04 oktyabr 2023 14:46
349

Cəbrayıl rayonunun işğaldan azad edilməsi ordumuza yeni və sürətli hücum imkanları yaratdı

Üç il öncə 4 oktyabr tarixində Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Rayon işğaldan azad edildikdən sonra 72 ümumtəhsil məktəbinin, 8 xəstəxananın, 132 tarixi abidənin, 150 mədəniyyət ocağının, 100-ə yaxın kəndin, həmçinin türbələrin, məqbərələrin, məscidlərin erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılması faktları bir daha dünyaya bəlli oldu. Aydınlaşdı ki, işğal nəticəsində ermənilər Cəbrayıl rayonuna 13.928 milyard ABŞ dolları məbləğində ziyan vurub. Cəbrayıl rayonundan olan insanların hüquqları pozulub və 27 il davamlı qaçqınlıq həyatı yaşamağa, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmağa, bir sözlə, ağır həyat yaşamağa  məcbur qalıblar.
2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə «Cəbrayılın azad olunmasına görə» medalı təsis edildi və Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu «Cəbrayılın azad olunmasına görə» medalı ilə təltif edildi.

Cəbrayıl əməliyyatının uğurla başa çatmasının əhəmiyyəti ondan ibarət idi ki, bu rayon azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücum mümkün oldu. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi.

Doğma Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Hətta, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Həmçinin sürətli Cəbrayıl əməliyyatı ilə Xudafərin körpüsü düşməndən azad edildi. Xüsusi olaraq qeyd olunmalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması xalqımız üçün qürur, fəxarətdir, böyük tarixi və siyasi əhəmiyyəti daşıyırdı.
İşğaldan azad olunan Cəbrayıl rayonunda son 3 il ərzində bərpa və abadlıq-quruculuq işləri də sürətlə aparılır. Belə ki, «Araz Vadisi İqtisadi Zonası»nın yaradılması da Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisə idi. Xüsusilə rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı təsdiq edilib. Hazırda Cəbrayılda 200 hektarı əhatə edən böyük bir layihə icra olunur, 4-6 zolaqlı yol çəkilib, SOCAR və BP 240 meqavatlıq günəş elektrik stansiyanın inşa edirlər.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan  dövlətinin qlobal layihələrindən biri olan Zəngəzur dəhlizi reallaşandan sonra vətəndaşlar Cəbrayıldan keçməklə Naxçıvana, Türkiyəyə, bir sözlə, Avropaya yeni giriş qapısı qazanmış olacaqlar. Bütün bunlarla yanaşı Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayılda «KamAZ» ASC ilə «Gəncə Avtomobil Zavodu» İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimlərinin keçirilib, «Cəbrayıl» yarımstansiyanın, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı olub. Bütün bunlar isə heç şübhəsiz ki, işğaldan azad olunmuş Cəbrayılın sürətli şəkildə bərpasına hesablanıb və cəbrayıllıların öz doğma yurdlarına qayıdışını sürətləndirəcəkdir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri