01 oktyabr 2023 19:55
115

Qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri xalqımız üçün mühüm tarixi hadisə, dövlətimiz üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Həmin vaxt xalqımız öz üzərinə düşən məsuliyyəti çox gözəl dərk edirdi. Xalq bilirdi ki, əvvəlki iqtidarların səriştəsizliyi səbəbindən az qala dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda özünün xilaskarını seçməlidir. 3 oktyabr tarixində xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Azərbaycan dövlətinin prezidenti seçdi. Bununla da bugünkü qüdrətli Azərbaycanın təməli qoyuldu.

Ulu Öndərin 1993-cü ilin oktyabrında prezident seçilməsindən sonra ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa edildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu, düşmən təcavüzü dayandırıldı, ordu quruculuğuna böyük diqqət yetirildi. Ulu Öndər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdıra bilmişdir. Vətən Müharibəsində bizi Zəfərə aparan yolun başlanğıcında məhz Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanır.

Ulu Öndər Heydər Əliyev eyni zamanda böyük siyasi iradə nümayiş etdirərək  milli dövlətçiliyin, milli mənafelərin qorunmasını hər zaman ilk planda saxlamışdır. Heydər Əliyevin diplomatik bacarığı, beynəlxalq dairələrdəki hörməti Azərbaycanın tez bir zamanda dünya birliyinə inteqrasiyasını təmin etmişdir. Ulu Öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət, beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə yönəlmişdir. Həmin vaxt Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirilməsinə nail olmaq Ulu Öndərin böyük xidmətidir.

Məlum olduğu kimi Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın işğalçılıq siyasəti ilə üzləşmiş və torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur. Məhz zamanında aparılmış bu düzgün siyasət nəticəsində artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin edib. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması isə Ulu Öndər Heydər Əliyevin ən əsas amalı idi.

Sevda Bağırova,
YAP Xətai rayon təşkilatının "Fəzail Bayramov 10" ünvanı üzrə ərazi partiya təşkilatının fəalı