05 oktyabr 2023 00:58
327

Parlaq gələcəyə aparan Milli Şəhərsalma Forumu

Sentyabrın 29-da Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.

Cənab Prezident İlham Əliyev  forumda öz çıxışı zamanı qeyd etmişdir ki , biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Zəngilan Beynəlxalq Hava Limanı azad olunmuş ərazilərdə inşa edilmiş ikinci hava limanıdır. Üçüncüsü isə hazırda Laçında inşa edilir və iki il ərzində o hava limanı da istifadəyə veriləcək.

Eyni zamanda, biz sovet dövründə mövcud olan dəmir yolu xəttini bərpa edirik. Çünki işğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Tezliklə biz bu layihəni istifadəyə verəcəyik. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq. Dəmir yolu xətləri, hava limanı - bu gün bu istiqamətdə altı və dörd zolaqlı avtomagistrallar inşa edilir. Paytaxt Bakıdan bütün bu istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Yəni bu, irihəcmli tikinti layihələridir və azad olunmuş hər bir rayon xüsusi Baş plana malikdir.

Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub.

Rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də erməni əsarətindən qurtuldu. Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir.

Eyni zamanda Cənab Prezident vurğulamışdır ki , İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Nəticədə isə bunu özümüz etməli olduq. Biz 44 gün ərzində bunu etdik. 44 günlük müharibə qaçılmaz idi. İlk olaraq artıq sadaladığım səbəblərdən, ikincisi isə Ermənistan bu məsələni dondurmaq istəyirdi. Hesab edirdi ki, Azərbaycanda yeni yetişən nəsil Qarabağı unudacaq. Amma onlar böyük səhvə yol verdilər. Bu gün Füzulidə, Laçında, Zabuxda, Ağalıda, Talışda təhsil alan yüzlərlə məktəbli bu torpaqları görməyib. Çünki Azərbaycan xalqının yaddaşından bu tarixi, bu torpaqları heç kim silə bilməz. Aydın idi ki, Ermənistan vəziyyəti məhz bu şəkildə öz nəzarəti altında saxlamaq istəyirdi. Düşünürdülər ki, nə sülh, nə müharibə - davamlı danışıqlar məhz belə də sürəcək. Eyni zamanda, yeni Ermənistan hakimiyyəti ilə bağlı ümidlər də tədricən boşa çıxdı.

Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir.

Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı