03 oktyabr 2023 15:41
309

Qüdrətli, qalib Azərbaycanımızla qürur duyuruq 

Bu gün fəxrlə  Azərbaycanın uğurlarından bəhs edirik.  Tarixi Zəfərimizin reallıqlarına söykənərək bu Qələbəyə gedən yolu təhlil edir, Heydər Əliyev kimi Ümummilli Liderimizin, İlham Əliyev kimi Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın olmasından qürur duyuruq. Azərbaycanı zirvələrə ucaldan möhkəm təməl və bu siyasi kursun uğurlu davamıdır.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Həmin ilin 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə Prezident seçilən Ulu Öndər Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm baza formalaşdı.

Dahi şəxsiyyət Heydər Əliyev müstəqillik yollarında yenicə addımlarını atan dövlətin qarşısında dayanan həllivacib məsələləri diqqətə çatdırdı. Xalqın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq.

Milli ideologiyanın yaradılması da Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasını şərtləndirdi. Ulu Öndər Heydər Əliyev ilk gündən bu çağırışı etdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.”

  Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bir amal-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdi. 2001-ci ildə Ümummilli Liderin təşəbbüsü və Sərəncamı ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu qurultay birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsində öz sözünü dedi. Ulu Öndər Heydər Əliyev proqram xarakterli çıxışında Vətənin bir olduğunu və hamımızın bu Vətən üçün çalışmasının vacibliyini diqqətə çatdırdı. Əsas hədəflərdən biri soydaşlarımızın  yaşadığı ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı, həqiqətlərimizi faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırmaq idi.  Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyeviin dünya azərbaycanlılarının birliyi istiqamətində atdığı addımlar davamlılığı ilə göz qabağındadır. Tarixi Zəfərimizdə bu birlik əhəmiyyətli rol oynadı. Günümüzün qürurverici hadisələrindən biri budur ki, Qarabağın tacı Şuşa 30 ildən sonra ötən il dünya azərbaycanlılarını bir araya gətirdi və qarşıda dayanan vəzifələr burada müzakirə edildi. Bu məkandan-Azərbaycanın döyünən ürəyi, türk dünyasının mədəniyyət paytaxtı Şuşadan dünyaya birliyimizi, həmrəyliyimizi çatdırdıq.

  Reallıq budur ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələyə hesablanmış siyasəti nəticəsində  beynəlxalq münasibətlər sistemində  müstəqil xarici siyasət yürüdən dövlət kimi tanındı.  Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu milli maraqlara xidmət edən xarici siyasət  hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəldi. Uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.

Ulu öndər Heydər Əliyev  Azərbaycan həqiqətlərini faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırdı. Azərbaycanın real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin  həllində möhkəm hüquqi bazanın yaradılmasını təmin etdi. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın tarixi sahibinə qovuşması Ümummilli Liderin ən böyük arzusu idi.

Azərbaycan son 20 ilə yaxın dövrdə 1993-2003-cü illərdə  yaradılan möhkəm təməl üzərində inamla addımlayır. Prezident İlham Əliyev Ümummilli Liderin görmək istədiyi Azərbaycanı dünyaya təqdim edir. O Azərbaycan ki, sözü imzası qədər dəyərlidir, qalib ölkə olaraq diktə edən tərəfdir. Bu gün dünya gücləri Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqları qəbul edir, ölkəmiz sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanır. Belə güclü, qüdrətli, qalib Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi