06 oktyabr 2023 01:36
312

Fransanın iştirak etdiyi heç bir format rəsmi Bakı üçün məqbul deyil

Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beşli formatda görüşdə iştirakdan imtina edən Prezident İlham Əliyev siyasi iradəsi ilə sübut etdi ki, Azərbaycanla təhdid, təzyiq dili ilə danışmaq olmaz

Prezident İlham Əliyevin 5 oktyabrda İspaniyada keçirilən Sammit çərçivəsində Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla nəzərdə tutulan görüşdən imtina etməsi siyasi şou oyunçularının rəsmi İrəvana dəstək planlarını alt-üst edib, fiaskoya uğratdı. Azərbaycanın apardığı, cəmi 24 saat davam edən lokal xarakterli antiterror tədbirlərindən sonra bolgədə yaranan vəziyyətin sülh sazişinin imzalanmasına ümidləri artırdığı məqamda, çirkin niyyətlilərin Qranadada görüş xəyalına düşmələri əbəs deyil. Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri arasında keçirilən Yevlax, Xocalı görüşlərinin davam etdiyi, danışıqlar zamanı humanitar yardımlarla bağlı irəli sürülən təkliflərin həlli istiqamətində lazımi islərin görülməsi tərəflər arasında razılığa əminliyi artırır. Çünki Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasından başqa yolun olmadığını anladıqları məqamda belə qızışdırıcı addımların atılması mənfur niyyətlərdən qaynaqlanır. «Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansısa səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər» söyləyən Prezident İlham Əliyevin müraciətini düzgün qiymətləndirən erməni əsilli Azərbaycan vətəndaşlarının öz istəklərinə uyğun seçim etmələri üçün hər cür şərait yaradılıb. «Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır» söyləyən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq.

Xankəndidə respublikamızın müəyyən strukturlarının fəaliyyətə başlaması, ən başlıcası isə keçmiş qondarma rejimin sabiq « dövlət naziri» Ruben Vardanyanın, separatçıların yol göstərəni, sabiq «prezident» Araik Arutyunyan başda olmaqla Azərbaycana qarşı törədilən cinayətlərin əsas iştirakçılarının respublikamızın Dövlət Sərhəd və Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən həbs edilərək Bakıya gətirilmələri Qarabağda separatizmin sonunun çatdığını göstərir. Belə bir şəraitdə Ermənistanın havadarlarının yenidən işğalçılara hərbi, siyasi dəstəklərini davam etdirmələri, guya bölgədə sülhün yaranmasına tərəfdar olduqlarını bildirənlərin niyyətləri bəllidir. Avropa İttifaqının təşkil etdiyi üçtərəfli və dördtərəfli Praqa, Brüssel, Moldova görüşlərində Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən bəyanatlar versə də, sonradan havadarlarının diktəsi ilə başqa havalara oynadı. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş üçtərəfli görüşlərdən sonra açıqlanan bəyanatlarda deyilir ki, Azərbaycan və Ermənistan BMT-nin Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini göstərməlidirlər. Hazırda Qarabağ bölgəsində Azərbaycanın siyasi iradəsi, qətiyyəti sayəsində yaranan reallıqlardan narahat olan havadarlar sönən ocağın közünü yenidən alovlandırmağa çalışırlar. Avropa İttifaqının Qranada şəhərində, oktyabrın 5-ə təyin olunan tədbiri çərçivəsində keçirilən görüş İrəvana dəstək ruhundan xəbər verir.

Qranada görüşündən əvvəl İrəvana səfər edən, «Ermənistan Respublikasının ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox sərt cavab veriləcək», «Qarabağın blokadası və məcburi köçürülmə» sayıqlamaları ilə Azərbaycanı təhdid edən Fransanın Xarici İşlər Naziri Ketrin Kolonnanın sözləri rəsmi Parisin ənənəvi erməni sevgisinin daha bir təsdiqidir. Fransanın dövlət rəsmisinin Qranada görüşü öncəsi Bakı ilə İrəvan arasında vəziyyəti yenidən qızışdıran bu cür sayıqlamaları nəzərdə tutulan beştərəfli görüşün ermənilərə dəstək duetinin dəyişilməyən nəqaratıdır. Bölgədəki gərginliyin davamında maraqlı olan Fransa XİN başçısının Ermənistanı silahlaındırmaqla bağlı açıqlamaları rəsmi Parisin əsl niyyətini, məqsədini növbəti dəfə ortaya qoyur. Prezident İlham Əliyev Qranada görüşü ərəfəsində Azərbaycan əleyhinə çıxışlar edərək, bölgədə gərginliyi pik həddə çatdırmağı hədəfləyən, sülh danışıqlarına mane olmağa çalışan Fransanın regional məsələlərdə iştirakını qəbuledilməz adlandırır. Bu baxımdan normallaşma prosesində Fransanın iştirakı məntiqəuyğun deyil. Prezident İlham Əliyevin Ermənistanla sülh sazişi barədə «İlin sonunadək razılaşmaya nail ola bilərik» sözlərindən əhvalı korlanan Fransa Prezidenti Emmanuel Makron dövlət başçımızın «Bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan danışıqlarının normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük» sözlərini qulağında sırğa etməlidir. Siyasətini manipulyasiyalar əsasında davam etdirən Makronun göstərişlərinə uyğun Fransa Senatının aşağı palatasında qondarma rejim «Dağlıq Qarabağ respublikası»nı tanıyan qətnamələr qəbul etməsi rəsmi Parişın neokolonializm siyasətindən qaynaqlanır. Amma Makron bilməlidir ki, Azərbaycan Afrika deyil. Bu kimi səbəblərdən Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beşli formatda Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı görüşündən imtina edib.

Azərbaycan əvvəllər olduğu kimi, İspaniya görüşündə də Türkiyənin iştirakını israrla təklif etmişdi. Lakin qardaş Türkiyənin bu görüşdə iştirakına müsbət yanaşmayan Fransa ilə Almaniya növbəti dəfə ermənipərəst mövqelərini bildirdilər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin son zamanlarda Azərbaycanı ittiham edən açıqlamaları da nəzərə alınsa Qranada görüşünün nəticələri barədə aydın təsəvvür yaranır. Siyasi iradəsi, diplomatik gedişləri ilə beynəlxalq aləmdə baş verənlərlə bağlı obyektiv sözünün söyləyib, vədinə sadiq qalan, bu cür şouların məqsəd və məramını liderlik təcrübəsi ilə anlayan Prezident İlham Əliyev bu formatda danışıqlarda iştiraka ehtiyac görmədiyi üçün görüşdən imtina edərək Qranadaya getməyib. Cənubi Qafqaz bölgəsinə bir dəfə də olsun səfər etməyən, Azərbaycan haqqında doğru-dürüst məlumatı olmayan, tarixini bilməyən, artıq gorbagor olmuş «Dağlıq Qarabağ respublikası»nın harada yerləşdiyi barədə anlayışdan məhrumların Azərbaycanla Ermənistan arasındakı danışıqlarını öz maraqları baxımından «təhlil etmələri» sülh sazişinə əngəldir. Hazırda gündəmdə olan sülh sazişi yalnız regional çərçivədə müzakirə və həll edilə bilər. Aİ-Azərbaycan-Ermənistan üçlü format aktuallşarsa rəsmi Bakı bu görüşdə iştirak edə bilər. Ən əsası isə odur ki, Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil. Bakı belə platformada iştirak etməyəcək.

Xuraman İsmayılqızı, «İki sahil»