06 oktyabr 2023 02:35
326

Keçinin buynuzu geyişəndə…

Ermənistan parlamentinin Roma statusunu ratifikasiya etməsi Kremlin səbrini daşıran addımdır

Ermənistanda anti-Rusiya ovqatı hər gün daha da genişlənir. Xüsusilə baş nazir Nikol Paşinyan son dövrlər anti-Rusiya çıxışlarını artıq açıq mətnlə ifadə edir. Bundan ruhlanan erməni mətbuatı və siyasətçiləri də Rusiyanı ittiham edən açıqlamalar verirlər. O da məlumdur ki, bu ölkə artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərindən də imtina edib. Əvəzində ABŞ-la birgə təlimlər keçirir və Avropa İttifaqı (Aİ) müşahidə missiyasına üstünlük verir. Yəni, rəsmi İrəvan Azərbaycanla sərhəddə gərginlik iddiasını ortaya ataraq hər vəchlə Aİ-nin Ermənistanda missiyasının genişlənməsinə çalışır.

Təbii ki, Ermənistanın bu addımları Kremldə ciddi narazılıqla qarşılanır.  Çünki ermənilərin və Ermənistanın son 200 illik tarixi, fəaliyyəti, mövcudluğu birbaşa Rusiyanın himayəsi və yardımı ilə sıx bağlıdır. Odur ki, Moskvanın İrəvandan inciməsi, ondan nəsə umması səbəbsiz, əsassız deyil.

Haylardan Rusiyaya və həm də birbaşa Prezident Putinə ən ağır zərbə isə Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsi oldu. Bununla da Putinin Ermənistana səfəri zamanı onun həbs olunmasına hüquqi baza yaradıldı. Analitiklər belə hesab edirlər ki, Ermənistan Roma statutunun ləğvi barədə Rusiya ilə bazarlıq etmək istəyir. Amma atalar sözündə deyildiyi kimi, keçinin buynuzu geyişəndə çobanın çomağına sürtər…Məhz Ermənistan parlamentinin Roma statutunu ratifiksiya etməsi Kremlin səbrini daşıran addım kimi görünür.

Erməni analitklərə görə, ölkələrinin anti-Rusiya ovqatında olmasında rəsmi Mosakvanın da günahı az deyil. Rəsmi İrəvan hesab edirdi ki, İkinci Qarabağ müharibəsində Rusiya başda olmaqla KTMT-nin başqa üzv dövlətləri də öz ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı döyüşəcəklər. Ancaq onlar heç cür anlamaq istəmirdilər ki, Azərbaycan Ordusu öz ərazisində, işğal edilmiş torpaqlarını azad etmək uğrunda vuruşduğu üçün haqlı tərəf idi.

Əvvəldə qeyd etdiyimiz kimi, Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun ratifikasiyası Ermənistana səfər edəcəyi halda Rusiya Prezidenti Vladimir Putinin həbsinə əsas verir. Bundan əvvəl isə Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinə Ukraynada müharibə zamanı uşaqların itkin düşməsinə görə cinayət işi başlayıb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun ratifikasiyasısından sonra Ukrayna üçün Vladimir Putin kimdirsə,  Ermənstan da həmin statusdadır. Yaxud artıq Vladimir Putin üçün Ukrayna nədirsə, Ermənistanda odur.

Xatırladaq ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Ermənistanı Roma statutunu ratifikasiya etdiyi üçün alqışlayıb. Lakin bütün hallarda Ermənistana səfər edəcəyi halda Vladimir Putinin həbs edilməsini real görünmür. Burada Nikol Paşinyanın məqsədi özünü Avropaya Rusiyadan asılı olmayan xarici siyasət yürüdən ölkə lideri kimi göstərməyə çalışmasıdır.

O da məlumdur ki, Roma statutunun ratifiksiya edilməsi Qərblə Rusiya arasında vurnuxan Ermənistanın işlərini bir az da qəlizləşdirib. Düzdür, rəsmi Kreml hələ ki, bu məsələnin dərinliklərinə getmək istəmir. Əvəzində  yüngül təsir vasitəsi ilə rəsmi İrəvanı anti-Rusiya mövqeyindən çəkindirməyə çalışır. Çünki Rusiyanın Ermənistana qarşı daha kəskin mövqeyi Rusiyapərəst qüvvələrin Paşinyan qarşısında arqumentlərini azalda bilər ki, bu da  hayların Rusiyanın təsir dariəsindən daha çox uzaqlaşmasına şərait yaradar. Bütün hallarda Roma statutu və digər anti-Rusiya hərəkətləri Ermənistanı Rusiyadan  tamamilə qopara bilməyəcək. Ona görə ki, Avropanın Cənubi Qafqazdakı mövqeləri və nüfuzu hələ də  Rusiyanın nüfuz və mövqelərindən zəifdir. Avropa ötən onilliklərdə Ermənistana rəhbərlik etmiş Rusiyapərəst  Robert Koçaryan və Serjik Sarkisyanla dil tapa bilməməsi Rusiyanın mövqelərini bu ölkədə daha da möhkəmləndirmişdi.

Elçin Zaman, «İki sahil»