02 oktyabr 2023 20:13
51

1993-cü ildən başlanan inkişaf yolu müasir Azərbaycana möhtəşəm uğurlar qazandırır

1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin yüksək etimadını qazanaraq 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın ulu öndərin möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından və etimadından qaynaqlanırdı.

Bu, Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi, eyni zamanda Azərbaycan dövlətinin və xalqının əbədi xilası idi. Bu tarix məhv olmaq, müstəqilliyini itirmək təhlükəsində olan bir xalqın yenidən dirçəlişi, dünyaya öz azadlığını və haqlarını bəyan etməsi idi. Əsrlər keçəcək, zaman ötəcək, ancaq Heydər Əliyev şəxsiyyətinin əzəməti dünya tarixində əbədi olaraq qalacaq. Ümummilli Liderin siyasi fəaliyyətini xarakterizə edərkən bir reallığı da dərk etmək olur ki, o, dövlətinin və xalqının tərəqqisini və intibahını bütün məqsədlərdən üstün tutaraq, ən ali zirvəyə ucalmağa layiq şəxsiyyətdir. Çünki onun xilaskarlıq missiyası 1993-2003-cü illərdə müstəqil Azərbaycana rəhbərliyi siyasi kursu dövründə müstəqilliyimizin, azadlığımızın qorunub-saxlanılmasına, suverenliyimizin təminatına, demokratik dəyərlərin və ədalətin təntənəsinə, siyasi sabitliyin yaradılmasına, siyasi-iqtisadi, sosial və digər sahələrdə islahatların reallaşdırılmasına xidmət etdi. Həmçinin 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi dövlətin bütün prinsipləri bəyan edildi.

Müstəqilliyimizin on ili - 1993-2003-cü illər ərzində dahi Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi və gələcək inkişafın strateji hədəflərini müəyyənləşdirdi. Bu gün ulu öndər siyasi strategiyası dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla və məqsədyönlü şəkildə davam etdirilir. Bu gün Ulu Öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” arzusu artıq reallığa çevrilib. Müstəqil ölkəmiz daha da qüdrətlənib, inkişaf edib, tarixi torpaqlarımız işğaldan azad edilib. Ərazi bütövlüyümümüz bərpası çox əsrlik tariximizin ən möhtəşəm zəfəridir. Bu zəfər isə ümummilli liderin əsasını qoyduğu siyasi xəttin, peşəkar ordu quruculuğu prosesinin və dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyətinin, ordumuzun qüdrətinin, xalq-iqtidar-ordu birliyinin nəticəsidir.

Möhtəşəm Qələbəmiz Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurların məcmusu, gələcək hədəflərin təqdimatı oldu. 1993-cü ildən başlanan inkişaf, tərəqqi yolu müasir Azərbaycana möhtəşəm uğurlar qazandırır.

Ravil Abdullayev,
YAP Xətai rayon təşkilatının "İ.Orucova 21A" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü