03 oktyabr 2023 23:35
244

Vicdan susanda…

Fuad Qəhrəmanlı və Gültəkin Hacıbəyli azərbaycanlıları əzik və güvənilməyən xalq hesab edirlər

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı yenə də həm böhtanları, həm də riyakarlığı ilə əndazəni aşmaqdadır. O, ötən günlərdə  paylaşdığı statusla nəinki Azərbaycan hakimiyyətini, hətta Azərbaycan xalqını və dövlətini aşağılayan ifadələrə geniş yer verib. Qəhrəmanlı yazır: «Qarabağda separatizmin məğlubiyyətinə hakimiyyətin vərdiş etmədiyimiz reaksiyası nə ilə bağlıdır? Əvvəllər bir rayonun azad edilməsinə verilən reaksiyanı indi bütövlükdə Qarabağın azad edilməsinə münasibətdə görmürük. Prosesi bu şəkildə aparmaqla iqtdar cəmiyyətə o mesaj verir ki, heç də cəmiyyət olaraq qalibiyyət, zəfər duyğusuna qapılıb, " Qarabağ məsələsində xalq olaraq  qalib gəldik" deyib böyük iddialara düşmə. Hakimiyyət kütləvi olaraq cəmiyyətimizdə "əzik xalq" kompleksi yaratdığı üçün xalqımızda hər hansı özgüvən, üstünlük duyğusunun yaranmasında maraqlı deyil. Çünki əzik xalqı istismar etmək daha asandır axı. Belə olanda hakimiyyət şəhidləri, qaziləri olan, öz qanı, canı ilə Qarabağı azad etmiş xalqa özünü uğurun, qələbənin tək müəllifi kimi təqdim edə bilir.»

Əziz oxucular, belə məntiqsiz və qərəzli bir fikir yazan adamdan nəinki  ağıllı, məntiqli, heç sadə, elementar düşüncə gözləmək artıq bizim ayıbımızdır. Fuad Qəhrəmanlı, yazıqlar olsun sənə və sənin rəhbərlərinə… Çox gülməlidir. Gör bunlar  hansı gerizəkalılıqla, məntiqsizliklə hələ də hakimiyyətə iddialıdırlar.

Əvvəla, sənin «əzik xalq» dediyin Azərbaycan xalqı sizi neçə illərdir ki, bir kağız parçası kimi əzərək tarixin zibilliyinə atıb. Ona görə də sizin kimilərin bu xalqı, həm də Qarabağdakı xuntanın tamamilə məhv edilməsi və özünü buraxması kimi möhtəşəm bir zamanda təhqir etməsi vicdansızlıqdır.

Bəli, sən və sənin «başbilənlərin» tamamilə bir şeytansınız.  Çünki xalqımızın və dövlətimizin haylar üzərindəki qələbələrini  heç cür qəbul edə bilmirsinz. Sizdəki şeytani hisslər hələ də imkan vermir anlayasınız ki, bu tarixi qələbələrimizi xalq- iqtidar birliyi olmasaydı əldə etmək mümkün deyildi. Hələ də anlamaq və qəbul etmək istəmirsiniz ki, bu qələbələr  Ali Baş Komandanımızın əhbərlik etdiyi güclü Azərbaycan Ordusunun fədakarlığı ilə qazanılıb. Yəni, burada xalq-ordu –iqtidar tandemi mühüm rol oynayıb. Təbii ki, siz bunları anlaya bilməyəcək durumdasınız. Ona görə ki, şeytanın at oynatdığı yerdə vicdanın susması təbii haldır.  

Dağıdıcı düşərgənin digər bir nümayəndəsi, qondarma «Milli Şura»nın Koordinsiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də ötən gün sosial şəbəkələrdə yazdığı statusu ilə riyakarlığın lap pik nöqtəsinə çatıb. O, yazıb: «Yalançının evi yandı, heç kim inanmadı misalını hamınız bilirsiniz. Azərbaycan hakimiyyəti papağını qarşısına qoyub düşünsün: gör bu xalqın inamını necə qırıb, güvənini necə sarsıdıb ki, ermənilərin Qarabağdan kütləvi köç etməsinə, bütün dünyanın "Dağlıq Qarabağ bitdi" deməsinə, Azərbaycan ordusunun, hüquq-mühafizə orqanlarının yuxarı Qarabağı tam nəzarətə götürməsinə rəğmən cəmiyyətin önəmli bir kəsimi hələ də qələbəmizə inanmır, burada bir hiylə, tələ, təxribat, rus barmağı axtarır. İnsanlar gözləri ilə gördüklərinə belə inana bilmirlər.

Böyük güvənsizlik problemi var cəmiyyətdə. Xalq bu hakimiyyətin onun üçün hansısa faydalı iş gördüyünü, ölkənin mənafeləri üçün çalışdığını təsəvvür edə bilmir»

Bu kəmsavad və böhtançı xanımdan soruşmaq lazımdır ki, ölkənin sərhədlərini qorumaq, düşmənin hərbi təxribatlarının qarşısını almaq, Meşəli və Xocalı soyqırımlarının təşkilatçılarını həbs etmək, separatçıların ordumuza qarşı məkrli oyunlarını pozmaq nə vaxtdan milli maraqlarımıza və Azərbaycan xalqının  mənafeyinə ziddi sayılıb? Ola bilər ki, bütün bu sadaladıqlarımız sənin və ətrafının mənafeyinə ziddir. Çünki siz bu gün ermənilərə daha çox güvənirsiniz, nəiniki Azərbaycan xalqına.

Bundan başqa, bu gün Azərbaycan cəmiyyətində güvənilməyən bir dəstə varsa o da sizin dağıdıcı müxalifət düşərgəsidir. Hər fürsətdə Azərbaycan dövlətinin uğurlarına, xüsusilə Qarabağdakı son qələbələrinə içinizdə qan ağlayırsınız. Burada haqlı suallar yaranır: axı qarnınızın ağrısıı nədir? Niyə Qarabağdakı xuntanın iflası sizi bu qədər məyus edir?  Cavabı sadədir- kin və küdurətin fontan vurduğu yerdə haqq-ədaləti görən gözlər kor olur. Siz məhz belələrindənsiniz…

Elçin Zaman, «İki sahil»