07 oktyabr 2023 02:36
356

Azərbaycanın Ermənistana ehtiyacı yoxdur

Ermənistan regionda iqtisadi layihələrə qoşulmaq imkanını əldən verdi

6 oktyabr 2023- il tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında «Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu»” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin keçirilməsinin bir açıqlaması vardır: « Azərbaycanın Ermənistana ehtiyacı yoxdur.»

«Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq» söyləyən  Prezident İlham Əliyev  2020-ci il 10 noyabrda  imzalanan üçtərəfi  Bəyanata , Şuşa  Bəyannaməsinə  daha çox diqqətçəkən  nəqliyyat –kommunikasiya ilə bağlı bəndlərin   salınmasını tarixi nailiyyətimiz adlandırır .  Cənab İlham Əliyev beynəlxalq səviyyəli görüşlərdə belə  Orta Dəhliz layihəsinin  mühüm amillərindən olan bu dəhlizin  əhəmiyyətindən bəhs edərək bidirib ki, təkcə bölgədə deyil, dünyada sabitliyin, ölkələrarası əməkdaşlığın,  türkdilli dövlətlərin əməkdaşlığının möhkəmlənməsi baxımından da önəmli olan bu layihə  aktuallığını qoruyur.

Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri arasında  keçirilən görüşləri,  Zəngəzurdan keçəcək dəmir və avtomobill yollarının inşasının vacibliyini «Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik» sözləri ilə diqqətə çatdıran dövlət başçımızın  qətiyyəti, siyasi iradəsi nəticəsini verir. Ermənistanın işğalından azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin   Fərmanına uyğun  yaradılan Şərqi Zəngəzur iqtisadi rayonunda aparılan bərpa –quruculuq işlərinin intensivləşməsi  bu dəzlizin  istifadəyə veriləcəyi  zamanını yaxışladığına da əminlik yaradır.

Dəfələrlə qeyd olunduğu kimi,  bölgədə sabitliyin yaranmasına  süni əngəl törədən,  bu dəhlizin açılmaması üçün müxtəlif bəhanələr gətirən Ermənistan  yenə də siyasətin şahmat taxtasının  «pat» vəziyyəti ilə üzləşdi. Regionun iqtisadi layihələrinə qoşulmaq imkanını əldən verdiyi üçün iqtisadi bataqlıq içərisində çabalayan, öz maraqları naminə Cənubi Qafqazda  sabitliyin yaranmasına əngəl olan qüvvələrin əlində vasitə olan Ermənistan  danışıqların aparıldığı  masalardan kənarda, qapı arxasında qaldı.

2023- cü ilin 25 sentyabr tarixində Naxçıvana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı  İlham Əliyevlə  «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”»nun imzalamaları  tarixi nailiyyətimizin əhəmiyyətini daha da artırdı. Bu həmrəylik  sayəsində inşa olunacaq  Qars-İqdır-Naxçıvan dəmiryolunun inşası  bölgə dövlətlərinin iqtisadi inkişafına  əlavə  dividentlər, mənfəətlər  qazandıracaq.

Zəngəzur dəhlizini bərpası ilə bağlı bəzi önəmli hadisələri  xatırladaq. 2022-ci il martın 11-də «İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında  Anlaşma Memorandum» imzalanmışdı. Həmin ilin sentyabr ayının 21-də Baş nazirin müavini Şahin Mustafayevin və İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin iştirakı ilə Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq Ağbənd avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Beləliklə, Azərbaycanın digər rayonlarının  İran vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə bağlantını reallaşdırmaq imkanları yaranır.  Nəticədə  Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılması, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrı intensivləşir, iqtisadi, ticari, logistik və enerji sahələrini  əhatə edən əlaqələr genişlənir.

Baş nazirin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İran tərəfdən Komissiyanın həmsədri Mehrdad Bəzrpaş bildiriblər ki,  Azərbaycanlaİran arasında nəqliyyat əlaqələrinin inkişafı məsələlərinə daha çox vaxt ayrılacaq, xüsusi diqqət göstəriləcək, yükdaşımaların həcmi artırılacaq.
Nəqliyyat sektorunda daha böyük potensialın olduğunu vurğulayan Baş nazirin müavini əlavə olaraq qeyd edib ki,  Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbədən sonra regionda yeni vəziyyət yaranıb, nəqliyyat-logistik sektorda daha əlverişli  imkanlar açılıb.

Ş.Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərdə bərpa işlərinin aparılmasına və ərazilərin potensialından səmərəli istifadə olunmasına göstərdiyi diqqət sayəsində   genişmiqyaslı layihələr yerinə yetirilir, o cümlədən yeni nəqliyyat infrastrukturu yaradılır. Avtomobil , dəmir yolları çəkilir və ya bərpa olunur, infrastruktur təzələnir. Bu tədbirlər nəticəsində bölgənin tranzit imkanları artır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addımlar atılır. Bu məqsədlə İran İslam Respublikası ilə razılıq əldə olunub”.  Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Bildirilib ki, qarşılıqlı razılaşma əldə olunub, körpünün layihəsi hazırlanıb. Bundan başqa, Araz çayı sahilinin bərpası işləri də aparılıb və çay əvvəlki məcrasına qaytarılıb. Eyni zamanda, gömrük keçid məntəqəsi infrastrukturunun da yaradılması nəzərdə tutulur. Proqnozlara görə,  Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq: «Bu yol tranzit yüklərin daşınmasına da xidmət edəcək. Həm Azərbaycan, həm İran, həm də region üçün əhəmiyyətli olacaq. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastrukturdur. Bunun nəticəsində bölgə logistik mərkəzə çevriləcək”» söyləyən Şahin Mustafayev əlavə olaraq  qeyd edib ki,  ərazidə avtomobil yolu ilə yanaşı, dəmir yolu körpüsünun də tikintisi nəzərdə tutulub.  Razılaşma əsasında  inşa ediləcək  infrastrukturun  bir il ərzində reallaşdırılması üçün səylər artırılır.  Danışıqlardan keçən müddət ərzində iki qonşu dövlət arasında səylərin birləşdirilməsi artıq gözlənilən nəticəni verir.

6 oktyabr 2023- il tarixində mövcud   tarixi nailiyyətlərimizə yeni, daha uğurlu, möhtəşəm səhifələr  yazılır. Həmin gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında «Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu»” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib, tikinti  işlərinə başlanılıb.

Bu sənədin imzalanması ilə   Ermənistandan vasitə kimi istifadə edərək Zəngəzur dəhlizinin açılmasını ləngıdən qüvvələrə, rəsmi İrəvana bildirildi ki, Azərbaycanın Ermənistana ehtiyacı yoxdur.

Tədbirdə Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.

Araz çayı üzərindən tikintisi başlanılan körpünün koordinatları və texniki parametrləri, körpüyə yaxınlaşma yolu layihəsi, ərazidə yaradılacaq müvafiq sərhəd-gömrük məntəqəsinin göstəriciləri, çayın əvvəlki məcrasına qaytarılma məqsədilə görüləcək sahilbərkitmə və məcratəmizləmə tədbirləri və İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında inşa ediləcək yeni dəmir yolu xətti və körpülərinin planları barədə aidiyyəti dövlət qurumları tərəfindən Şahin Mustafayevə və Mehrdad Bəzrpaşa ətraflı məlumat verilib.

Həmsədrlər avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəricilərinin ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artmasına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcəyini xüsusi qeyd ediblər. Belə ki, 7 gediş-gəliş xətləri olacaq dövlət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1100 təşkil edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ay Naxçıvana səfəri çərçivəsində Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanmasından sonra  region dövlətlərinin nəqliyyat –infrastrutur imkanlarını genişləndirəcək bu addımı  tarixi  hadisə adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi,  bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir. «Naxçıvanı Azərbaycana birləşdirəcək Zəngəzur dəhizi ilə bağlı bəzi çevrələrdəki qorxu və əndişələr, mənə görə, yersizdir. Artıq bütün Qarabağın atdığı bu addımlardan sonra belə qorxulara yer yoxdur» sözəlri ilə  bu yolun açılmasını zəruri  hesab edən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Türkiyə və Azərbaycan «üçüncü ölkədən təhlükə olarsa» bir-birini qoruyacaq, «Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik»  sözləri iki qardaş ölkənin sarsılmaz birliyinin ifadəsi olmaqla türk dünyasının həmrəylik rəmzidir.

Xuraman İsmayılqızı, «İki sahil»