04 oktyabr 2023 03:24
287

Dağılan iblis yuvası, ucalan milli qürurumuz...

Keçən otuz beş ildə saysız-hesabsız müsibətlər gördük, şəhər və kəndlərimiz işğal olundu, dağıdılıb viran qoyuldu, minlərlə soydaşımız öldürüldü, işgəncələrə məruz qaldı, yaralanıb şikəst oldu. Xəyanəti özlərinə peşə edənlər İbrahim xanın tikdirdiyi gözəl Xankəndimizi şeytan yuvasına çevirdilər. Ora kimlər gəlmədi? Baş daşnak Zori Balayan, Silva Kaputikyan, Viktor Hamparsumyan, Qalina Starovoytova, Arkadi Volski, Monte Melkonyan, ermənipərəst senatorlar, konqresmenlər, bir sözlə at ilxısı, köpək sürüsü... Hamısı da azərbaycanlılara və türklərə qarşı amansızlığa təhrik edən canilər. Qəflətən yaxalandığımız, hazır olmadığımız bir məqamda birləşib üzərimizə hücuma keçdilər. Ancaq ilk vaxtlarda düşdüyümüz çətinliklərə baxmayaraq inamımız sönmədi, ümidimiz ölmədi. Dözdük, çıxış yolu aradıq, qisasa hazırlaşdıq, özümüzü cəmləyib ayağa qalxdıq. Bu illərdə işğalçı ermənilərə dəstək olanlar ermənidən artıq ermənilik etdilər. Onlar beynəlxalq aləmdə də bizi təkləməklə öz iddialarını qəbul etdirməyə çalışdılar. Lakin öz sarsılmaz əzmimizlə onların da cavabını verdik, bütün dünyaya işğalla heç vaxt barışmayacağımızı bəyan etdik.

Nəhayət, Azərbaycan öz "dəmir yumuğu" ilə 2020-ci ilin noyabrında öz tarixi və doğma torpaqlarında suverenliyini bərqərar etdi. Ermənistandan fərqli olaraq bu, hər hansı bir işğal, soyqırımı, hərbi cinayətlər hesabına yox, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun olaraq həyata keçirildi. Küncə sıxışdırılan Ermənistan rəhbərliyi kapitulyasiya sənədinə imza atmalı oldu.

Otuz il əvvəl Ermənistanın Azərbaycana qarşı işğalçı hücumları zamanı vətəndaşlarımıza qarşı törətdikləri vəhşiliklər fonunda reinteqrasiya prosesi ilə tanış olan və Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin mərkəzi hakimiyyət tərəfindən Qarabağda qalıb yaşamasına icazənin verilməsi növbəti humanist addımımızdır. Ancaq köç edənlər də çoxdur. Şübhəsiz ki, əlləri günahsız soydaşlarımızın qanına batanlar qalmaq istəməzlər. Müharibə cinayətlərinə görə tutulub həbs edilən generalların və zülmkar separatçıların acı aqibətləri onlara görkdür, ona görə də aradan çıxırlar.

44 günlük İkinci Qarabağ müharibəsi zamanı əldə etdiyimiz tarixi Qələbə 2023-cü il sentyabrın 20-də rəsmi şəkildə tamamlandı. Kollektiv Qərbin, hətta okeanın o tayından belə gələn sifarişlər əsasında türk dünyasına qarşı faktiki olaraq "səlib yürüşü" gerçəkləşdirmək məqsədi ilə bölgəmizə köçürülən ermənilərin “miatsum”, "artsax", “böyük ermənistan” kimi sərsəm ideyaları məhv oldu.

Bu mənfur ideyalar Azərbaycanı daim təzyiq altında saxlamaq, itaət etmədikdə onu cəzalandırmaq və ərazisini daha da kiçiltmək üçün yaradılmış xüsusi strateji layihə əsasında formalaşdırılmışdı. Elə torpaqlarımızın 30 il işğal altında qalması da bunların nəticəsi idi. Ancaq Azərbaycan özünə qarşı olan bütün haqsızlıqlara, ədalətsizliklərə, ikili standartalara baxmayaraq ərazi bütövlüyünü hərbi yolla bərpa etdi və bu gün bütün Qarabağda Azərbaycan qanunlarının işləməsi üçün artıq hər şey hazırdır.

Nəyi, necə, nə vaxt etməli olduğunu yaxşı bildiyini bütün dünyaya sübut edən Prezident İlham Əliyevin uzaqgörən siyasəti, rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanı parçalayaraq onu Cənubi Qafqazın siyasi coğrafiyasından silmək istəyənlərin 200 illik planları cəmi 44 gündə darmadağın edildiyi kimi 23 saat 43 dəqiqəyə də ərazi bütövlüyümüz təmin olundu. Nəticədə 2020-ci il sentyabr ayının 27-də başlayan tarixi Zəfərimiz 2023-cü il sentyabr ayının 20-də hər qarış ərazimizdə suverenliyimizin bərpası ilə sona çatdı. Bu sonluq bölgəmizdə baş qaldıran erməni separatizminin, terrorçuluğun, xarici işğalçı maraqların, revanşist qüvvələrin sonunu gətirdi.

Bu gün qürurla deyə bilərik ki, Ermənistanla "haqq-hesabın birdəfəlik və tamamilə çürüdülməsinə" lap az qalıb. Bundan sonra torpağımıza uzunmüddətli sülh gələcək, otuz beş illik işğalın acı nəticələrini aradan qaldıracağıq, şəhər və kəndlərimiz əvvəlkindən də abad görkəmə salınacaqdır. Artıq bu sahədə böyük addımlar atılır.  Ancaq Vətənimizin azadlığı uğrunda şəhid olan igid oğullarımızın yarımçıq qalmış həyatları bizi həmişə ağrıdacaqdır. Amma bir təsəllimiz də var. Bu ağrının nüvəsindən bizim milli qürurumuz boylanır...

Vəli İlyasov, "İki sahil"