03 oktyabr 2023 00:12
315

Zəfər tarixinin şanlı səhifəsi

Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad edilməsindən 3 il ötür

2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində şanlı üçrəngli bayrağımızı qaldırıb.

1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, Sovet hakimiyyəti illərində Madagiz adlandırılan qəsəbə Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir. Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.

Qəsəbə ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 su elektrik stansiyası yerləşir. Ermənilər Suqovuşanı işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdılar. 49971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun “6-cı müdafiə rayonu” kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Suqovuşanda mövqe tuturdu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb. Daha sonra Ali Baş Komandan həmin dövrdə 1-ci Ordu Korpusuna komandanlıq edən general-mayor Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik edib. Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Suqovuşanın düşməndən azad edilməsi Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz qəsəbəsinin Suqovuşan adlandırılması haqqında” qanun layihəsi Milli Məclisə göndərilib. Layihə parlamentin 2020-ci ilin oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Daha sonra Prezident İlham Əliyev Madagiz qəsəbəsinin Suqovuşan adlandırılması haqqında qanunu imzalayıb. Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz qəsəbəsi Suqovuşan adlandırılıb. Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq Sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

2020-ci ilin oktyabr ayının 3-də erməni işğalından azad olunan Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Talış kəndi əvvəllər Ağdərə rayonunun inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

2 aprel 2016-cı il tarixində Talış kəndinin ətrafındakı strateji yüksəkliklər Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı düşməndən tam geri alınıb. 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri Talış kəndinin ətrafındakı strateji yüksəklikləri ələ keçirmək məqsədilə təxribat törədiblər. Lakin Azərbaycan Silahlı Qüvvələri keçirdiyi əməliyyat zamanı onların qarşısını alaraq pilotsuz uçuş aparatı olan PUA-nı məhv ediblər.

Qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı, Cəbrayıl rayonun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.

Cavid Əkbərov, “İki sahil”