03 oktyabr 2023 22:09
333

USAID-in regiondakı bütün planları fiaskoya uğrayacaq

Son zamanlar Cənubi Qafqazda baş verən proseslər bir daha təsdiq edir ki, dünya siyasətinə təsiri olan böyük dövlətlər və onların xüsusi xidmət orqanları ilə bilavasitə işbirliyində olan bəzi beynəlxalq təşkilatlar siyasəti riyakarlıq alətinə çeviriblər. Xüsusilə də bölgəmizdə geosiyasi maraqları olan böyük dövlətlərin öz aralarındakı, necə deyərlər, “razborkaları” həll etmək üçün bu regiondan poliqon kimi istifadə etmək cəhdləri açıq-aşkar onların məkrli planlarından xəbər verir. Heç kimə sirr deyil ki, ABŞ başda olmaqla Qərb düşərgəsi Rusiyanı regiondan çıxdaş etmək bütün qüvvələrini səfərbər ediblər.

Təbii ki, bütün bunlar bölgəyə yaxşı heç nə vəd etmir. Axır vaxtlar qonşu Gürcüstanda baş verənlər bunu bir daha təsdiq edir. Çünki qonşu ölkədə cərəyan edən proseslər göstərir ki, Qərb düşərgəsi, xüsusilə də ABŞ Gürcüstanda dövlət çevrilişi etmək üçün artıq düyməni basıb. Son günlər Gürcüstan rəsmilərinin dalbadal açıqlamaları sübut edir ki, qərblilərin bu ölkə üçün hazırladıqları layihələr işə düşüb. Onlar bu layihələrin icrasını USAID proqramı çərçivəsində həyata keçirmək üçün ilkin addımlarını da atıblar.

 Bu günlərdə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili USAID-in Gürcüstanda inqilabi prosesləri maliyyələşdirməsi ilə bağlı məlumatı ABŞ-ın Gürcüstana göstərdiyi yardım tarixində qara gün adlandırması heç də təsadüfi deyil. Artıq “Gürcü arzusu - Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze də bildirib ki, Gürcüstan vətəndaşlarını hökumətin devrilməsinə hazırlayan Serbiya vətəndaşlarının iştirakı ilə təlimlərin USAID Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirilməlidir.

 Bundan başqa, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin oktyabrın 2-də verdiyi məlumata görə, Serbiya vətəndaşları Sinisa Sikvan, Jelena Stojsic və Slobodan Djinovic USAID-in dəvəti ilə sentyabrın 25-də Gürcüstana gələrək paytaxt otellərindən birində “hakimiyyətin zorla devrilməsinin hazırlanmasında və həyata keçirilməsində həlledici rol oynamalı olan” təşkilatlar və vətəndaş fəallarının iştirakı ilə təlimlər keçiriblər. “Kanvas” təşkilatını təmsil edən Serbiya vətəndaşları artıq Dövlət Təhlükəsizliyi Xidmətində dindiriliblər.

Şübhəsiz, Gürcüstanda baş verən bu proseslər, daha doğrusu, qalmaqal təsadüfi olmadığı kimi, həm də ilk hal deyil. Çünki USAID-in adı həmişə işlədiyi ölkələrdə siyasi proseslərə açıq müdaxilədə, hakimiyyət çevrilişlərinə cəhdlərində və s. hallanıb.

Məsələ burasındadır ki, başlıca məqsədi əsasən kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya və humanitar yardıma dəstək göstərmək olan USAID heç də müstəqil təşkilat deyil. Hamıya bəllidir ki, ABŞ-ın açıq şəkildə digər ölkələrin daxili işlərinə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi strategiyasında USAID xüsusi rol oynayır. Daha doğrusu, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ayrı-ayrı bölgələrdə və ölkələrdə öz planlarını həyata keçirmək üçün daim USAID-i önə verib. Bu təşkilat da müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, orada qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmaq üçün bütün vasitələrdən istifadə edir. Hamıya bəllidir ki,USAID 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırıb.

Sirr deyil ki, başda USAID olmaqla ABŞ hökumətinə bağlı olan yerli təşkilatlar və hərəkatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox siyasi proseslərə müdaxilə etmək, cəmiyyətdə qarşıdurma yaratmaq, prosesləri manipulyasiya etmək məqsədi güdürlər.

Bir məsələni xüsusilə vurğulamq istərdik ki, bu gün Gürcüstanın üzləşdiyi problemləri Azərbaycan çoxdan yaşayıb, amma güclü dövlət olaraq USAID kimi qurumların planlarının reallaşmasına imkan verməyib. Yeri gəlmişkən, USAID 1991-ci ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərir və dəfələrlə ölkədə qarşıdurma və gərginlik cəhdlərinin arxasında dayanıb. USAID, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar Azərbaycanda da siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb. Bu gün çevriliş cəhdi ilə üzləmiş Gürcüstanda USAID geniş şəbəkə yaradıb, vaxtilə Azərbaycanda işlədikləri təşkilat və hərəkatlara maliyyəni məhz Gürcüstan üzərindən ötürüb. Məsələn, 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə, 2,4 milyon dollar məbləğində qrant ayırıb və onları özlərinin təsir agentlərinə ötürüb. Həmin ildə ABŞ Milli Demokratiya İnstitutunun (MDİ/NDİ) Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevsin özünün bank hesabından 2 milyon dollara yaxın vəsaiti çıxarıb bəzi QHT-lərə, konkret şəxslərə paylaması da heç kimin yadından çıxmayıb.

 Bundan başqa, USAID, NED kimi qurumlar NİDA, “Dalğa” və s təşkilataları davamlı olaraq maliyyələşdirib. MDİ əməkdaşları da Bakıda keçirilən qanunsuz aksiyalarda iştirak ediblər. Təbii ki, bütün bunlar USAID, MDİ kimi qurumların qeyri-şəffaf maliyyələşmə yolu ilə özünə xidmət edən media və QHT şəbəkəsi formalaşdırmaq cəhdindən başqa bir şey deyildi.

 İş orasındadır ki, daha sonralar da USAID eyni məqsədlə bir çox layihələr reallaşdırıb, indinin özündə də xüsusilə regionlarda müxtəlif layihələr həyata keçirir. Azərbaycan tərəfi dəfələrlə onun ölkədə qalmasına ehtiyac olmadığını, məqsədəuyğun sayılmadığını nəzərə çatdırsa da, USAID fəaliyyətini dayandırmır. Son illər Azərbaycanda müharibə əleyhinə hərəkatın - NoWar-çıların mövqelərinin güclənməsi üçün USAİD və digər xarici təşkilatların səylərini artırması da təsadüfi deyil. Burada məqsəd status-kvonun saxlanması, Azərbaycan ərazilərinin azad olunmasına maneələrin yaradılmasıdır.

Təbii ki, bütün bunlar əbəsdir. USAID və bu kimi təşkilatların arxasında dayanan xüsusi xidmət orqanlarınıın başbilənləri yadda saxlamaladırlar ki, onlar bizim ölkəmizdə öz çirkin məqsədlərini heç zaman həyata keçirə bilməyəcəklər. Azərbaycan xalqı buna heç vəchlə icazə verməyəcək. Belələrinin bütün planları alt-üst olaraq iflasa uğrayacaqdır.

Zahid Rza, “İki sahil”