06 oktyabr 2023 01:58
653

Xankəndi: Reinteqrasiya prosesi sürətlənir

Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndidəki separatçı rejim 2023-cü ilin sentyabr ayında 23 saat davam edən antiterror tədbirlərindən sonra tarixin zibilliyinə atıldı. Qondarma rejimin “başbilənləri” Azərbaycan mərkəzi hakimiyyətinin şərtlərini qəbul etməli oldular. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələrdən sonra əməli işlərə başlanıldı. Artıq qısa zaman kəsiyində müəyyən işlər görülüb. Şübhəsiz, bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsidir.

Bəli, indi Qarabağ Azərbaycan qanunlarının işlədiyi, mərkəzi hakimiyyətin idarə etdiyi, dövlət qurumlarımızın fəaliyyət göstərdiyi bölgəyə çevrilib. Artıq neçə gündür ki, Xankəndidə Azərbaycan Respublikasının Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, eyni zamanda Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin, Dövlət Miqrasiya Xidmətinin, “Azərsu” və “Azərişıq”ın nümayəndələri fəaliyyət göstərirlər.

Bütün bu işlərin fonunda artıq Xankəndidə yaşayan erməniəsilli şəxslərin reinteqrasiyasına da uğurla start verilib. Erməniəsilli şəxslər Xankəndi şəhərində yerləşən keçmiş “polis” binasında fəaliyyət göstərən Dövlət Miqrasiya Xidmətinin əməkadaşlarına reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq məqsədilə müraciətlər ediblər.

Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağdakı ermənilərin reinteqrasiyası prosesi ilə bağlı oktyabrın 4-də yaydıqları birgə məlumatda bildirilir ki, bu günədək portal (reintegration.gov.az) vasitəsilə Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 98 müraciət daxil olub. Müraciət edənlərin hər biri Qarabağ iqtisadi rayonunda yaşamaq və Azərbaycan Respublikası vətəndaşlığını əldə edərək Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini bildiriblər. Bu isə o deməkdir ki, separatçıların girovluğunda yaşayan erməniəsilli sakinlər normal həyat şəraitinə qovuşurlar.

Şübhəsiz, müraciətlərin sayı getdikcə artacaq, eləcə də Ermənistana gedən ermənilər arasında da qayıtmaq və vətəndaşlığı qəbul edərək, burada yaşamaq istəyənlər olacaqlar. Çünki rəsmi Bakı bunun üçün lazım olan bütün şəraiti yaradır. Digər tərəfdən, bəzi məlumatlara görə, Ermənistana üz tutanlar rəsmi İrəvanın davranışlarından narazı olduqlarını dilə gəririrlər. Bununla da onlar Hayastanın özəl maraqlarının girovuna çevirilmək istəmədiklərini bildirirlər.

Yeri gəlmişkən, qeyd edək ki, yeni istifadəyə verilmiş reintegrati­on.gov.az portalı Ermənistan ərazisindən hayların pro­vayderləri tərəfindən aktiv şəkildə kiberhücumlara məruz qalır. Bu fakt bir daha göstərir ki, Ermənistan reinteqrasiyaya mane olmaq cəhdindən əl çəkmək fikrində deyil.

Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalıya və Xankəndinə Böyük Qayıdışın səmərəli şəkildə təşkili ilə bağlı hazırlıq işlərindən, dövlət başçısının bu barədə verdiyi tapşırıqlardan danışıb. Bu, bir daha sübut edir ki, 25 illik ayrılıqdan sonra Xankəndidən olan azərbaycanlı məcburi köçkünlərin də bu prosesə qoşulacağı gün uzaqda deyil. Şübhəsiz, hazırda həyata keçirilən tədbirlər gələcəkdə birgəyaşayışın asanlaşdırılmasına və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına xidmət edir. Qeyd edək ki, təkcə Xankəndinin özündə ötən əsrin 80-cı illərinin sonlarınadək 15-18 min azərbaycanlı yaşayıb.

Eyni zamanda, sakinlərin yaşadıqları ərazilərin sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) diqqət mərkəzindədir. Məsələn, Xankəndinin elektrik xətti artıq Azərbaycanın elektrik sisteminə qoşulub. Xankəndi şəhərində tibbi işin təşkili ilə bağlı tədbirlər görülüb: üç otaqdan ibarət poliklinika qurulub, ilkin cərrahi, kardioloji və terapevtik otaqlar düzəldilib. Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası oktyabrın 1-də Xankəndinə ezam olunub. Xankəndidə əhalinin cari tibbi və sanitar-epidemioloji vəziyyəti qiymətləndiriləndən sonra növbəti müvafiq addımların atılması nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları humanitar vəziyyətlə əlaqədar cari ehtiyacların müəyyən edilməsi üçün sakinlərlə ilkin sosial-psixoloji, sosial xidmətlərə, reabilitasiya xidmətlərinə dair qiymətləndirmə və maarifləndirmə işi aparıb, ehtiyacları müəyyənləşdirib, həmçinin əlillik və reabilitasiya xidmətlərinə dair məsləhətlər veriblər.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup da yaradılıb. Bu qrupun xətti ilə Xankəndinə ərzaq, dərman, gigiyenik vasitələr, həmçinin yanacaq-sürtkü materialları da göndərilir.

Xankəndidə əhalinin obyektiv və operativ informasiya ilə təminatı da gündəmdədir. Artıq burada mobil operatorlar fəaliyyətə başlayıblar. Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq Azərbaycan Respublikası Audiovizual Şurası "Baku TV" MMC-yə peyk yayımı həyata keçirən platforma yayımçısı (televiziya redaksiyasının adı "Baku TV"), "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə ümumölkə yerüstü radio yayımıçısı (radio redaksiyanın adı "Azərbaycan Beynəlxalq Radiosu") lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi qurularaq istifadəyə verilib.

Bütün bunlar göstərir ki, separatçıların təslim olmasından (20 sentyabr - 6 oktyabr) cəmi 16 gün keçməsinə baxmayaraq, artıq Xankəndidə Azərbaycanın mərkəzi hakimiyyətinin bərpası, eləcə də digər istiqamətlərdə ciddi işlər görülüb.

Bütün bunlara baxmayaraq müəyyən çətinliklər də var. Belə ki, Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular, eləcə də silah-sursat aşkarlanır. Hər aşkar edilən belə təhlükəli qurğular Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən zərərsizləşdirilir və ərazilərin təhlükəsizliyi təmin edilir.

Bəli, de-yure Azərbaycanın ərazisi olsa da, 1988-ci ildən etibarən Xankəndi de-fakto qanunlarımızın işləmədiyi, separatizmin at oynatdığı, şeytanların fəaliyyət göstərdiyi "boz zona"ya çevrilmişdi. İndi artıq tədricən Xankəndi dövlət qurumlarımızın fəaliyyət göstərdiyi bölgəyə çevrilməkdədir. Xatırlayırsınızsa, 10 noyabr Bəyanatının mürəkkəbi qurumamış "Bəs Xankəndi nə oldu?" deyənlər də var idi. Belələrinə bu gün belə cavab vermək olar: Xankəndidə hər şey ürəyimizcə oldu.

Qvami Məhəbbətoğlu, “İki sahil”