05 oktyabr 2023 00:11
319

Əli Kərimli müxalifət deyil, bu adda düşməndir

Oğlunu xaricdə bəsləyən bu adam utanmadan böyük qələbəmizi kiçiltməyə çalışır

Biz bilirik o kimdir. Ancaq özü-özünü ya tanımır, ya da rola girib. Əslində müxalifət xalqın rəyini qazanmaq üçün iqtidara nümunə göstərməlidir. Bəs müxalfət şinelinə bürünmüş Əli Kərimli nə edir?  Deyə bilərmi ki, ölkəmizin inkişafına, xalqın xoşbəxt gələcəyinə hesablanmış hər hansı bir layihə, dəyərli plan və fikir irəli sürüb? Xeyr, deyə bilməz. Qtuz ildir ki, bu özündən bəyin işi-peşəsi  deyingən arvadlar kimi iqtidarın qeybətini etməkdir. Ölkənin sürətli inkişafını, İkinci Qarabağ müharibəsindəki möhtəşəm Qələbəmizi gözü götürmür.

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi 23 saat 43 dəqiqəlik lokal antiterror tədbirləri zamanı, eləcə də ondan sonra ölkə müxalifətinin sosial şəbəkələrdə nə yazdıqlarını, nə pozduqlarını yaxından izləsək bunu aydın görə bilərik. Ümumi götürdükdə, istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də indi, əksər müxalif qüvvələrin milli birlik nümayiş etdirdiklərinin şahidi olduq. Hətta əks mövqedə duran bəzi şəxslərin nümayiş etdirdikləri birlik təəccüb doğurdu. Amma bununla belə, düzəlməsi mümkün olmayan “qozbellər" də tapıldı.

Antiterror tədbirləri başlayan kimi, dövlət qeydiyyatında keçmiş 26 siyasi partiyadan 23-ü bu tədbirləri tam şəkildə dəstəklədikləri ilə bağlı bəyanat yaydı. Bəyanata yalnız 3 partiya - Müsavat, AXCP və ReAL imza atmadı. Bu da ictimaiyyət tərəfindən etirazla qarşılandı. Doğrudur, Müsavat və ReAL-ın bəzi funksionerləri səviyyəsində bildirilən mövqelərdə antiterror tədbirlərini dəstəklədikləri ifadə olunurdu. AXCP-nin rəhbərləri isə köhnə iddialarının əsiri olaraq bədxahlıqlarını davam etdirdilər. Şübhəsiz ki, hansısa dairələrin işarələrini gözləyirdilər. AXCP sədri Əli Kərimli demək olar ki, hər gün statuslar paylaşır, canlı efirlərə çıxır, tarixi qələbəmizlə fəxr etmək və onu qabartmaq əvəzinə, əvvəl tam qələbənin qazanılmadığını daha çox önə çəkməyə çalışırdı, ard-arda qələbə xəbərləri çatdıqca da, “valı dəyişir”, şəhidlərimizin guya çox olması görüntüsü yaratmağa cəhd edirdi. Burada qeyd edək ki, Əli Kərimli utanmadan öz oğlunu xaricdə bəslədiyi halda şəhidlərin çox olmasını qabardırdı. Vətəni qoruyanların sırasında nə özü var, nə oğlu. Bu mövzuda az danışmaqdansa qarayaxmasından əl çəkmir.

Vurğulayaq ki, heç bir niyyətinin həyata keçmədiyini görəndən sonra indi də Rusiya sülhməramlılarının Qarabağda qaldığı müddətdə qələbədən danışmağın tez olduğu barədə ara-sıra fikirlər səsləndirməyə başlayıb. Partiya rəhbərliyində təmsil olunanlar, eləcə də sıravi üzvlər səviyyəsində də eyni kampaniya aparılır. Son günlərdə AXCP sədri yeni mövzu tapıb. Çıxdığı canlı efirlərdən birində belə paylaşım edib: “Bəs Rusiya "sülhməramlılarının" taleyi necə olacaq? 2025-ci ili gözləməyin heç bir mənası yoxdur. Müzakirə ediləcək məsələ də yoxdur. Qarabağda indi üz-üzə duran silahlı tərəflər, təmas xətti yoxdur ki, “sülhməramlının” iştirakı üçün də bəhanə olsun. Rusiya ordusunun Qarabağda qalması üçün nəinki səbəb, heç bəhanə də qalmadı. Rusiya ordusu ləngimədən Qarabağdan çıxarılmalıdır".

İndiki vaxtda təbii ki, bunu hər kəs istəsə də, çox çətin bir proses olduğunu hamımız bilirik. Xüsusilə də həmin sülhməramlıların Qarabağda qalma müddətlərinin bitməsinə hələ il yarım müddət qalır. Ali Baş Komandan İlham Əliyev də hər çıxışında vaxtı çatanda Rusiya sülhməramlılarının bölgəni tərk edəcəklərini dilə gətirir. Hətta Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə bir neçə dəfə danışıb. İndi bunun fonunda tarixi qələbəmizi qeyd etmək əvəzinə, bu məsələyə başqa rənglər verməklə AXCP sədri guya müxalifətçilik edir. Bəyəm müxalifətdə olmaq xalqına düşmən kəsilməkdirmi? Ağlı kəsəndən xalqına qarşı əks mövqe tutan bu adam görəsən düzələcəkmi?

Vəli İlyasov, "İki sahil"