04 oktyabr 2023 10:58
99

Milli qürur

Dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir.  Lider yalnız tərəfdarlarını, xalqı arxasınca aparan rəhbər deyil, o həm də tarix yazan, tarixin yazdığı və tarixin gedişatına həlledici təsir göstərən şəxsiyyətdir. Prezident İlham Əliyev strateji hədəfləri reallığa çevirməklə möcüzə yaratdı.

Milli dövlətçilik tariximizin inkişaf mərhələləri çoxəsrlik keçmişə dayanır və olduqca keşməkeşlidir. Dövlətçilik tariximizi davamlı edən və ardıcıllığını qoruyan onu yaradan böyük dövlət xadimləridir. Müasir dövlətçilik tariximizdə isə bu uğuru təmin edən, sözün əsl mənasında, böyük dövlət xadimi, böyük tarixi şəxsiyyət və böyük strateq İlham Əliyevdir. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə  torpaqlarının 20 faizi erməni işğalı altında olan, iqtisadiyyatının və ordu quruculuğunun həyata keçirilməsi tələbi olan, bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həll edilməsi zərurəti olan Azərbaycan idi. Sürətlə dəyişən və daim rəqabət halında olan dünya nizamında Azərbaycanın yerinin və rolunun, nüfuzunun artırılması zərurəti var idi. Ali Baş Komandan soyuqqanlı ağılla hələ də dərk edilməsi çətin olan bir tarixi zəfərə imza atdı. Bütün dünyaya və dünya siyasətini müəyyən edən imperialist güc mərkəzlərinə, onların təzyiqlərinə rəğmən torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazanan Azərbaycan həm öz ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına müvəffəq oldu. Uzun illərdir davam edən və “Dağlıq Qarabağ” problemi adlandırılan məsələ birdəfəlik və heç bir status olmadan həll edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri Vətən müharibəsinin ilk günündə, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri 3 oktybar tarixində, Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri 4 oktyabr tarixində işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra rəşadətli ordumuz tərəfindən düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın yolu Azərbaycanın nəzarətinə götürüldü.

Cəbrayıl rayonun tarixində növbəti əlamətdar hadisə 2020-ci ilin noyabr ayının 16-da baş verdi. Bu əlamətdar hadisə Azərbaycan Prezidenti  İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna səfəri idi. Müzəffər Ali Baş Komandan  İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyəti vardır. Azərbaycan tarixində dərin iz buraxan Xudafərin həm də xalqımızın mənəviyyatında milli qürur məsələsidir.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümumilikdə Cəbrayıl rayonuna 7 dəfə səfər etmiş və səfərləri zamanı rayon ərazisində çoxsaylı infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.

Artıq rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilmiş və rayon ərazisində 4-6 zolaqlı yolun çəkilişləri davam etdirilir. Yaxın müddətdə Cəbrayıl rayonunda 240 meqavat gücə malik günəş elektrik enerjisi stansiyasının inşasına da  başlanılacaq. Bütün bunlarla yanaşı, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması Cəbrayıl rayonunun, eyni zamanda, bütün regionun inkişafı üçün önəmli hadisədir. Bir sözlə, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Cəbrayıl rayonunda da bərpa-quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.

Kəmalə Abbaszadə,
Humanitar Fənlər Təmayüllü məktəb-liseyin Tarix müəllimi,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 39" ünvanı üzrə ərazi partiya təşkilatının üzvu