05 oktyabr 2023 01:14
384

Qovuruq da getmir…

ABŞ-da Beynəlxalq İnkişaf Agentliyi (USAID) adlı bir qurum var. Bu qurum məramının guya zəif inkişaf etmiş ölkələrə dəstək göstərmək olduğunu bəyan etsə də reallıqda onun əsas vəzifəsi digər dövlətlərin daxili işlərinə qarışmaq, həmin ölkələrdəki vəziyyəti öz istəyinə uyğunlaşdırmaqdır. Hətta ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ayrı-ayrı bölgələrdə və ölkələrdə öz planlarını həyata keçirmək üçün USAID-dən istifadə edir. Başqa sözlə desək, bu təşkilat ABŞ-ın digər ölkələrin daxili işlərinə açıq şəkildə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi strategiyasında xüsusi rol oynayır. Bu mənada bu qurumu ABŞ-ın xaos yaradan təşkilatı da adlandırmaq olar.

Bu gün çevriliş cəhdi ilə üzləmiş Gürcüstanda USAID artıq geniş şəbəkə yaradıb. Hətta son günlər bu qonşu ölkədə baş verən hadisələrdə USAID-ın adı hallanmaqdadır. Belə anlaşılır ki, bu qurum indi də Gürcüstanı qarışdırmaqla məşğuldur. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin oktyabrın 2-də açıqlama yayaraq, USAID -i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən serbiyalıları maliyyələşdirməkdə ittiham etməsi deyilənləri bir daha təsdiq edir.

Əsas missiyası guya inki­şaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərməkdən ibarət olan USAID 1991-ci ildən Azərbaycan da  fəaliyyət göstərir və dəfələrlə ölkədə qarşıdurma, gərginlik cəhdlərinə rəvac verib. Vaxtilə öz niyyətlərini gerçəkləşdirmək məqsədilə Azərbaycanda işlədikləri təşkilat və hərəkatlara maliyyəni məhz Gürcüstan üzərindən ötürüb. Hətta 2014-cü ildə ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevsin özünün bank hesabından 2 milyon dollara yaxın vəsaiti çıxarıb bəzi QHT-lərə, konkret şəxslərə paylayıb. Üstəlik, USAID, NED kimi qurumlar NİDA, “Dalğa” və s. təşkilataları davamlı olaraq maliyyələşdirib. Şübhəsiz, bütün bunlar USAID-ın qeyri-şəffaf maliyyələşmə yolu ilə özünə xidmət edən media və QHT şəbəkəsi formalaşdırmaq cəhdi idi.  Qeyd edək ki, MDİ əməkdaşları da Bakıda keçirilən qanunsuz aksiyalarda iştirak ediblər. Bütün bunlar isə o deməkdir ki,  USAID kimi ABŞ hökumətinə bağlı olan yerli təşkilatlar və hərəkatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox siyasi proseslərə müdaxilə etmək, cəmiyyətdə qarşıdurma yaratmaq, prosesləri manipulyasiya etmək məqsədi güdüblər. Başqa sözlə desək, onlar bəzi sahələrdə Azərbaycan dövləti ilə əməkdaşlıq etsələr də, əsas “missiyaları”nı unutmayıblar. USAID, NED, Fridrix Nauman, Marşall, İREX və digər beynəlxalq təşkilatlar özlərinə sadiq QHT-lər, media orqanları yaratmaqla, radikal siyasi qüvvələrin dövlət əleyhinə fəaliyyətlərini dəstəkləyiblər. Hətta onların bu taktikasından İspaniyanın “Rebelion” qəzetində dərc olunan “Mərkəzi Kəşfiyyat İdarəsi USAID-dən pərdələnmək üçün istifadə edir” sərövhəli məqalədə də məlumat verilib.

Sonradan rəsmi Bakı dəfələrlə onun ölkədə qalmasına ehtiyac olmadığını nəzərə çatdırsa da, USAID fəaliyyətini dayandırmır. 44 günlük müharibədən sonra ölkəmizdə iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan USİAD ənənəvi taktikasını dəyişib. Belə ki,  ələbaxan müxalifətlə yanaşı, bu kimi məsələlərə Vətən müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan "NoWar"çılardan istifadə etməyə çalışır, bu qruplara maliyyə  ayrırır.  Bəli, son illər “NoWar”çıların mövqelərinin güclənməsi üçün digər xarici təşkilatların səylərini artırması da USAID-ın  “zəhmət”inin bəhrəsidir. Məqsəd isə aydındır: status-kvonun saxlanılması, Azərbaycan ərazilərinin azad olunmasına maneələrin yaradılması.

Burada iki  məqama toxunmaq yerinə düşərdi. Yuxarıda qeyd etdiyimiz kimi, USAID-ın əsas işi zəif inki­şaf etmiş ölkələrə dəstək göstərmək olmalıdır. Azərbaycan isə bu gün  güclü dövlətdir. Hətta hazırda rəsmi Bakı başqa ölkələrə yardım göstərir. Belə olan təqdirdə USA­ID-in ölkəmizdə faəliyyəti olduqca absurddur. İkincisi, hazırda USAID-a ermənipərəst Samanta Pauer rəhbərlik edir. Bu, həmin Samanta Pauerdir ki, o ermənidən də betər ermənilik nümayiş etdirir. Bircə faktı qeyd edək ki, o, 24 apreli – ermənilərin qondarma “soyqırımı günü”nü özünün doğum günü elan edib. Bu həmin Samanta Pauerdir ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxış edir, ermənilərin uydurduqları “etnik təmizləmə” havasında süzür. Bu həmin Samanta Pauerdir ki, onu Hayastanda “dəyərli tərəfdaş” kimi qələmə verirlər.

Bəli, Cənubi Qafqazda ABŞ-ın güc balansını xeyrinə dəyişib, vəziyyəti tamamilə ələ almaq istiqamətindəki "fəallığı" göz qabağındadır. O, artıq Ermənistanın, əgər belə demək mümkünsə, ürəyinə girib.  Gürcüstanda öz işini görməkdədir. Azərbaycanda bunu bacarmaq onlar üçün olduqca çətindir. Çünki ABŞ son 3 ildə bölgədəki müharibə və antiterror tədbirlərindəki zəfərlər və uğurlu islahatların USAID-in Azərbaycanla bağlı planlarının  reallaşmasına imkan verməyəcəyinin yaxşı fərqindədir. Başqa sözlə desək, dünya miqyasında bir çox nailiyyətlərə imza atmış  Azərbaycanda bu qurumun və digərlərinin öz çirkin məqsədlərini həyata keçirə bilməyəcəkləri gün kimi aydındır.

Qvami Məhəbbətoğlu, “İki sahil”