06 oktyabr 2023 02:59
353

Cənubi Qafqazın şəriksiz lideri

İkinci Vətən müharibəsi və sentyabrın 19-da Qarabağda başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan hərbi-siyasi Qələbə Azərbaycanın bölgədəki statusunu daha da möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, diktə edir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan Prezident İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir. Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən Prezident İlham Əliyevin yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. Dövlət başçısı İlham Əliyev prezidentlik fəaliyyətinin qürurverici hesabatını söyləyərkən bir məqamı çox doğru olaraq vurğulayır ki, Azərbaycanın inkişaf yolu başqa ölkələr üçün işıq yoludur. Bunu şərtləndirən amil isə iqtisadi müstəqillikdir. Son 20 ildə ölkəmizdəki iqtisadi müstəqilliyin yaratdığı reallıq tam müstəqil siyasətin yürüdülməsini şərtləndirib. Əgər bu, baş verməsəydi, indi Azərbaycan da bəzi ölkələr kimi forposta çevrilmişdi. Çünki iqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər.

Hazırda Azərbaycan regionda ən mükəmməl daxili və xarici siyasət kursuna malik müstəqil dövlətdir. Dövlət başçımız bütün iqtisadi və siyasi təşəbbüsləri, regional və qlobal reallıqları zərgər dəqiqliyi ilə nəzərə alır. Bu firkin doğruluğunu İkinci Qarabağ müharibəsinin nəticələri də təsdiqlədi. Cənab İlham Əliyev bütün dünyaya göstərdi ki, 30 il ərzində həllini qeyri-mümkün hesab etdiyiniz münaqişə 44 gün ərzində necə həll olunur. Uğurla aparılan Vətən müharibəsi postmünaqişə dövründə yeni reallıqlar yaratdı. Artıq Azərbaycan məğlub ölkə deyil, regionda maraqları təmin olunan, qalib ölkə imicini özündə formalaşdırıb və bu, xarici güclər tərəfindən də qəbul edilib. Yeri gəlmişkən, bu günlərdə ABŞ-ın nüfuzlu siyasi xəbər saytı olan “The Hill”in “Dağlıq Qarabağın ağır dərsləri” adlı məqaləsində Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyindən söz açılıb. Bildirilib ki, Azərbaycan bu gün həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühüm dostu və müttəfiqidir. Rusiya, Çin və ABŞ-in beynəlxalq sistemi pozduğu bir dünyada Azərbaycan kimi qərarlı aktorlar və Türkiyə kimi regional güclər daha böyük üstünlüyə malikdir və onlar strateji uğurlar qazana bilər. Məqalədə Azərbaycanın müharibədə həlledici qələbə qazanmasına xüsusi diqqət çəkilib: “Azərbaycan torpaqları 1988-1994-cü illərdə yaşanan münaqişə zamanı işğal olunub. Döyüşlər başa çatanda Azərbaycan ərazisinin 20 faizi artıq Ermənistan tərəfindən işğal edilmişdi. İndiki dönüş isə Azərbaycan üçün həlledici qələbə ola bilər, bunun əks-sədası artıq strateji Qafqaz regionundan çox uzaqlara gedib çıxır. 35 ildir davam edən müharibənin son raundunda Azərbaycan qalib gəldi və bu, ermənilərin Qarabağdakı qondarma “dövlət”lərini ləğv etməsi ilə nəticələndi. Çünki 10 milyon əhalisi olan Azərbaycanın bu gün tam təchiz olunmuş güclü ordusu var".

Sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun özünü buraxması tarixi nailiyyət, 200 illik erməni layihəsinin darmadağın edilməsi idi.  Bütün bunlar Azərbaycanın real faktlara, tarixi həqiqətlərə əsaslanan siyasətinin nəticəsidir. Otuz il Ermənistan və ona dəstək verən dövlətlər qondarma qurumun tərəf kimi danışıqlar prosesinə qatılmasına çalışsalar da Azərbaycan bütün bu cəhdləri güclü siyasi iradəsi, ədalətə və beynəlxalq hüquqa söykənən təbliğatı ilə puç etdi. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və bunun BMT qətnamələrində də öz əksini tapdığı bəyan edildi. Belə bir bəyanat səsləndirildi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Son uğurlarımız bu siyasətin məntiqi nəticəsidir. Qondarma qurum tarixin zibilliyinə atıldı. Hazırki reallıq budur ki, Azərbaycan sülh gündəliyinin müəllifi olaraq bu prosesin qısa zamanda uğurla başa çatmasına səy göstərir. Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyev bildirib: “Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir. Bu gün biz göstəririk ki, həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Biz aydın şəkildə anlayırıq ki, bütün əsas səylərimiz özünü təmin edən iqtisadiyyatın necə qurulmasına yönəlmişdir. Yəni, biz hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı vəziyyətə düşməyək. Biz buna nail olduq”.

Sevinc Azadi, “İki sahil”