05 oktyabr 2023 00:36
276

Cinayətkar xuntanın rəhbərləri ədalət məhkəməsi qarşısında cavab verəcəklər

Qırx dörd günlük Vətən müharibəsi dövründə təcavüzkar Ermənistanın azğınlaşmış silahlı qüvvələri müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərləri, kənd və qəsəbələri raket atəşinə tutub, ağır artilleriya zərbələri endirib. Militarist Hayastanın hərbi qüvvələrinin zərbələri mülki itkilərə səbəb olmaqla yanaşı, həmçinin evlərə, müəssisə və məktəblərə, habelə bir xəstəxanaya ziyan vurub, əhalinin kütləvi köçürülməsinə səbəb olub. 

İkinci Qarabağ savaşında Ermənistan silahlı qüvvələrinin cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncənin ilk dəfə raket atəşinə tutulmasından üç il ötür. Həmin dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hadisədən sonra Azərbaycanın baş prokuroru Kamran Əliyev yaydığı bəyanatda bildirmişdir ki, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikası”nın prezidenti” Araik Arutyunyan tərəfindən Cenevrə Konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb: “Buna görə də tərəfimdən Araik Arutyunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma, Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, Silahlı münaqişə zamanı cinayətkar əmr vermə, Qəsdən adam öldürmə, Əmlakı qəsdən məhv etmə, Terrorçuluq, Cinayətkar birlik (təşkilat) yaratma, 279.3-cü Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Həmin dövrdə  azğınlaşmış cəllad, qaniçən Araik Arutyunyan qırx dörd günlük müharibə zamanı Gəncə şəhərindəki yaşayış binasının raketlə vurulması əmrini verdiyini videomüraciət zamanı etiraf etmişdi. Vandal Araik Arutyunyan həmin video müraciətində “Gəncəyə raket atmaq əmrini mən vermişəm” deyirdi: “Mənim sərəncamımla “artsax silahlı qüvvələri” yaylım atəş sistemi ilə Gəncə şəhərini vurub. Vaxtında qeyd etmişdim, xəbərdarlıq etmişdim. Təəssüflər olsun ki, bizim tarixi “Qandzak”ı - Gəncəni, “Kirovabad”ı, onların daimi hərbi yerləşdirmə yerlərini vurmuşuq. Çünki onlar buna məcbur etdilər. Özünüzə gəlin. Çünki daha böyük şəhərləri vurmağa ehtiyac olarsa, davam edəcəyik. Yeri gəlmişkən, düşmənə zaman verərək bir müddət böyük şəhərlərin raket və artilleriya ilə atəşə tutulmasını dayandırmaq əmrini vermişəm. O, xəbərdarlıq atəşi idi. Mülki insanları uzaqlaşdırın. Bu müharibəni siz başlamısınız”.

 Azərbaycanın dinc, əməliyyatların aparıldığı ərazidən yüzlərlə kilometr kənarda yerləşən şəhərini gecə yarısı, insanların yatdığı vaxt vurmaqla daha böyük tələfata səbəb olan  Araik Arutyunyan adlı qatil, eləcə də Birinci və İkinci Qarabağ müharibəsi dövründə əli azərbaycanlıların qanına bulaşmış Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyan kimi xunta rəhbərləri Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək Bakıya gətirilib.

Bəli, haqq, ədalər bərəqərar olundu. Xocalı soyqırımı, Ballıqaya qətliamı, Ağdaban və Başlıbel faciələri zamanı dinc əhaliyə qarşı qırğınlar, saysız-hesabsız terror aktları, törədən, minlərlə günahsız insanı qətlə yetirən, onlara ağlasığmaz işgəncələr verən bu vandal cinayətkarlar indi ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

Özü  də təkcə  vaxtilə Azərbaycanın ünvanına hədə qorxu, təhqiramiz çıxışları edən, bu gün isə gizləndikləri dəlmə-deşiklərdən  çıxarılaraq ədalət məhkəməsi önünə gətirilən bu xunta rəhbərləri deyil, əli azərbaycanlıların qanına bulaşmış bütün cinayətkarlar tapılaraq öz layiqli cəzalarını alacaqlar. Azərbaycan İsraildən sonra ikinci ölkədir ki, xalqına qarşı hərbi cinayətlər və terror törətmiş şəxsləri  bir-bir tapır və həbs edir.

 Hamımız yaxşı bilirik ki, İkinci Dünya müharibəsində əli 6 milyon yəhudinin qanına bulaşmış faşist cəlladları bir-bir tapılaraq İsrailə gətirilir və ən ağır şəkildə cəzalandırılırdı. Məsələn, nasist Almaniyasının Gizli Dövlət Polisinin- Gestaponun IV B 4 şöbəsinin rəhbəri olduğu dövrdə onminlərlə yəhudinin qətlində günahlandırılan, müharibədən sonra məhkəmədən qaçaraq Cənubi Amerikada gizlənən  Otto Adolf Eyxman 1962-ci ildə İsrail kəşfiyyatı tərəfindən qaçırılaraq İsrailə aparılmış, orada məhkum olunaraq ölüm cəzası almış və edam edilmişdir. Yaxud keçmiş SS mühafizə dəstəsində xidmət edən Raynold  Hanninq Osvensim ölüm düşərgəsində xidmət etdiyi zaman 170 min insanın ölümündə günahlandırılaraq məhkəmə mühakimə olunmuşdu.

Tarix dəfələrlə sübut edib ki, heç kim ədalətin hökmündən yayına bilməz. 30 illik işğal dövründə kimlər ki Qarabağda azərbaycanlılara qarşı cinayət törədib o qatillər harada olurlar olsunlar onlara mütləq əlimiz catacaq. Və bu hərbi cinayətkarlar ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

Bir məsələni də xüsusi olaraq vurğulamaq istərdik ki, hazırda bu qatilləri, insanlıq düşmənlərini Azərbaycan özü cəzalandırmalı olur. Çünki bəzi dairələr bu hərbi cinayətkarları cəzalandırmaq üçün beynəlxalq tribunal yaratmaq istəmirlər. Əksinə utanmadan indi də onların müdafiəsinə qalxaraq bəyanatlar səsləndirirlər. Bu, isə terrora açıq dəstəkdir. 

Nə olur olsun, haqq-ədalət yerini tapacaq. Ədalət bərqərar olunacaq və hərbi cinayətkarlar öz layiqli cəzalarını alacaqlar. Çünki Azərbaycan  dövləti özü ədaləti bərpa etməyi hamıdan yaxşı bacarır. Bu, birmənalıdır, heç kimin buna şübhəsi olmasın...

Zahid Rza, “İki sahil”