05 oktyabr 2023 13:44
261

Parlaq zəfərimizə aparan şanlı səhifələrin başlanğıcı

Cəbrayıl rayonu ki, 1993-cü ilin avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl  şəhəri, 4 qəsəbə və 92 kənd erməni vandalları tərəfindən darmadağın edilmişdi.  İşğala qədərki dövrdə Cəbrayılda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.Təəsssüf ki, bu gün insan hüquqlarından ağızdolusu danışan, hüquqlarının pozulduğunu iddia edən, lakin bir fakt belə göstərə bilməyən ermənilər işğal zamanı kimsəyə rəhm etmədən yerli sakinləri son nəfərinə qədər ərazidən qovmuş, əllərinə keçən hər kəsi isə güllələmişlər. Yuxarıda qeyd edilən təsərrüfatları, obyektləri isə sözün əsil mənasında vəhşicəsinə tar-mar edilmişdir. İşğal nəticəsində ermənilər Cəbrayıl rayonuna milyardlarla dollar ziyan vurub. Cəbrayıl rayonundan olan insanların hüquqları pozulub və 27 il davamlı qaçqınlıq həyatı yaşamağa, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa məcbur qalıblar. Ermənilər Cəbrayılın daşını daş üstə qoymamış, şəhəri, qəsəbə və kəndləri viran etmişdi. İşğal altında saxlanılan digər ərazilər kimi Cəbrayılda da yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi-mədəniyyət və dini abidələrimizə ciddi ziyan dəyib, fərdi və çoxmənzilli yaşayış evləri məhv edilib. Cəbrayılı azad edə bilməməyimiz üçün bir neçə zolaqlı mürəkkəb mane quraşdırmış – səngərlər, tunellər qazmış, təmas xəttinə çoxsaylı minalar basdırmış ermənilər, hər keçən il bir qədər də özlərinə əmin olurdu. Belə düşünürdülər ki, Azərbaycan uzun müddət davam edən işğalla barışmaq zorunda qala bilər. Ancaq unutduqları, hesablamadıqları bir həqiqət vardı: Azərbaycan nəyin bahasına olursa-olsun öz torpaqlarını azad edəcək! Doğma Vətən torpaqları uğrunda canından keçən, qanını torpağa qatan, sağlamlığını itirən oğullarımız ölkəmizin şanını-şərəfini qorudu, qürurunu özünə qaytardı. Bəli, şanlı ordumuz mümkün olmayanı mümkün etdi və 30 ilə yaxın  həsrətə, dərdə qısa müddət içində son verdi. Hələ 5 yanvar 1994-cü ildəki məşhur Horadiz əmə­liy­yatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il Aprel döyüşləri zamanı şanlı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Zəfərə və Böyük Qayıdışa daha da yaxın etdi.

2020-ci ilin oktyabrın 4-də Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. O günü, o həyəcan, fərəh, qürur dolu xəbəri çox yaxşı xatırlayırıq. Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdir: "Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi və bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndi və Füzuli rayonunun 4 kəndi və bu, bizim birinci uğurumuz idi".  Üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalanır. Müzəffər Ali Baş Komandanın müqəddəs bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və bu abidə körpüdə Azərbaycan bayrağının ucaldılmasının böyük tarixi, siyasi önəmi vardır. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. İşğaldan sonra 7 dəfə Cəbrayıl rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu bölgənin abadlaşdırılması, məskunlaşdırılması sahəsində böyük rol oynayacaq bir sıra obyektlərin, yaşayış binalarının təməlini qoymuş, ilk məskunlaşan kənd olaraq Cocuq Mərcanlı kəndində yerli sakinlərlə görüşmüşdür.  Azad edilmiş ərazilərdə həyata keçiriləcək enerji siyasətinin əsas məqsədi isə həmin əraziləri “Yaşıl Enerji” zonasına çevirməkdir. Buna görə də azad edilmiş ərazilərdə energetika sahəsində görüləcək işlərdə bərpaolunan enerji mənbələrindən istifadəyə və ekoloji təmiz texnologiyaların tətbiqinə üstünlük verilir. Bu isə enerji resurslarından daha səmərəli şəkildə istifadə edilməsinə imkan yaradacaqdır. SES-lərin əsaslı şəkildə bərpa edilməsi də bu məqsədlərin reallaşdırılmasına imkan yaradacaqdır. Yaxın vaxtlarda SOCAR BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın tikintisinə başlayacaq.   

Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalını təsis edib.

Beləliklə  Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilən Cəbrayıl rayonu –doğma Vətənimizin bu gözəl guşəsi yenidən abadlaşır, öz sakinlərini qoynuna alır və yeni dövrünü yaşıyır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri