04 oktyabr 2023 11:14
148

Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır

Hər bir xalqın tarixi, milli-mənəvi dəyərləri onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Tarixin ayrı-ayrı dövrlərində müəyyən işğallara, istilalara, müxtəlif xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə, özünün milli həmrəyliyini və bütövlüyünü qoruyub saxlaya bilib. Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin millimənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Xalqımız tərəfindən əsrlər boyunca yaradılan bu zəngin mənəvi irsin böyük bir hissəsi bu günədək qorunub saxlanılıb. Milli dövlətin formalaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır. Milli dəyərlərə söykənən dövlət quruculuğu xalqın milli şüuruna, identikliyinə, mənəvi dəyərlərinə istinad edir. Eyni zamanda, xalqımızın zəngin ənənələrini yaşadan milli sərvətlər sırasında tarixi abidələrimiz xüsusi yer tutur. Əsrlərin sınağından keçərək, müasir mərhələyə gəlib çatmış tarixi abidələr xalqımızın həyat salnaməsini özündə ehtiva etməklə yanaşı, həm də maddi mədəniyyət nümunələridir. Bu məqamda qeyd etmək lazımdır ki, son illərdə respublikamızda tarix və mədəni irsin qorunması istiqamətində ciddi işlər görülüb. Abidələrin bir çoxunda bərpa-konservasiya, elmitədqiqat işləri aparılıb, tarixi ərazilərdə qoruqlar yaradılıb. Həmçinin, müstəqil Azərbaycan dövləti xalqımıza məxsus tarixi-mədəni dəyərlərin mühafizəsinə, tədqiqinə, tədrisinə və təbliğinə çox böyük önəm verir.

2020-ci il – yeniləşən, rəqəmsallaşan, innovasiyaların artdığı bu dünyada Azərbaycanın öz yeni tarixini yazmağa başladığı ildir. Məhz 2020-ci ildə Azərbaycanın müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər.

Azərbaycan Respublikasının əsas hədəfi Cənubi Qafqazda sülhün qorunub saxlanılması, Azərbaycanın suverenliyinin tam bərpa olunması, beynəlxalq təşkilatların qəbul etdiyi universal və ümumbəşəri sənədlərin icra olunması və əmin-amanlığı uzunmüddətli prosesə çevirməkdir. Bu proses öz növbəsində ölkəmizlə yanaşı, regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcəkdir. Bu gün Azərbaycan xalqı artıq böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıdır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma, tikinti işlərinin diqqət mərkəzində olduğunun, həmçinin Azərbaycanın regionda sülhün, əmin-amanlığın təmin olunmasında qətiyyətinin göstəricisidir. 2020-ci il sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə başlayan və buna cavab olaraq Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Azərbaycan üçün yeni bir tarix yazıldı.

Erməni Silahlı Qüvvələrinin təmas xəttində törətdiyi növbəti təxribatdan sonra Prezident İlham Əliyevin etdiyi xəbərdarlığa uyğun olaraq Azərbaycan hərbi yolla düşməni cəzalandırmağa başladı. Davam edən sürətli əks-hücum əməliyyatı zamanı bir sıra strateji yüksəkliklər, Tərtərin Suqovuşan qəsəbəsi və Talış kəndi, Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Füzuli rayonu, Zəngilan rayonu, Qubadlı rayonu, nəhayət Şuşa şəhəri işğaldan azad edildi.

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Cəmi 44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxardı.  Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Möhtərəm Prezident Cənab İlham Əliyev 27 sentyabr–Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Günel Hüseynzadə,
YAP Xətai rayon təşkilatının "Araz Novruzov 31" ünvanı üzrə ərazi partiya təşkilatının üzvu