04 oktyabr 2023 10:22
127

Zəngilan mühüm nəqliyyat qovşağıdır

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad olundu və mənfur düşmənlərdən təmizləndi. Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev hər dəfə bu və ya digər rayona səfər edərkən görülən işlərlə yerindəcə tanış olur, hazır olan obyektlərin açılışını edir, yenilərinin təməlini qoyur. Dövlət başçısının mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri də istisna təşkil etmədi. Dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış oldu, Cəbrayıl rayo­nunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdilər. Bütün bu işlər, təbii ki, Azərbaycan ictimaiyyəti tərəfindən böyük maraqla izlənilir və yüksək qiymətləndirilir.

Digər tərəfdən, 30 il ərzində ev-eşiyindən ayrı salınmış soydaşlarımız da doğma ocaq­larına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu mənada Prezidentin hər bir səfəri böyük ümid və intizarla izlənilir. Eləcə də yeni obyektlərin və infrastruk­turun tikintisi insanlarda sabaha ümid yaradır. Qeyd edək ki, dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış oldular, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Eyni zamanda, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olundu. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olarkən Prezidentə və birinci xanıma məlumat verildi ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulmuş və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlan­ğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilo­metrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir.

Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir, ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm amil olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcək. Gələcəkdə isə əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl diyarlarındandır - meşələri, çayları, gölləri. Misilsiz ekosistemə malik olan Zəngilan bizim ən böyük sərvətlərimizdən biridir”, - deyə dövlətimizin başçısı vurğulayıb. Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik. Çünki onun coğrafi yerləşməsi bunu labüd edir. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Bu, düşmənin vandalizminə məruz qalan Zəngilan məscidinin bərpası ilə bağlıdır.

Zəngilanı bizə qaytaran, döyüşlərdə şücaət və vətənpərvərlik göstərən oğulların xidməti dövlət tərəfindən qiymətləndirilib. Silahlı Qüvvələrin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. Qazandığımız bu  möhtəşəm Zəfərə görə Azərbaycanın igid övladları hər zaman başımızın tacı olacaq, şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq! 

Bahar Hüseynova, 
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının üzvü,
Bakı şəhəri, Xətai rayonu,  58 №-li tam orta məktəbin laborantı