahələri ilə bağlı yerində erməni sakinlərə xidmətlər göstərildiyini dedi, müvafiq qeydiyyat proseslərinin başladığını və bunun üçün də ayrıca portalın müəyyən edildiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın bu sahədə təmin etdiyi şəffaflığın nümayişi olaraq, BMT-nin ölkəmizdəki rezident-əlaqələndirici ofisinin və BMT-nin ixtisaslaşmış təsisatlarının nümayəndələrindən ibarət qrupun əraziyə səfər, onların da mülki əhaliyə və mülki-ictimai infrastruktura heç bir ziyanın qeydə alınmadığı ilə bağlı müvafiq bəyanatla çıxış etdiklərini diqqətə çatdırdı.

Azərbaycan reinteqrasiya prosesinə start verib

Fransa Prezidenti Emmanuel Makron yenə də ölkəmizə qarşı qərəzli mövqeyini açıq-aşkar nümayiş etdirdi. «Avropa siyasi birliyi»nin İspaniya Sammitdən sonra mətbuata açıqlamasında Makron Azərbaycanın görüşə qalmamasını qeyri-ciddi fikirləri ilə əsaslandırmağa çalışıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Prezidentinin mətbuat konfransında səsləndirdiyi iddialara dair şərhində qeyd edilir ki, Fransa Prezidentinin Qranadada Azərbaycanın və Türkiyənin iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiaları riyakarlıq nümunəsidir. Tədbir iştirakçılarının hər birinə yaxşı məlumdur ki, məhz Fransa tərəfi Türkiyənin görüşə qatılmasına qarşı çıxıb. Fransa Prezidentinin bu məsələdə yalan məlumatlar yayması dövlət başçısına yaraşmayan yanaşmadır.

O da bildirilir ki, tarixdə özünün soyqırımı siyasəti ilə yadda qalan, Avropa İttifaqına üzv ölkələr arasında Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulmayan yeganə ölkə olan Fransanın çoxsaylı etnik xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığı, multikultural və multietnik dəyərləri ilə nümunə təşkil edən Azərbaycana azlıqların hüquqları barədə dərs keçməyə cəhd etməsi qəbuledilməzdir. Ədalətli vasitəçilikdən danışan Fransanın 23 ilə yaxın dönəmdə necə vasitəçilik etdiyi hər kəsə məlumdur. Eynilə azərbaycanlıların yaşadığı kütləvi qırğınlara, onlara qarşı zor tətbiq edilərək düşdükləri məcburi köçkün və qaçqın həyatına, eləcə də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin gözardı edilməsinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, Ermənistanın öhdəliklərinə zidd olaraq Azərbaycandan erməni silahlı qüvvələrini çıxarmamasına, davam etdikləri hərbi-siyasi təxribatlara heç bir əhəmiyyət verməyən Fransanın bitərəf və neytral vasitəçi olduğunu iddia etməsi bu ölkənin niyyətindən xəbər verir.

30 il müddətində Azərbaycan ərazilərinin 20 faizə yaxın hissəsinin Ermənistan tərəfindən işğalına, hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına göz yuman Fransanın Azərbaycanı Ermənistan ərazilərinin 150 kvadratkilometrlik hissəsinin işğalında təqsirləndirməsi gülüncdür. Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib və delimitasiya olunmamış sərhəddə Azərbaycanın qüvvələrinin yerləşdiyi ərazilərin Ermənistana məxsus olduğunun iddia edilməsi heç bir məntiqə sığmır.

Azərbaycan tərəfinin öz ərazilərini həm diplomatik, həm də hərbi yolla işğaldan azad etmək kimi BMT xartiyası və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində legitim hüququ hər zaman mövcud olub. Məhz Fransa tərəfinin də cəlb olunduğu vasitəçilik səylərinin heç bir nəticə verməməsi, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməsinə gətirib çıxardı. Eynilə, antiterror tədbirlərinə qədər Azərbaycanın suveren ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrinin və qondarma rejimin ləğv edilməsinin zəruri olduğu Azərbaycan tərəfindən bütün danışıqlar prosesində dəfələrlə vurğulanırdı. Bununla əlaqədar Fransa Prezidentinin guya Azərbaycanın qeyri-qanuni separatçı rejimə qarşı güc tətbiq etməyəcəyi barədə söz verməsi iddialarının heç bir əsası yoxdur. Fransa Ermənistana yalan vədlər vermək əvəzinə, Ermənistana düzgün istiqamət versəydi Azərbaycana qarşı olan təhdidi güc yolu ilə həll etməyə ehtiyac olmazdı və məsələ sülh yolu ilə həll olunardı.

Fransanın Azərbaycana təzyiq edilməsinə çağırışına cavab olaraq Xarici İşlər Nazirliyi bu xatırlatmanı edir ki, Azərbaycanla təzyiq dilində danışmaq mənasız və qəbuledilməzdir. Belə məsuliyyətsiz bəyanatlar vermək əvəzinə, Fransanın bölgəmizdə təcavüzkar Ermənistanın dəstəklənməsi və silahlanmasına yönəlmiş, bölgədə sülh və sabitliyə mane olan məkrli siyasətinə son qoyması daha faydalı olardı. Azərbaycan erməni sakinlərin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirir və ölkəmiz hər zaman olduğu kimi, Ermənistanla qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə hörmət əsasında bölgəmizdə sülh quruculuğunda ən maraqlı tərəfdir.

Fransa bu gün öz maraqlarına uyğun yanaşmalar ortaya qoyaraq Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edəndə 30 illik işğal dövründə vasitəçilik missiyasını hansı səviyyədə yerinə yetirdiyini, ən əsası özünün də iştirakı ilə hazırlanan və qəbul edilən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kağız üzərində saralmasına dəstək olduğunu da yadına salsın. Təbii ki, kiçik dövlətlərə ədalət və beynəlxalq hüquq dçrsi keçən Fransa kimi bu dəyərlərdən xəbərsiz dünya dövlətləri zamanında Ermənistana sanksiyalar tətbiq etsəydilər 44 günlük İkinci Qarabağ müharibəsi yaşanmazdı.

Reallıq budur ki, Azərbaycan reinteqrasiya prosesinə start verib. Ermənistan Qarabağda yaşayan ermənilərindən istifadə edərək “etnik təmizləmə” şousu yaratmaq istəyir. Bununla da Azərbaycana qarşı beynəlxalq təzyiqlərin göstərilməsinə çalışırlar. Bu, o demək deyil ki, Azərbaycan xalqına, ərazi bütövlüyümüzə qarşı cinayətlər törətmiş şəxslər cəzasız qalacaq. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan edir ki, cinayətkarlar beynəlxalq hüquq çərçivəsində layiq olduqları cəzanı almalıdırlar. Bu günlərdə Ruben Vardanyanın, qondarma rejimin “keçmiş prezidentləri” Arkadi Qukasyanın, Bako Saakyanın, Araik Arutyunyanın, daşnak David İşxanyanın, eləcə də bir neçə yüksək rütbəli hərbçilərin həbs edilməsi bunun təsdiqidir. Hazırda Ermənistan və ona hadvarlıq edən dövlətlər bu cinayətkarların həbsindən də “siyasi şou” düzəltməyə çalışırlar.

Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz

Azərbaycana qarşı qərəzli hesabatları, mütəmadi qəbul etdiyi qənamələri ilə diqqətdə olan Avropa Palamentinin oktyabrın 5-də qəbul etdiyi sənəd də onun kimlər tərəfindən idarə olunduğunu bir daha açıqladı. Sözügedən qətnamənin Fransa hökumətinin təhriki ilə əksəriyyəti bu ölkədən olan anti-Azərbaycan, islamofob deputatların saxta məlumatları əsasında hazırlandığı inkaredilməzdir. Avropa Parlamentinin bu addımı onun ikili standartlara əsaslandığının növbəti bariz nümunəsidir. Qətnamənin əsas təşəbbüskarı olan Fransa son illər Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsi yolunda başlıca maneəyə çevrilmişdir. Dünyanın müxtəlif regionlarında iflasa uğrayan Fransa Cənubi Qafqaz bölgəsini yeni təhlükələrə sürükləyərək qeyri-sabit zonaya çevirməyə çalışır. Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, özünün mənfur yeni müstəmləkəçilik təcrübəsini Cənubi Qafqaz bölgəsində tətbiq etməyə çalışması, xristianlıq amilini qabartması və keçmiş münaqişəyə dini təəssübkeşlik mövqeyindən yanaşması onun səlibçi siyasətinin təzahürüdür. Qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan etdikdən sonra Avropa Parlamentinin onu müdafiə etməsi siyasi riyakarlıqdan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların səsləndirdiyi bəyanatlara tamamilə zidd olaraq, Avropa Parlamentinin bölgədən könüllü getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Ötən ilin iyul ayında dövlət başçısı İlham Əliyevin Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söylədiyi bu fikirləri yada salmaq istərdik: «Biz Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmirik. Əslində, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir. Bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir.» 

Dövlət başçısı İlham Əliyev, həmçinin bu reallığı da diqqətə çatdırmışdır ki, bu gün Avropa məkanında, xüsusilə Avropa Parlamentində anti-Azərbaycan qruplaşması yaranıbdır: «Bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın və imicini ləkələsin. Bizim üçün, bir Prezident kimi mənim üçün Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə kağız parçasından başqa bir şey deyil. Mən buna əhəmiyyət vermirəm. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz.» Dövlət başçısı İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində səsləndirdiyi « Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!» çağırışı da ölkəmizə qarşı qərəzli mövqedə dayanan qüvvələrə tutarlı cavabdır.

Yeganə Əliyeva, «İki sahil»